Qarabağın susqun salnaməsi – KURQANLAR
Əkbər QOŞALI
2021-ci ilin bu vaxtları olardı – tanınmış ictimai xadim Vüqar Tofiqli Milli Məclisin Mədəniyyət Komitəsinin o vaxtkı sədri Qənirə Paşayeva ilə taleyüklü bir mövzuda görüş üçün müraciət etmişdi; tezliklə keçirilən görüşdə mən də iştirak edirdim və mövzu Sultanbud kurqanı öndə olmaqla, Ağdam Çörək Muzeyi və digər mədəni irs abidələrinin taleyi ilə bağlı idi. Qısa kəsim, görüşdən həmən sonra məktub yazıldı, Komitə sədrinin imzası ilə aidiyyatı qurumlara göndərildi. AMEA-nın müvafiq institutu adından gələn rəyi yaxşı xatırlayıram – akademik səviyyədə təsdiq olunmuşdu ki, sözügedən kurqan nəinki Qarabağda, nəinki Azərbaycanda, bütövlükdə Güney Qafqazda ən qədim kurqandır və qorunması elmi olduğu qədər də milli məzmun daşıyır. Çün, İslam dini abidələrinin yaşı bəlli tarixə dayanır; xristian dini abidələri isə əslsiz olsa belə, hələ də ermənilərin iddiasına məruz qalır; kurqanlara gəldikdə, onlar sözü (adı), özü bizim ulu dədələrə aid olub, hər hansı erməni-merməni iddiasına ayaq yeri tanımır.
Şükürlər olsun, sonra Dövlət Baba məsələyə əl qoydu və Sultanbud kurqanı çevrəsində gərginlik aradan qaldırıldı. Bir neçə həftə öncə isə Millət vəkili Prof.Dr. Hikmət Babaoğlu Məclisdə kurqanlarla bağlı diqqətəlayiq çıxış elədi – çox sağ olsun.
Bizim bu yazıda kurqanlarımıza üz tutmağımızın heç də havadan olmadığını bildirməkçün belə bir bilgiləndirici giriş yetərli olar deyə düşünürəm.
Bəli,
Azərbaycanın işğaldan azad edilmiş əraziləri, özəlliklə də Ağdam eli, təkcə çağdaş tariximizin deyil, həm də qədim dönəmlərin izlərini daşıyan zəngin arxeoloji abidələrlə doludur. Bu abidələr arasında kurqanlar – qədim türksoylu sak və skif (toxar/tur) boy, qol və ya tirələrinin mədəniyyətini əks etdirən (necə deyərlər) yaral torpaq yığınları – özəl yer tutur.
Tarixin səssiz tanıqları deyə biləcəyimiz, Qarabağda yerləşən bir sıra kurqanları xatırlayaq:
-Sultanbud (Soltanpud), Əfətli, Alıbəyli, Küllütəpə, Hindarx kurqanları və b.
Pazırıq kurqanları ilə Bərdə-Əfətli kurqanlarının ümumi cəhətləri etno-mədəni mənsubiyyətlə bağlı olub, sak-skif-türk kimliyi daşıyır.
Dünyanın ən qədim xalçası – Pazırıq xalçası Bərdədə toxunmuş və Altaya aparıldığı yaxud göndərildiyi ehtimal edilən xalçalardandır.
Pazırıq xalçası və Bərdə sənətkarlığı arasındakı bağlantılara diqqət edəlim.
-Rəng kodları və ornamentika:
Pazırıq xalçasında istifadə olunan simvol və naxışlar Azərbaycan xalçaçılığında – özəlliklə Bərdə-Qarabağ məktəbində rast gəlinən motivlərlə üst-üstə düşür – qoçbuynuzu, göyərçin qanadı, səkkizguşəli ulduz və s.
-Texnika və ipək tərkibi:
Pazırıq xalçasının düyün sıxlığı və toxunma texnikası Azərbaycan xalçaçılığının yüksək səviyyəli örnəkləri ilə eynidir.
-Tarixi ipucları:
Bəzi rus, türk və Avropa araşdırmaçıları Pazırıq xalçasının Güney Qafqazdan – Bərdə və ya Təbriz-Şuşa xəttindən gətirildiyini ehtimal edir. Bu isə həm ticarət, həm də kültür daşıyıcılığı anlamında önəmli olaydır.
Belə demək qüsur sayılmazsa, soruşaq – bəs kurqanlararası mədəni axın haqqında nə deyə bilərik?
Kurqanlar – bir mədəniyyətin yalnız dəfn ayinlərini deyil, həm də yaşayış tərzini, sənətkarlığını və inanc sistemini özündə əks etdirən kompleks abidələrdir. Əgər Bərdədən Altaylara xalçanın aparılması baş veribsə, bu, iki mədəniyyət bölgəsi arasında etnosentrik və ticari bağların olduğu anlamına gəlir.
Bu bağlantılar həm də “Böyük Avrasiya mədəniyyət körpüsü” modelini dəstəkləyir – Altay, Türküstan, Qarabağ, Naxçıvan və Urmiya hövzəsi boyunca uzanan qədim türk mədəni arealının arxeoloji sübutudur.
Bəs yeni ipuçları olaraq, önəri olaraq hansı vurğular, toxunuşlar edə bilərik?
-Xalça liflərinin DNT analizləri ilə məkan təyini;
-Boya komponentlərinin kimyəvi müqayisəsi – eyni boya növləri (şəbb, çörəkotu, nar qabığı və s.) Pazırıq və Qarabağ xalçalarında varsa, mədəni körpü təsdiqlənə bilər;
-Arxeoloji topoqrafik xəritə:
Qarabağdan Altaya doğru qədim yolların və kurqanların yerləşdiyi marşrutun xronoloji rekonstruksiyası.
Ağdam, ümumən Qarabağ ərazisindəki kurqanların Altay və Türküstan kurqanları ilə müqayisəli təhlili, Azərbaycanın qədim Avrasiya mədəniyyətində aparıcı rol oynamış bir mərkəz olduğunu sübut edən elmi əsaslar yaradır. Pazırıq xalçasının “Azərbaycanlı izləri” bu mənzərəni daha da zənginləşdirir.
Kurqanların tarixi və mədəni önəmi
Kurqanlar, qədim sak və skif boylarının dəfn gələnəklərini və mədəniyyətlərini əks etdirən önəmli arxeoloji abidələrdir. Bu kurqanlar, e.ö. I-V minilliklərin tunc və dəmir dönəmlərinə aiddir. Onların araşdırılması Azərbaycanın qədim tarixinin və etnogenezinin öyrənilməsi baxımından böyük önəm daşıyır. 
Örnəyi, Əfətli kəndindəki kurqanda aparılan qazıntılar zamanı qədim insanlara xas məişət küplərində taxıl qalıqları aşkar edilib (dünyada yeganə qədim buğda dənəsi, daşlaşmış formada Ağdamda, Boyəhmədli kəndində tapılıb) və bu tapıntılar əsasında Ağdamın qədim od dəyirmanında “Çörək Muzeyi” yaradılmışdı – insanlıqdan, mədəniyyətdən nəsibini almamış, çörəyi dizinin üstdə olanların işğal illərində dağıtdığı muzeyi deyirəm… 
Qorunma və araşdırma zərurəti
Təəssüf ki, bu kurqanlar – o cümlədən dövlət qeydiyyatında olan bəzi kurqanlar (erməni işğalı yaxud bolşevik işğalı sonucunda) zaman-zaman dağıntılara məruz qalmış, bəziləri isə tamamilə məhv edilmişdir.
Hazırda qeydiyyatda olan kurqanların bəzisi artıq sıradan çıxmışdır…
Bu səbəbdən, kurqanların qorunması və araşdırılması üçün müəyyən tədbirlərin görülməsi vacibdir. –
1. Kurqanların elmi əsaslarla tədqiqi və sənədləşdirilməsi üçün arxeoloq və etnoqrafların qatılımı ilə genişmiqyaslı qazıntı işləri aparıla bilər;
2. Mövcud kurqanların qorunması üçün müvafiq hüquqi və fiziki tədbirlər görülə, onların çevrəsində qoruq zonaları yaradıla bilər;
3. Kurqanların tarixi önəmi barədə ictimaiyyətin bilgiləndirilməsi və bu abidələrin turizm marşrutlarına daxil edilməsi mümkündür.
Beləliklə,
Ağdam və çevrə ərazilərdə yerləşən kurqanlar, Azərbaycanın qədim tarixinin, mədəniyyətinin öyrənilməsi baxımından əvəzsiz qaynaqlardır. Bu abidələrin qorunması və araşdıtılması, milli kimliyimizin, tariximizin daha dərindən anlaşılmasına xidmət edəcəkdir. 
Kurqanların hər birinin dəqiq koordinatları və araşdırma sonucları ilə bağlı bilgilərin toplanması, ictimaiyyətə təqdim edilməsi, onların önəminin daha geniş auditoriyaya çatdırılmasına kömək edəcəkdir.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Mənbə: Turkustan.Az