Qaqauziya vә qaqauz türklәri
‘‘Türk dilinin sehirli dünyası’’ proqramının bu günkü hissәsindә Qaqauziya vә qaqauzlar haqqında danışacağıq
‘‘Türk dilinin sehirli dünyası’’ proqramının bu günkü hissәsindә Qaqauziya vә qaqauzlar haqqında danışacağıq.
Tədqiqatçılar qaqauzların türk toplumu olduğu mövzusunda həmfikirdirlər, lakin onların hansı türk toplumuna mənsub olduqlarına dair iki fərqli baxış var. Bunlardan biri də qaqauz türklərinin polietnik və ya çoxmillətli olmasıdır. Digəri isә monoetnik olmasıdır. Polietnik baxışa görə qaqauz türkləri peçeneqlər, oğuzlar və kumanlar nәslindәndir. Monetnik baxışa görə, isә qaqauz türklərinin kökləri Səlcuqlara və bolqarlara gedib çıxır. Polietnik baxışı müdafiə edənlər qaqauzların inanc sisteminə diqqət çəkәrәk onların hazırda yaşadıqları bölgәyә Türküstan coğrafiyasından, rus çöllərini keçərək gəlmiş ola biləcəklərini vә bu sәbәbdәn xristian dininin tәsiri altına düşmüş ola bilәcәklәrini bildirir. Monoetnik baxışı dәstәklәyәnlәr isә qaqauzların İrandan gәlmiş ola bilәcәyini irәli sürürlәr. Qeyd etmәliyik ki, türk tayfaları öz ata-baba yurdlarından Şərqi Avropaya köç edərkən iki əsas yol tutmuşlar. Bunlardan biri indiki Rusiyanın cənubundan, ikincisi isə İrandan keçir.
Qaqauzlar Osmanlı dövründə Şimal-Şərqi Bolqarıstanda yaşayırdılar. Lakin 1734 – 1739 və 1768 – 1774-ci ilərdə baş verən Osmanlı-Rusiya müharibələri nəticəsində Osmanlı İmperiyasının bu torpaqlardan çıxmağa başlaması ilə qaqauzlar Bessarabiyaya köç etməyə başlayıb. Bu köç dalğası 1811-ci ilәdәk fasilәlәrlә davam edib.
Qaqauzların topluluq olaraq mövcudluğu XI əsrə təsadüf etsə də, XVIII əsrin birinci yarısına qədər qaqauz adına heç bir tarixi və ədəbi mənbələrdə rast gəlinmir. Qaqauz adına ilk dəfə Moldova və Ukraynanın bəzi hissələrinin daxil olduğu, Osmanlı hakimiyyəti altında olan, lakin 1812-ci ildә imzalanmış Buxarest müqaviləsi ilə Rusiya İmperiyasının tərkibinə daxil olan Bessarabiya bölgəsində 1817-ci ildә aparılan siyahıyaalma sənədlərində rast gәlinib.
Qaqauzlar adlarını böyük ehtimalla Səlcuq sultanı II Keykavusun adından götürüblər. XIII əsrin ortalarında Bizans imperatoru Mixail Paleoloqun xahişi ilə Keykavus slavyanların Bizansa basqınlarını dayandırmaq üçün Anadoludan Balkanlara bir neçə min nəfərlik qoşun göndərib. Keykavusun göndərdiyi bu səlcuqların slavyan mühitində dinlərini dəyişərək xristianlığı qəbul etdikləri və Keykavus adının zamanla qaqauz olaraq dәyişdiyi düşünülür.
Bu gün qaqauz türkləri əsasən Moldovanın Qaqauz Muxtar Vilayətində yaşayırlar. Bu bölgədən başqa Ukraynanın cənub-qərbində, Bolqarıstanda, Dobrucada və Qafqazda qaqauzların yaşadığı bildirilir. Qaqauz Muxtar Vilayəti 20 avqust 1990-cı ildə yaradılıb və Moldovanın cənubunda yerləşir. Bu muxtar vilayət 1994-cü ildə Moldova hökuməti tərəfindən tanınıb və həmin tarixdə bağlanan müqavilə ilə muxtar status alıb. Paytaxtı Komrat şəhəridir. Qaqauzlar xristian dinini qəbul etmiş türklərdir və ümumi əhalisi 500 min civarındadır.
https://www.trt.net.tr/