GÜNDƏM

Qəhrəman Türk Oğlu Yerbol Barımbetovun xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi

elminfo.az xəbər verir ki, 31 may 2025-ci il tarixində Beynəlxalq Diaspora Mərkəzi (BDM), Qərbi Azərbaycan İcmasının Dərələyəz İcması və Şəhid Ailələri və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyi birgə olaraq, I Qarabağ müharibəsində Azərbaycana gələrək işğalçı Ermənistana qarşı döyüşlərdə şəhid olmuş Yerbol Barımbetovun xatirəsinə həsr edilmiş anım tədbiri keçirdi. Tədbirdə qeyri-hökumət təşkilatlarının nümayəndələri, jurnalistlər, qazilər və şəhid ailələri iştirak edirdi.

Tədbiri giriş sözü ilə açan BDM sədri İsmayıl Ağayev Yerbol Barımbetovun qardaşlarına kömək üçün Azərbaycana gəldiyini, bir neçə dəfə yaralanmasına baxmayaraq qəhrəmancasına döyüşdüyünü və Ulu Öndər Heydər Əliyevin də onu mükafatlandırdığını xüsusi olaraq vurğuladı. O, həmçinin qeyd etdi ki, Yerbol Barımbetovun qəhrəmanlığı Qazaxıstan, Azərbaycan və ümumilikdə bütün türk dünyası üçün bir nümunədir.

Şəhid Ailələri və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin Sabunçu rayon üzrə sədrinin birinci müavini Qızbəs İmran qızı Şirinova çıxışında şəhidlərin ailələrinə göstərilən diqqət və qayğının daim davam etdiriləcəyini bildirdi və Yerbol Barımbetovun timsalında bütün türk dünyasının birliyini simvolizə edən qəhrəmanlığı vurğuladı. O, çıxışında vurğuladı ki, Yerbol Barımbetovun şəhidliyi təkcə Azərbaycanın deyil, bütün türk dünyasının şərəf və qürur mənbəyidir. Qızbəs xanım həmçinin qeyd etdi ki, belə igidlərin xatirəsi daim əziz tutulmalı və gənc nəslə örnək kimi təqdim olunmalıdır.

Yerbol Barımbetovun komandiri omuş kapitan Saleh bəy çıxışında onun döyüş meydanında göstərdiyi cəsarəti və fədakarlığı yüksək dəyərləndirdi. O bildirdi ki, Yerbol daim ön cəbhədə olur, yoldaşlarına dayaq olurdu və heç vaxt geri çəkilmirdi. Saleh bəy vurğuladı ki, belə igidlər sayəsində Azərbaycan torpaqları qorundu və şəhidlər heç vaxt unudulmayacaq.

BDM Mədəniyyət Departamentinin rəhbəri Elmira Hüseynova çıxışında tədbirin həm mədəni, həm də mənəvi dəyər daşıdığını, bu cür tədbirlərin gənc nəsildə vətənpərvərlik ruhunun formalaşmasında mühüm rol oynadığını qeyd etdi.

Texnika üzrə fəlsəfə doktoru, dosent Rəhilə Abdullayeva Abdulla qızı çıxışında şəhid Yerbol Barımbetovun elmi və ictimai dairələrdə də xatırlanmasının vacibliyini qeyd etdi. O bildirdi ki, bu cür tədbirlər gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına mühüm töhfə verir. Rəhilə xanım həmçinin vurğuladı ki, Yerbol Barımbetov kimi qəhrəmanların həyat yolu ali məktəblərdə nümunəvi tədris mövzusu olmalıdır.

Qazi Məmmədov Bəxtiyar Əliağa oğlu, qazi Məmmədova Cəvahir Şükür qızı, BDM departament rəhbəri Həsənov Tofiq Cəmil oğlu, Həziyeva Zəkiyyə Sevindik qızı və digər iştirakçılar çıxışlarında şəhidlərin göstərdiyi qəhrəmanlığın və vətən sevgisinin gələcək nəsillərə örnək olduğunu, Yerbol Barımbetovun adının daim hörmətlə anılacağını vurğuladılar.

Tədbirin sonunda bütün şəhidlərin ruhuna dualar oxundu və xatirə şəkli çəkildi.