Qərbi Azərbaycanda erməni “sovet” millətçiliyi
XIX əsrin əvvəllərində Şimali Azərbaycanı işğal etmiş Rusiya imperiyasının himayəsi ilə Arazın o tayından köçürülmüş ermənilər üçün İrəvan xanlığının ərazisində “erməni vilayəti”, bunun ardınca İrəvan quberniyası yaradılması gəlmə toplumun Qafqazda “Böyük Ermənistan” xülyasının yolunda yaşıl işıq yandırmışdır. Erməni qriqorian kilsəsinin fitvası ilə siyasiləşmiş erməni hərbi bandaları bu sərsəm və əsassız ideyanı gerçəkləşdirmək üçün yerli türk-müsəlman əhalisinə qarşı davamlı, kütləvi soyqırımı və deportasiya cinayətləri törətmişdir.
Romanovların çar sülasinin hökmranlığına son qoymuş bolşevik hakimiyyəti isə İrəvan quberniyası ərazisinə Zəngəzuru, Dərələyəzi, Göyçəni, Dağ Borçalını da qatmaqla, bütövlükdə, Qərbi Azərbaycan torpaqları hesabına Ermənistan dövləti yaratmışdır. Bununla kifayətlənməyən erməni daşnak hökuməti Naxçıvana və Qarabağa qarşı da iddialar irəli sürmüş, Qərbi Azərbaycanda soydaşlarımızın soyqırımına və zorakı üsullarla sıxışdırılıb çıxarılmasına rəvac vermişdir.
İrəvanda sovet hakimiyyəti qurulduqdan sonra mahiyyəti özgə torpaqlarına yiyələnmək olan “erməni xəstəliyi”nin virusu daha geniş yayılmış, “Böyük Ermənistan” avantürası ermənilərin beynini daha da zəhərləmişdir. Bu məqsədə nail olmaq üçün Ermənistanın türksüzləşdirilməsi yerli dövlət siyasəti kimi gerçəkləşdirilmişdir.
Azərbaycanlılara qarşı tarixi cinayətlər soyqırımı və deportasiya, təqib və təzyiqlər, iqtisadi və mənəvi təhdid siyasəti bütün sahələrdə – azərbaycanlı kadrların tutduqları vəzifələrdən kənarlaşdırılmasında, 1928-ci ildən başlamış kollektivləşmənin gedişində, mədəni-maarif sferasında, türk mənşəli toponimlərin, maddi mədəniyyət abidələrinin adlarının kütləvi şəkildə dəyişdirilərək erməniləşdirilməsində, milli-mənəvi dəyərlərimizin mənimsənilməsində, dini ibadətgahların, məscidlərin, qəbirlərin dağıdılmasında müxtəliv forma və üsullarla həyata keçirilmişdir. Türk mənşəli yer-yurd adlarının dəyişdirilərək erməniləşdirilməsində əsas məqsəd bu ərazilərin azərbaycanlılara məxsus olduğunu tarixin yaddaşından silmək olmuşdur.
1922–1923-cü illərdə qaçqınlıqdan Qərbi Azərbaycana qayıdan 170 mindən artıq azərbaycanlı əhalinin 55 min nəfəri erməni şovinist dairələrinin yaratdığı problemlər nəticəsində yenidən Azərbaycana və başqa ölkələrə üz tutmağa məcbur olmuşdur. Ermənistanın kommunist cildinə girmiş daşnak hakimiyyəti İrəvana geri dönən azərbaycanlıların burada oz doğma yurdlarında məskunlaşmasını müxtəlif vasitələrlə əngəlləmişdir. 1925-ci ildə Ermənistanda 120 min azərbaycanlı yaşayırdı ki, bunun da 6 min nəfəri İrəvan şəhərinin payına düşürdü.
1918-ci ilə qədər Qərbi Azərbaycanda əhalinin əksəriyyətini təşkil edən soydaşlarımızın inqilabdan sonra sayının kəskin şəkildə azalması, ermənilərin isə artımı təkcə İrəvan şəhərində deyil, eyni zamanda, bölgələrdə də ictimai-siyasi, ədəbi-mədəni mühitinə də öz təsirini göstərməyə bilməzdi. Sovet hakimiyyətinin ilk illərində də azərbaycanlıların təqib və təzyiqlərə, deportasiyaya məruz qalması gedişində 1929-cu ildə İrəvana xaricdən 2 min 258 nəfər, 1930-cu ildə 1610 nəfər köçürülmüşdür. Bu ermənilərin yerləşdirilməsi üçün 1929-cu ildə 806, 1930-cu ildə isə 1018 nəfər azərbaycanlı İrəvandan çıxarılmışdır.
Əvvəlki illərlə müqayisədə İrəvanda yaşayan azərbaycanlıların sayı getdikcə azalmağa başlamışdır. Millətçi erməni rəhbərliyi savadlı azərbaycanlılara dözülməz şərait yaratdığı üçün orta məktəblərdə dərs deyən müəllimlər, ziyalılar və digər peşə sahibləri maddi çətinliklərə və mənəvi sıxıntılara dözə bilməyib İrəvanı tərk etmişlər. Əvvəlki illərlə müqayisədə İrəvanda yaşayan azərbaycanlıların sayı getdikcə azalmağa başlamışdır. 1920–1930-cu illərin ortalarından başlayaraq ermənilərin azərbaycanlılara qarşı siyasi-mənəvi soyqırım siyasəti mərhələli şəkildə davam etmişdir. Ermənistanın şovinist hakim dairələri azərbaycanlıların qədim dini və adət-ənənələrinin sıxışdırılması, hətta yasaq edilməsi istiqamətində də ən iyrənc üsullardan istifadə etmişlər.
Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin Ermənistan ərazisinin rayonlaşdırılması haqqında 12 iyul 1929-cu il tarixdə qərarı ilə respublikada 5 qəza və 31 rayon təşkil olunmuşdur. Rayonlaşdırma zamanı bir sıra azərbaycanlılar sıx yaşayan kəndləri parçalamaq məqsədi ilə həmin bölgələri ermənilərin çoxluq təşkil etdiyi rayonların tabeçiliyinə keçirmişlər.
1929-cu ildən başlayaraq kənd təsərrüfatının kollektivləşdirilməsinin həyata keçirilməsi tədbirləri Ermənistanda azərbaycanlılar yaşayan ərazilərdə ən sərt şəkildə tətbiq edilmişdir. Kənd təsərrüfatının yenidən qurulması prosesi zamanı ən yaxşı təsərrüfatçıları “qolçomaq” , “əksinqilabçı”, “şübhəli ünsür” adı ilə saxta ittihamlar əsasında Sibirə və Qazaxıstana sürgün etmişlər. Beləliklə, də kolxoz sədr-lərindən tutmuş MTS siyasi şöbə rəisi və digər yuxarı vəzifələrə ermənilərin təyin olunması, azərbaycanlıların isə sıxışdırılaraq kənarlaşdırılması daha da kütləvi xarakter almışdır.
1930-cu ildə Ağasi Xancyan Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra azərbaycanlılara qarşı təqib və təzyiqlər daha da sərtləşərək amansız xarakter almışdır. Kolxozları möhkəmləndirmək, təsərrüfatları dirçəltmək adı altında, yeni mütəxəssis qüvvəsinə ehtiyac olduğunu bəhanə gətirərək xaricdən ermənilərin Ermənistana kütləvi şəkildə köçürülməsi siyasəti həyata keçirilmişdir. Vaxtilə azərbaycanlıların öz zəhmətləri hesabına qazanmış olduqları var-dövləti, əmlakı müsadirə edilmiş, özləri isə cəzalandırılmışdır.
1931-ci ildə Ermənitan Xalq Komissarları Sovetinin sədri Ter-Qabrielyan Fransada səfərdə olarkən orada nəşr olunan “Bizim yolumuz” adlı qəzetə müsahibə vermiş, səfərinin məqsədini açıqlayaraq Fransada yaşayan ermənilərin bir hissəsinin Ermənistana köçürülməsi niyyətində olduğunu bildirmişdir. Elə həmin ildə Fransadan və Yunanıstandan Ermənistana 17 min erməni köçürülmüşdür.
Sonrakı iki il ərzində Ermənistan rəhbərliyi on minlərlə ermənini qəbul etmək niyyətini elan etmişdir. Xaricdən köçüb gələn ermənilər Tfuda, Ani-Pemzada və Zorakeşdə yerləşdirilmişdilər. 1933–1934-cü illərdə isə Qərbi Azərbaycana daha 8 min 500 erməni köçürülmüşdür. Ümumiyyətlə, 1920-ci ildən 1936-cı ilə qədər xarici ölkələrdən Ermənistana 42 min erməni köçürülmüşdür.
1937–1938-ci illərdə repressiyalarla əlaqədar ermənilərin azərbaycanlılara qarşı təzyiqi müxtəlif bəhanələrlə daha da güclənmişdir. Sovet hakimiyyətinin, o cümlədən müxtəlif vəzifələrdə çalışan erməni şovinistlərinin əli ilə misli görünməmiş repressiyalar həyata keçirilmişdir. Bu, əvvəlki dövrlərdə Azərbaycan türklərinin kütləvi şəkildə sıxışdırılması prosesinin məntiqi davamı idi. Azərbaycanlı ziyalılara türk casusu, panturkist damğası vuraraq onları ya məhv edir, ya da ölkədən qovurdular.
Bu saxta ittihamlar əsasında həmin dövrdə təkcə İrəvan şəhərindən 2 mindən artıq ziyalı repressiya qurbanı olmuşdur. Daşnakxislət erməni kommunistləri azərbaycanlılara qarşı planlı şəkildə “antisovet təbliğatçı”, “sovet hakimiyyətinin düşməni” kimi saxta ittihamlar irəli sürmüşlər. Qondarma ittihamlar əsasında Ermənistanda 60 minə yaxın azərbaycanlı amansız repressiyanın qurbanı olmuşdur. 1936–1937-ci illərin repressiyası zamanı Mikoyan-Yejov-Beriya arayışı əsasında Azərbaycan kəndliləri əksinqilabçı elementlər kimi güllələnmiş, ölkədən qovulmuş, həbs edilmiş, mal-mülkü əlindən alınmışdır.
Azərbaycanlıların sıxışdırılması o dərəcəyə çatmışdır ki, Ermənistan KP MK və eləcə də Ermənistan XKS yanında “Azsaylı xalqlar şöbəsi” ləğv edilmiş, bütün təşkilatları “xalq düşmənləri”ndən təmizləmək adı altında komissiyalar yaratmışdır. Azərbaycanlılara qarşı repressiya o qədər geniş və qəddar xarakter almışdır ki, bu siyasət türkün düşməni olan, lakin SSRİ-də sabitliyin qorunmasına can atan mərkəzi sovet rəhbərliyini də narahat etmişdir. Anastas Mikoyanın və onun əlaltılarının əlinə fürsət düşmüşdür ki, onlar türkləri (həm Ermənistanda, həm də Azərbaycanda) məhv edə bilsinlər.
1940-cı illərdən sonra azərbaycanlılara qarşı aparılan siyasi-mənəvi terrorun yeni mərhələsi başlanmışdı. Azərbaycanlı ziyalıların, müxtəlif idarə və müəssisələrdə, partiya və dövlət orqanlarında çalışan kadrların vəzifələrdən tamamilə kənarlaşdırılması prosesi özünün kulminasiya nöqtəsinə çatmışdı.
Ermənistanın millətçi rəhbərliyi Moskvadakı havadarlarının himayəsi ilə 1947-ci il dekabr ayının 23-də SSRİ Nazirlər Sovetinin “Ermənistan SSR-dən kolxozçuların və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında” qərar qəbul etməsinə nail olmuşdur. O vaxtlar SSRİ Nazirlər Soveti sədrinin müavini olan Anastas İvanoviç Mikoyanın hazırladığı plan əsasında Stalin tərəfindən qəbul edilmiş bu qərar azərbaycanlılara qarşı növbəti tarixi cinayət idi.
Avantürist Nikita Xruşşovun hakimiyyətə gəlməsi Ermənistanda milli ayrı-seçkilik ovqatını daha da gücləndirmişdir. Ermənistanda yaşayan azərbaycanlıların köçürülməsi prosesi bundan sonra da mərhələ-mərhələ davam etdirilmişdir. Mərhələli köçürülmə prosesi ermənilərin uzun illərdən bəri “Türksüz Ermənistan” yaratmaq ideyasına zəmin yaratmış və nəhayət, 1988-ci ildə monoetnik Ermənistan respublikasının yaradılması ilə sonuclanmışdır.
Cəlal ALLAHVERDİYEV,
filologiya üzrə fəlsəfə doktoru, dosent
xalqqazeti.az