ANALİTİK MƏQALƏLƏR

Qara/Kara çayı və eyni dəniz adının etimoloji mənşəyi

Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi

Əski Türk qəbilə-tayfa birliklərinin tarixi yurdlarının coğrafiyası sırasında Avrasiya materikinin şimal hissəsi (66-74 dərəcə şm.enlikləri arası), daimi buz örtüklü okean-dəniz sahili ərazilər Ağ (Bəyaz) Türklərin daimi yurt yeri, tarixən məskunlaşma arealı kimi xüsusi yer tutmuşdur. Bu bölgələrdə kökənli əhalinin dayanıqlı, həmişəyaşar etno-morfoloji gələnəkləri ilə yanaşı, ərazinin toponimik sistematikasında da doğma dil-danışıq üslubunun, filoloji struktur mənasının, etnogenetik irs-qan yaddaşının… qorunub saxlanılmasına diqqət yetirilmiş, səciyyəvi yer-landşaft örtüyünün adları bu xüsusda istisnalıq təşki etməmişdir.

Bu mənada Şimal Buzlu okeanı əhatəsinin zəngin hidroqrafik şəbəkəsinə aid olan Qara/Kara çayı və eyniadlı dənizin hidrotoponimik təhlilinə diqqət yetirmək elmi-nəzəri, tarixi-coğrafi, etno-morfoloji, dini-fəlsəfi…düşüncə baxımından əhəmiyyətlidir, vacibdir. Quzey bölgələrin sakinləri olan Bəyaz/Ağ Türklərin məskunlaşma coğrafiyası kimi bu bölgənin hidronimləri (Avropa qitəsinin şimal hissəsində Ağ/Bəyaz dəniz toponimi daxil) sırasında Qara/Kara sözkökü üstünlük təşkil etməklə, ümumilikdə Türk dünyası coğrafiyasının hüdudlarının ifadəsi və geniş yayılmış coğrafi termin/toponim kimi də qiymətləndirilir.

Haşiyə. Altay/Türk dil ailəsinə mənsub xalqların elmi-ədəbi salnamələrində “Qara” sözkökü ilə yaranan hidronimlərə daha çox rast gəlinir. Mərkəzi Asiyada (Qırğız və Özbəkistan respublikaları ərazisində) Qara-Dərya çayı (Sır-Dərya çayının sol qolu), sıldırımlı, dərin, dar dərələrlə parçalanmış Altay dağlarında, Qatı/Qarnı-Yarıq aşırımı yaxınlığından axan Qara-Özək çayı (“suu Qara-Özək”), Doğu Qazaxstanda Qara-oba çayı (İrtış çayının qolu), Ob çayı hövzəsində Qara çayı, bu çayın sol sahilində Qara şəhəri (Təbriz şəhəri yaxınlığında)….bu qəbildən olan coğrafi adların etno-morfoloji təhlilində ilk növbədə kökənli xalqların milli-tarixi irs-qan yaddaşının kökləri nəzərə çarpır…

Türkdilli hidronim olan İrtış (“İr”,”Yer”-“torpaq”, “tış”-“yarıb keçən” mənasındadır) çayının sağ qolu Qara çayı da var, sol sahilində isə Qara şəhəri yerləşir.

Bir sıra tədqiqatçıların fikrincə, Şimal Buzlu okeanı hövzəsinin quru örtüyünün bir hissəsini tutan Yamal-Nen Milli Mahalının inzibati ərazi hüdudlarındakı Qara/Kara çayı və eyni adlı dəniz əski Qara/Kara adlı tayfa-qəbilə, soykökünü ifadə edir. İlk dəfə “Qara/Kara” toponimi Böyük Şimal ekspedisiyasının nəticəsi olaraq tərtib edilmiş xəritədə V.M.Selifontov tərəfindən 1736-cı ildə qeyd edilmişdir. Şimalın yerli əhalisi (fin/uyğurlar, yamal, nen/hun və xantilər, dolqanlar…) ilə çar Rusiyanın qədim Türkdilli xalqlarının (əsasən mərkəzi hissədə yaşayan Tatarların…) milli-etimoloji və dil-soykökü eyniliyi nəzərə alınaraq onlar həm də “Şimal Tatarları” və ya “Tartar/Tərtər” (hollandiyalı kartoqraf Nikolaas Vitsen (1641-1717) 1692-ci ildə Amsterdam şəhərində çap etdirdiyi “Şimal və Şərqi Tartarlar” kitabında və xəritəsində, ingilis coğrafiyaşünası Edvard Uellsin (1667-1727) xəritəsində…) kimi adlandırılmışdır.

Adı çəkilən N.Vitsenin əsəri 1950-ci ildə V.Q.Trisman (1901-1982) tərəfindən rus dilinə tərcümə edilib.

“Qara/Kara” hidroniminin (istər eyniadlı dəniz və çaya aid olmaqla) filoloji təhlili, leksik-fonetik strukturunun etnogenezisi baxımından qutb tədqiqatçısı, SSRİ EA-nın müxbir üzvü V.Y.Vizenin (1886-1954) mülahizəsi (“Şimal en dairəsi yaxınlığında yerləşən Qara/Kara dənizinin adı Nen xalqının milli lüğətindəki “xare” (“xarlanmış buzlaq”) sözündən yaranmışdır”) maraq doğurur (qarın, buzun xarlanması, dənəvərlənməsi hava şəraitinin soyuqluğuna nişanə olan təyini söz birləşməsidir).

Ümumiyyətlə, Altay dil ailəsinə mənsub Türkdilli xalqların milli-mənəvi və filoloji-qramatik irs nümunələrində “Qara/Kara” sözkökü ilə başlanan orfoqrafiya lüğəti həm də fərqli anlamları əks etdirir. Yəni, əski Türk dillərində “qara” kəlməsi “böyük”, “uca”, “yüksək”…mənasındsa işlənilsə də, bəzi etnik tayfa-qəbilə birliklərində başqa məna kəsb etmiş, arxaik tutuma yiyələnmişdir.

Şimal qutb dairəsinə yaxın enliklərdə yerli xalqların tarixi-coğrafi şəraitini, etnogenetik, etnomilli irsini, milli-mənəvi zənginliyini tədqiq edən tədqiqatçılar (S.Barrou, N.Vitsen, J.Kampedon, E.Yaunqad, L.Şubin (Plexan), A.Palitsın…) Ağ/Bəyaz Türk tayfa birliklərinin nəsil, şəcərə qolları sırasında Nen/Hun tayfa-qəbilələrinin Qara/Kara soyu ilk növbədə “qalın buz örtüyünə bürünmüş ərazidə yaşayanlar”ı təmsil etmişdir. “Qara/Kara” sözkökünün etimoloji təhlilində başqa bir təhlildə Nenlərin “Xare/Kare” sözünün mənasını ifadə edən “xarlanmış, dənəvərləşmiş buz örtüyü” anlamını da nəzərə almaq olar.

Beləliklə, hər iki halda Qara/Kara toponimi soyuq iqlim, qütb şəraitində yaşayan etnosa şamil edilməsi anlamını özündə ehtiva edir.

Ağ/Bəyaz Türklərin lüğətində geniş yer tutan və hidroqrafik struktur vahidlərinə aid edilən adlar ümumtürk dialektlərində doğmalığı ilə seçilir:

-Nen dilində “yaxa”-axar, çay, “yam”-körfəz, böyük çay, “se”-çayın qolu, “tas”-su ilə dolu ərazi, “to”-göl…., Xantı dilində “yexan”-çay mənasındadır.

Ob çayının yuxarı axarında, İrtış çayı hövzəsindəki Vasyuqan bataqlığı və düzənliyinin etimoloji mənşəyində “Yexan” sözkökü əsas götürülüb (əski Türkdillərində “Ob”-çay mənasındadır). Qara/Kara dənizinin dar, uzun körfəzlərindən bir, Ob çayının dənizə qovuşan hissəsi “Ob qubası” adlanır (“quba”-“dodaq dəyən yer” anlamını verir).

Qütbətrafı enliklərdə və şimal qütb dairəsi yaxınlığında yaşayan köçəri, əski Türkdilli qəbilə-tayfalar sırasında Nenlər, Xanti və Mansilər, Dolqanlar…sakral dini-fəlsəfi inanclarını əks etdirən daşüstü rəsmlər və ağac təsvirləri Mərkəzi Asiyada qədim Orxon-Yensey daş kitabələrinin kalliqrafik naxışları ilə eyniliyi Qara/Kara dənizindəki Ağ adada (Yamal yarımadasının şimalında) Sar İri (“nəhəng baş daş”) təpəsində rast gəlinən müqəddəs yerdə ifadə olunmuşdur. Nen dilində sakral yerlərə, müqəddəs Ruhların uyuduğu torpağa, Ruhların “adası”na-“xebudya ya”, “xexe ya”, “xexe o” deyilir.

Nenlərin sakral məkanlarından olan Vayqaç adasını (“Allah evi”ni, başqa adı Xabdeya, Xabidya) Yeni Torpaqdan Qara/Kara qapısı-darvazası (uzunluğu 33 km, eni 50 km, ən dərin yeri 230 m-dir) ayırır, bu ada yerli xalqın Məkkəsi hesab edilir, dini-mistik inanclarına görə onların xüsusi kastası-“Allah ürəyi” (“Xex-Sey”), yəni, “müqəddəs yerlərin mühafizəçiləri” bu adada yaşayıblar. Qeyd etmək lazımdır ki, bu ada Türk dünyasının şimalında ən qədim (Daş dövrünə aid olan) insan yaşayış məskəni (əski Saamların) hesab edilir.

Nenlərin-Saamların inancına görə Göy Allahı-Num, Yeraltı dünya Allahı-Nqa adlanır. Şimal qütb və qütbətrafı enliklərinsakral dünyagörüşünün və dünyadərkinin fəlsəfi yozumu olaraq Ağ/Bəyaz Türklərin coğrafi məkanları sırasında su hövzələrinə (dənizlər, çaylar, göllər, körfəzlər, kanyonlar, buzlaqlar…) aid hidronimlər həm də Müqəddəslik, İlkinliyə tapınma rəmzi daşımışdır.

Ağ/Bəyaz Türklərin sakral, dini-fəlsəfi məna kəsb edən inancları Haqqın dərgahında qulolma anlamını, təmənnasız itaətkarlığı ifadə edir, Sar İri qayalığında ağ ayıların, qütb marallarının Qurban kəsilməsi mərasimləri indi də keçirilməkdədir.

Şimal yarımkürəsinin ən ucqar hissəsində (77 dərəcə 43 dəqiqə şimal en dairəsində) yaşayan Türkdillilərdən Dolqan icması (Dolqan-Nen Milli Rayonu) üçün də Taymır yarımadası və Qara/Kara dənizi hövzəsi doğma, kökənli coğrafi məkandır. Hövzənin etnomilli toponimləri sırasında Xutudabiqa, Atta çayları, Kosatürkü və Nadudotürkü gölləri… kimi hidronimlərin mənşəyində ilk növbədə əski soyköklərinin Ruhu və Mistik inanclarının ifadəsi köklənib.

R.S. BMT-nin Mənzil-Qərargahında Daimi Forumun 15-26 aprel 2024-cü il tarixli günlərdə keçirilən 23-cü sessiyası azsaylı, amma kökənli xalqlara həsr edilmişdir. Həmin tədbirdə Rusiya Federasiyasını Yamal-Nen və Xantı-Mansi Muxtar dairələrinin nümayəndələri iştirak etmişlər. Hesabatda bildirilir ki, dünyanın 90 ölkəsində 476 milyon nəfər kökənli xalqların üzvü yaşayır, Yer kürəsinin 7 min dil vahidini yaşadır və dünya əhalisinin 6,2%-ni təşkil edir.