GÜNDƏM

Qardaşlıq və həmrəyliyin bariz nümunəsi

Azərbaycan 30 ilə yaxın işğal altında qalan Qarabağ torpaqlarını azad etdikdən sonra qarşısında dayanan əsas çağırışlardan biri – regionun yenidən qurulması və bərpası oldu. Bu mühüm və məsuliyyətli prosesdə Azərbaycanın tək olmadığını sübut edən ilk dövlətlərdən biri Özbəkistan Respublikası oldu. Bu həm siyasi həm də mənəvi baxımdan iki qardaş xalq arasındakı sarsılmaz əlaqənin bariz nümunəsinə çevrildi.

Azərbaycan dövləti Özbəkistanın bu sahədə göstərdiyi köməyi yüksək qiymətləndirir. Prezident İlham Əliyevin 2025-ci il iyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatında deyib ki, Qarabağın bərpasına göstərdiyi köməyə görə xüsusi minnətdarlığımızı ifadə edirik: “Özbəkistan bu sahədə birinci ölkə, öz təşəbbüsü ilə Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən Prezident Mirziyoyev isə dünyada ilk lider olub. Sosial təhsil infrastrukturunun ilk obyekti məhz Özbəkistanın tikdirdiyi məktəbdir və mən Şavkat Miromonoviç ilə onun açılışını etmişik. O, özbək xalqının böyük oğlu Mirzə Uluqbəyin adını daşıyır və burada öz əcdadlarının torpağına qayıdan uşaqlar təhsil alırlar”. Özbəkistan Qarabağın bərpasına yardım göstərən ilk ölkə, onun Prezidenti Şavkat Mirziyoyev isə bu təşəbbüsü ilk irəli sürən və reallaşdıran dövlət başçısı olub. Bu addım, sadəcə dostluğun ifadəsi deyil, eyni zamanda praktiki dəstək, təşəbbüskarlıq və siyasi iradə nümunəsi kimi qəbul edilir.

Özbəkistanın təşəbbüsü ilə Füzuli şəhərində inşa olunan və Mirzə Uluqbəyin adını daşıyan məktəb Qarabağın bərpasında sosial və humanitar infrastrukturun ilk real layihələrindən biri oldu. Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bu məktəbin birgə açılış mərasimində iştirak ediblər. Bu həm də siyasi liderlərin öz xalqları qarşısında verdiyi vədlərə sadiqliyinin göstəricisidir.

Bu təşəbbüs, sadəcə bir məktəbin tikintisindən ibarət deyil. Bu, həm də bərpa dövründə humanitar həmrəylik, türk dünyasında qarşılıqlı dəstək ruhu və qeyri-şərtsiz dostluğun təzahürüdür. Azərbaycan xalqı bu addımı heç vaxt unutmayacaq və Özbəkistanın yanında olduğunu hər zaman göstərməyə hazırdır.

Qarabağ bölgəsinin bərpası təkcə infrastrukturun yenidən qurulması ilə deyil, həm də orada dayanıqlı iqtisadi və sosial həyatın formalaşdırılması ilə mümkündür. Bu çətin və strateji əhəmiyyətli prosesdə Azərbaycanın yaxın dostu və qardaşı olan Özbəkistan Respublikası, həm mənəvi, həm də praktiki dəstəyi ilə ön sıralarda yer almaqdadır. Füzuli şəhərində tikilən məktəbdən sonra Özbəkistanın təşəbbüsü və sərmayəsi ilə Xankəndi şəhərində yaradılan tikiş fabriki bölgənin iqtisadi canlanmasında mühüm rol oynayır.

Erməni işğalından azad edilmiş ərazilərdə reallaşdırılan ikinci əsas layihə, Xankəndi şəhərində fəaliyyət göstərən tikiş fabrikidir. Bu müəssisə, Özbəkistan tərəfindən yatırılan sərmayə və gətirilmiş texnologiyalar sayəsində artıq fəaliyyət göstərir. Cənab Prezident çıxışında bu haqda da danışaraq bildirib ki, erməni işğalından azad edilmiş ərazilərdə ikinci mühüm layihə isə Xankəndi şəhərindəki tikiş fabrikidir: “Yenə də özbək qardaşlarımızın sərmayələri və texnologiyaları sayəsində bu gün 200-dən çox insanın çalışdığı müəssisə yaradılıb və gələcəkdə orada çalışanların sayı dəfələrlə artacaq. Yəni bu, sosial infrastruktura, sənaye istehsalının yaradılmasına yardım göstərilməsi, eyni zamanda, əhalinin məşğulluğunun təmin edilməsidir. Biz buna görə çox minnətdarıq və bunu çox yüksək qiymətləndiririk”. Gələcəkdə bu fabrikdə çalışanların sayının bir neçə dəfə artacağı proqnozlaşdırılır. Bu isə Xankəndidə iqtisadi aktivliyin və sosial sabitliyin bərpa olunmasında vacib rol oynayacaq.

Qarabağın bərpasında Özbəkistanın göstərdiyi dəstək – təkcə maddi deyil, həm də mənəvi bir dayaqdır. Bu addım dövlətlərarası münasibətləri daha da gücləndirir və regionda uzunmüddətli sabitlik və əməkdaşlıq üçün möhkəm zəmin yaradır. Azərbaycan və Özbəkistan arasında qurulan dostluq körpüsü, artıq konkret əsərlərlə, məktəblərlə, infrastruktur layihələri ilə tarixə həkk olunmaqdadır.

Bu cür layihələr Özbəkistanın sadəcə dostluq jesti deyil, həm də müdrik və uzaqgörən siyasətinin təzahürüdür. Sosial layihələr vasitəsilə Qarabağın iqtisadi-sosial infrastrukturunun yenidən qurulmasına edilən töhfə, bölgənin beynəlxalq investorlar üçün də nümunəvi bərpa modelinə çevrilməsinə səbəb olur.

Azərbaycan dövləti bu dəstəyi yüksək qiymətləndirir və Özbəkistanın bu cür təşəbbüslərinin beynəlxalq miqyasda nümunəolduğunu dəfələrlə qeyd etmişdir.

Füzulidə məktəb, Xankəndidə isə tikiş fabriki – bunlar təkcə fiziki obyektlər deyil, qardaşlıq ruhunun, qarşılıqlı etimadın və strateji əməkdaşlığın rəmzləridir. Özbəkistanın Qarabağın bərpasında iştirakı iki ölkə arasında dostluğun möhkəmləndirilməsi ilə yanaşı, Cənubi Qafqazda sülh və inkişafın təməlini qoyur. Bu cür təşəbbüslər Qarabağın gələcəyinin dayanıqlı, firavan və güclü olacağına olan inamı artırır.

 

Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin rektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent