Qusman: Ermənistan konstitusiyasına dəyişiklik edilməsinin zəruriliyi ilə bağlı mövqe düzgün və ədalətlidir
Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın öz konstitusiyasına dəyişikliklər etməli olması ilə bağlı mövqeyi düzgün və ədalətlidir.
Bunu “Report”a Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Şuşada deyib.
“Konstitusiyasında ölkənizə qarşı ərazi iddiaları olan bir ölkə ilə necə sülh müqaviləsi bağlaya bilərsiniz? Bu, tam ziddiyyətdir”, – o bildirib.
Qusman əlavə edib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın bunu artıq başa düşdüyünü göstərən məlumatlar görüb: “Bunun bütünlükdə Ermənistan cəmiyyətinin dəstəyini qazanmaması başqa məsələdir. Çünki bu, Ermənistan hakimiyyətinin işidir”.
“Prezident İlham Əliyevin mövqeyi aydındır, bu, tamamilə obyektivdir və beynəlxalq reallıqlara uyğundur”, – deyən Qusman qeyd edib ki, Ermənistan bu addımı atacaq.
“Bu, gec-tez baş verəcək. Çünki sülh etmək istədiyiniz ölkəyə qarşı konstitusiyanızda ərazi iddiası ola bilməz. Bu, mümkün deyil. Bu o deməkdir ki, Azərbaycanla Ermənistan arasında sülh olmayacaq və bu, yalnız Ermənistanın özü üçün pisdir. Ermənistan məğlub ölkədir, üstəlik, bütün parametrlərdə: iqtisadi, siyasi, hələ heç hərbi komponenti demirəm, Azərbaycandan çox zəifdir. Bu, 44 günlük müharibə zamanı sübuta yetirildi. Erməni cəmiyyəti uzun müddət mənfi ideoloji təsir altında idi, amma mənə elə gəlir ki, indi artıq ayılma prosesindədirlər”, – TASS-ın baş direktorunun birinci müavini vurğulayıb.