YAZARLAR

Qərbi Azərbaycan toponimləri – Görünməz İŞĞAL

Toponimlər – yəni yer adları – xalqın mədəniyyətinin, tarixinin və milli yaddaşının ən mühüm daşıyıcılarından biridir. Toponimlərdə bir millətin yaşayış məskənləri, tarixi hadisələri, coğrafi və dil xüsusiyyətləri əks olunur. Bu səbəbdən, toponimlərin dəyişdirilməsi yalnız sadə ad dəyişikliyi deyil, həm də mədəni və tarixi yaddaşın silinməsi cəhdi kimi qiymətləndirilir.

Ermənilər xarici himayədarlarının köməyilə Cənubi Qafqazda – Qərbi Azərbaycan ərazisində məskunlaşmağa başlayandan sonra tarixən azərbaycanlılara məxsus toponimləri – yer adlarını tədricən dəyişdiriblər.

Bu prosesin əsası İrəvan şəhəri yaxınlığındakı qədim qıpçaq-xristian məbədi olan Üçkilsənin Eçmiədzin adlandırılaraq erməni katalikosluğunun dini mərkəzinə çevrilməsilə qoyulub.

Qərbi Azərbaycan bölgəsi – yəni hazırkı Ermənistan ərazisi – əsrlər boyu azərbaycanlıların yaşadığı coğrafiya olub. XIX əsrdən başlayaraq bu ərazidə ermənilərin kütləvi şəkildə yerləşdirilməsi və sonradan yerli azərbaycanlıların zorla köçürülməsi nəticəsində bölgənin etnik və mədəni tərkibi dəyişdirilib, bu proses tədricən toponimlərə də təsir edib.
Əvvəlcə 1827-ci ildə İrəvan xanlığı rus qoşunları tərəfinən işğal olunub.

1828-ci il fevralın 10-da Rusiya imperiyası ilə İran arasında Türkmənçay müqaviləsinin imzalanmasından sonra on minlərlə erməninin Qərbi Azərbaycana köçürülməsilə bölgənin demoqrafik tərkibi dəyişdirilib. 1828–1830-cu illər arasında təkcə İran və Osmanlı Türkiyəsindən təxminən 130 min erməni Qərbi Azərbaycan ərazisinə gətirilib.

Ermənilər Qərbi Azərbaycan ərazilərində pərakəndə halda yaşamağa başlayandan sonra burada öz dövlətlərini yaratmaq arzusuna düşüblər.

Çar Rusiyası ermənilərin bu arzusunun gerçəkləşməsində onlara böyük dəstək göstərib.

1828-ci ilin yayında Çar Rusiyası işğal olunmuş İrəvan xanlığının ərazisində qondarma “Erməni vilayəti” yaradıb. İrəvan şəhərinin adını isə dəyişib Erivan ediblər.

Qərbi Azərbaycanda toponimlərin dəyişdirilməsi əvvəlcə Çar Rusiyasının, sonra daşnak Ermənistanının (1918-1920), ardınca Sovet İttifaqının (1920-1991) və nəhayət Ermənistan Respublikasının (1992) rəsmi dövlət siyasətinin tərkib hissəsi olub.

Çar Rusiyasının himayəsilə İran və Türkiyədən köçüb gələn ermənilər Qərbi Azərbaycanın ən yaxşı torpaqlarında yerləşdirilib.

Yeni yurd yerlərində məskunlaşan ermənilər az sonra “Dənizdən-dənizə Böyük Ermənistan” yaratmaq xülyasına düşüblər. 1890-cı ildə Tiflisdə “Daşnaksütyun” təşkilatının yaradılması ilə erməni millətçiləri Cənubi Qafqaz ərazisində azərbaycanlı əhaliyə qarşı kütləvi qırğın əməliyyatlarına başlayıblar. Bu qanlı hadisələr uzun illər boyu davam etdirilib.

Nəhayət 1918-ci ildə ermənilər tarixi Qərbi Azərbaycan ərazisində Ermənistan Respublikası adlı dövlət yaratmağa nazil ola biliblər. Bundan sonra türk mənşəli toponimlərin erməniləşdirmə kampaniyası sürətlənib. 1919-cu ilin dekabrında Ermənistan hökumətinin qərarı ilə Daxili İşlər Nazirliyinin nəzdində kəndlərin, şəhərlərin, çayların və dağların adlarının dəyişdirilməsi üçün xüsusi komissiya yaradılıb.

1920-ci ildə Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra – yəni SSRİ dövründə də Qərbi Azərbaycandakı türk mənşəli toponimlərin erməniləşdirilməsi prosesi davam etdirilib.
Nəticədə yüzlərlə şəhər, rayon, kənd, dağ, çay, göl, dağətəyi və digər coğrafi obyektin adındakı Azərbaycan sözləri silinib və erməniləşdirilib.

1935-ci ilədək Ermənistanda 200-ə yaxın yaşayış məntəqəsinin (oykonimlərin) adı dəyişdirilib. 1935-ci ildən etibarən isə yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanları əsasında həyata keçirilib. Sovet hakimiyyəti dövründə Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanları əsasında 1935, 1938, 1939, 1940, 1946, 1947, 1948, 1949, 1950, 1957, 1962, 1968, 1969, 1977, 1978, 1980-ci illərdə addəyişmə tədbirləri həyata keçirilib.

Azərbaycan türklərinin tarixi-etnik torpaqlarındakı izlərini silmək məqsədini güdən addəyişmə tədbirləri əsasən, aşağıdakı qaydada həyata keçirilib:

1. İlk növbədə türklərin soykökü, onun tarixi keçmişi ilə bağlı yaşayış məskənlərinin adlarının (etnonimlər) dəyişdirilməsinə xüsusi diqqət yetirilib. Məsələn, Aşağı Türkmənli – “Lusaqyuğ”, Qorçulu – “Mrqaşad”, Sərdarabad – “Hoktember”, Bayandur – “Vağadur”, Şirvancıq – “Lemakert” və s.

2. Bir çox yaşayış məskənlərinin adları ermənicəyə hərfi tərcümə edilib. Məsələn, Armudlu – “Tandzut”, Daşqala – “Karaberd”, Dərəkənd – “Dzoraqyuğ”, Dərəçiçək – “Tsaxkadzor”, Göl – “Liçk”, Güllübulaq – “Vardaxpuyr” və s.

3. Bəzi yaşayış məskənlərinin adları “beynəlmiləlçilik” və masirləşdirilmə pərdəsi altında dəyişdirilib. Məsələn, Aşağı Necili – “Sayat-Nova”, Çanaxçı – “Sovetakert” və s.

4. Yaşayış məskənlərinin adlarının bir qismi isə cüzi dəyişikliklə, ona oxşar, lakin ermənicələşdirilmiş adla əvəz edilib. Məsələn, Dərabbas – “Darbas”, Dəlilər – “Dalar”, Ələyəz – “Araqats”, Ərəvus – “Arevis”, Gabud – “Kapuyt”, Çırpılı – “Crapi” və s.

No description available.

Erməniləşdirilmiş toponimlərin məqsədi aşağıdakılardır:

1. Milli kimliyin silinməsib – Tarix boyu Azərbaycan türklərinin yaşadığı ərazilərdə onların izlərinin itirilməsi məqsədi güdülüb

2. Tarixi faktların təhrif edilməsi – Azərbaycanın qədim və orta əsrlərə aid izlərinin erməni tarixşünaslığına uyğunlaşdırılması

3. Geosiyasi iddiaların əsaslandırılması – Toponimləri erməniləşdirməklə bu torpaqların “əvvəldən ermənilərə məxsus olduğu” təsəvvürü yaradılır.

1987-1991-ci illərdə Ermənistan ərazisində azərbaycanlı əhaliyə qarşı sonuncu etnik təmizləmə siyasəti həyata keçirilib. Azərbaycanlıların Ermənistandan deportasiyası prosesi 8 avqust 1991-ci ildə Meğri rayonunun Nüvədi kəndinin 357 ailədən ibarət olmaqla 1753 sakininin qovulması ilə tam başa çatdırılıb. Bununla da “türksüz Ermənistan” ideyası gerçəkləşdirilib. Bu hadisə nəticədə Ermənistanın 24 rayonu, 13 şəhəri, 12 qəsəbəsi və 259 kəndindən 300 minə yaxın azərbaycanlı (49,928 ailə) tarixi ata-baba yurdundan qovulub, 216 azərbaycanlı vəhşicəsinə qətlə yetirilib.

Qərbi Azərbaycan icmasının məlumatına görə, son dövrədək indiki Ermənistanda 717 türk mənşəli inzibati-ərazi vahidinin adı dəyişdirilib. Bu məntəqələrin adları “Ermənistan Respublikası ərazisində indiyədək adları dəyişdirilmiş azərbaycanlılara məxsus inzibati-ərazi vahidlərinin siyahısı”nda öz əksini taplb.

Məsələn, Allahverdi rayonu – “Tumanyan”, Hamamlı – “Spitak”, Zəngibasar – “Masis”, Çəmbərək – “Krasnoselo”, Ağbaba – “Amasiya”, Düzkənd – “Axuryan”, Karvansaray – “İcevan”, Şəmşəddin – “Tauş”, Əştərək – “Aştarak”, Ellər – “Kotayk”, Basarkeçər – “Vardenis”, Kəvər – “Kamo”, Qəmərli – “Artaşat”, Vedi – “Ararat”, Keşişkənd – “Yeğeqnadzor” və s. adlandırılıb.

7 noyabr 1995-ci ildə Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında yeni qanun qəbul edilib. Ermənistanın yeni inzibati-ərazi bölgüsünə əsasən həmin vaxtadək mövcud olan rayonlar üzrə bölgü ləğv edilib, əvəzində 11 vilayət (marz) yaradılıb: Şirak, Lori, Tavuş, Araqadzon, Kotayk, Geğarkunik, Armavir, Ararat, Vayotsdzor, Sünik, İrəvan.

İndi adları erməniləşdirilən rayonlar bu vilayətlərin tərkibinə daxildir.

Ermənilər toponimlərlə (yer adları) yanaşı, hidronimlərin (çay, göl, bulaq və s.) və oronimlərin (dağ, dərə, aşırım, düzənlik və s.) adlarının dəyişdirilməsi prosesini də həyata keçiriblər.
Məsələn, Göyçə gölü “Sevan”, Zəngi çayı “Hrazdan”, Alagöz dağı “Aragats” adlandırılıb.

Qərbi Azərbaycan toponimlərinin erməniləşdirilməsi uzunmüddətli, məqsədli və sistemli bir assimilyasiya siyasətinin tərkib hissəsidir. Bu məsələ təkcə keçmişlə bağlı deyil, həm də gələcəyə yönəlik ciddi nəticələr doğurur. Ona görə də Azərbaycan gəncliyinə bu tarix öyrədilməli, beynəlxalq aləmdə bu mövzu daim gündəmdə saxlanılmalı, tarixi xəritələr, sənədlər və fotoşəkillər vasitəsilə sübutlar yayılmalıdır.

A.Zeynalov
Yazı “Əqli Mülkiyyətçilərə Kömək” İB-nin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi “Erməni plagiatlığının izləri: Əqli mülkiyyət terroru” layihəsi çərçivəsində hazırlanıb.









Mənbə: Turkustan.Az