GÜNDƏM

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Qərbi Azərbaycanın Dərələyəz mahalının gəncləri ilə görüş” adlı möhtəşəm tədbir keçirildi

14 dekabr 2024-cü il tarixində keçirilən bu tədbirin məqsədi Dərələyəz mahalından olan bir qrup gənci bir araya gətirərək onların fikir mübadiləsi aparması və tarixi yaddaşı qorumaq istiqamətində birgə fəaliyyət planlarının müzakirəsi idi.

Elminfo.az xəbər verir ki, görüşü giriş sözü ilə açan Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Qərbi Azərbaycan İcmasının sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Əziz Ələkbərli tədbir iştirakçılarını səmimi salamlayaraq, onların belə vacib bir mövzuda bir araya gəlməsini alqışladı. Əziz Ələkbərli çıxışında Qərbi Azərbaycan İcmasının gördüyü işlər və qarşıya qoyulan strateji məqsədlər barədə geniş məlumat verdi. O, vurğuladı ki, Qərbi Azərbaycanın tarixi və mədəni irsinin qorunması, onun həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması həm dövlətin, həm də hər bir vətənpərvər azərbaycanlının əsas vəzifələrindən biridir.

Ə. Ələkbərli çıxışında qeyd etdi ki, ölkə başçısı cənab İlham Əliyev Qərbi Azərbaycan İcmasında olarkən icmanın üzərinə mühüm vəzifələr qoyub. Bu tapşırıqlar, xüsusilə Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması və icmanın fəaliyyətində daha sistemli yanaşmanın tətbiq edilməsi istiqamətində vacib işləri əhatə edir. O bildirdi ki, bu vəzifələrin icrası təkcə təşkilat rəhbərliyinin deyil, həmçinin bütün icma üzvlərinin və gənclərin birgə səyi ilə mümkündür.

Əziz Ələkbərli çıxışında gənclərin xüsusi roluna toxunaraq bildirdi ki, bu gün Qərbi Azərbaycanın həqiqətlərinin gələcək nəsillərə ötürülməsi üçün gənclərin həm milli-mədəni dəyərlərə bağlı olması, həm də beynəlxalq arenada fəal çıxış etməsi çox önəmlidir. O, gəncləri tariximizi dərindən öyrənməyə və bu bilikləri dünya ictimaiyyətinə çatdırmaq üçün texnologiyadan və müasir metodlardan istifadə etməyə çağırdı. Ələkbərli əlavə etdi ki, icmanın fəaliyyətində gənclərin iştirakı, onların vətənpərvərlik ruhunda maarifləndirilməsi və milli kimliklərini qoruması əsas prioritetlərdən biridir.

Deputat çıxışında, həmçinin, Qərbi Azərbaycanın hər bir bölgəsinin və kəndinin tanıdılması üçün konkret addımların atıldığını açıqladı. O qeyd etdi ki, Qərbi Azərbaycanın zəngin irsini əks etdirən xüsusi tanıtım kitabçalarının hazırlanması istiqamətində işlərə başlanılıb. Bu kitabçalar həm daxili ictimaiyyətə, həm də xarici auditoriyaya təqdim ediləcək və onların məqsədi bu bölgənin tarixi həqiqətlərini, mədəni irsini və xalqımızın oradakı varlığını sübut etməkdir.

Əziz Ələkbərli çıxışını yekunlaşdıraraq, tədbirdə iştirak edən gənclərə öz tövsiyələrini verdi və onları milli maraqlarımız uğrunda birgə çalışmağa, Qərbi Azərbaycanın mədəni dəyərlərini qorumaq və tanıtmaq üçün fəal olmağa çağırdı. O bildirdi ki, Qərbi Azərbaycanın hər bir gənci öz mənəvi köklərini unutmadan, ölkəmizin gələcəyi üçün daha çox çalışmalıdır. Bu mesaj, tədbir iştirakçılarında böyük ruh yüksəkliyi yaratdı və onların milli ruhda birləşməsinə təkan verdi.

Növbəti çıxışçı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycan İcmasının Dərələyəz mahalı Keşkənd rayonu üzrə icma sədri, professor Mahirə Hüseynova oldu. Professor Mahirə xanım öz çıxışına tədbir iştirakçılarını salamlayaraq başladı və ata-baba yurdumuz olan Qərbi Azərbaycanın zəngin irsi, mədəniyyət və adət-ənənələrinin yaşadılmasının milli mənsubiyyətimiz üçün nə qədər əhəmiyyətli olduğunu vurğuladı.

O, çıxışı zamanı Qərbi Azərbaycanın folklorunun, xalq yaradıcılığının və çoxəsrlik adət-ənənələrinin bu torpaqlarda doğulub böyümüş insanlar tərəfindən qorunub saxlanıldığını qeyd edərək bildirdi ki, bu mirasın gələcək nəsillərə ötürülməsi bizim ən böyük vəzifəmizdir. Professor Mahirə xanım bu torpaqlarda həyatını yaşamış, onların adət-ənənələrini mənimsəmiş şəxslərin xatirələrinin toplanmasının əhəmiyyətinə toxunaraq, bu xatirələrin gələcəkdə yazılı formada sənədləşdirilməsinin tarixi irsimizin qorunması baxımından əvəzsiz bir addım olacağını qeyd etdi.

O, xüsusilə vurğuladı ki, hər bir bölgənin, kəndin, hətta ailələrin xatirələrində əks olunan hadisələr, adət-ənənələr və xalqın keçmişdən bu günə gətirdiyi mənəvi dəyərlər, yalnız bir toplumu deyil, ümumilikdə milli kimliyi ifadə edir. Bu baxımdan, Mahirə xanım bildirdi ki, həmin xatirələrin yalnız tarix kitablarına deyil, həm də bədii əsərlərə çevrilməsi, Qərbi Azərbaycanın tarixi ilə bağlı sənədli filmlərdə istifadə olunması milli mədəniyyətimizin zənginləşdirilməsinə töhfə verərdi.

Gənclərə xüsusi müraciət edən professor, onların milli kimliklərini qorumaq və ata-babalarının mədəni irsini yaşatmaq üçün daha fəal olmalarını tövsiyə etdi. O, vurğuladı ki, gənclər Qərbi Azərbaycan torpaqlarının tarixini və mədəniyyətini yalnız keçmişdən öyrənməklə kifayətlənməməli, həm də onu gələcək nəsillərə ötürməyə çalışmalıdırlar. Bunun üçün həm yaşlı Qərbi azərbaycanlıların xatirələrinin toplanması, həm də bu məlumatların elmi və bədii əsərlər şəklində sənədləşdirilməsi olduqca vacibdir.

Çıxışını yekunlaşdıran Mahirə xanım gəncləri öz mənəvi köklərinə bağlı qalmağa, ata-baba torpaqlarımızın mədəni sərvətlərini öyrənməyə və qorumağa çağırdı. Onun təsirli və məzmunlu çıxışı tədbir iştirakçılarında dərin təəssürat yaratdı və onları bu sahədə daha fəal olmağa ruhlandırdı.

Qərbi Azərbaycan İcması Gənclər Şurasının üzvü, İcmanın Nəzarət-Təftiş Komissiyasının sədr müavini, Milli Məclisin deputatı Şahin İsmayılov və Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının üzvü, Paşalı rayon İcmasının sədri, a.e.ü.f.d., dosent Faiq Xudayev də tədbirdə çıxış edərək, gənclərin cəmiyyətin inkişafında və milli kimliyin qorunmasında oynadığı mühüm roldan bəhs etdilər.

Şahin İsmayılov qeyd etdi ki, tariximizi bilmək təkcə keçmişə hörmət deyil, eyni zamanda gələcək nəsillərin düzgün istiqamətlənməsi üçün bir təməldir. O, gənclərə müraciət edərək, tariximizin şanlı səhifələrini, Qərbi Azərbaycanın zəngin irsini və itirilmiş torpaqlarımızın gerçək həqiqətlərini öyrənmənin hər bir vətənpərvər gəncin borcu olduğunu bildirdi. Bu biliklərin gənclərə milli ruhu gücləndirmək və Azərbaycan həqiqətlərini beynəlxalq aləmə çatdırmaq üçün lazım olduğunu vurğuladı.

Faiq Xudayev isə gənclərə müraciətində onların yalnız öz milli kimliyini deyil, eyni zamanda qlobal dünyanın tələblərinə uyğun bilik və bacarıqlara sahib olmalarının vacibliyindən danışdı. O, qeyd etdi ki, gənclərimiz tariximizi dərindən öyrənməklə yanaşı, düşmənin dilini, eləcə də bir neçə əcnəbi dili öyrənməlidir. Bu, həm diplomatik arenada daha təsirli fəaliyyət göstərmək, həm də milli maraqlarımızı beynəlxalq müstəvidə daha güclü müdafiə etmək üçün əhəmiyyətlidir.

Dosent Faiq Xudayev əlavə etdi ki, gənclərin dünyagörüşünü artırmaq, onların müxtəlif dilləri öyrənməsini və bu bilikləri milli maraqların qorunmasında tətbiq etməsini təmin etmək, Qərbi Azərbaycan İcmasının əsas prioritetlərindən biridir. O, gənclərin dil biliklərinin yalnız fərdi inkişaf üçün deyil, həm də Azərbaycanın beynəlxalq arenadakı mövqeyini gücləndirmək üçün bir vasitə olduğunu qeyd etdi.

Tədbirdə Beynəlxalq Diaspor Mərkəzinin (BDM) sədri, fəlsəfə doktoru İsmayıl Ağayev və AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Şərq-Qərb” şöbəsinin böyük elmi işçisi, Beynəlxalq Diaspor Mərkəzinin sədr müavini, fəlsəfə doktoru Ceyhun Ağayev də iştirak edirdilər.

İsmayıl Ağayev öz çıxışında Qərbi Azərbaycan İcmasının fəaliyyəti və onun milli maraqların qorunmasında oynadığı əhəmiyyətli roldan bəhs etdi. O, qeyd etdi ki, Qərbi Azərbaycan İcması yalnız tarixi yaddaşın qorunması üçün deyil, həm də beynəlxalq səviyyədə haqlarımızın müdafiəsi üçün müstəsna bir platforma təşkil edir. Ağayev bu fəaliyyətin əhəmiyyətini vurğulayaraq bildirdi ki, hər bir addım, hər bir layihə Qərbi Azərbaycanın həqiqətlərinin həm yerli, həm də beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində atılan mühüm bir addımdır.

Beynəlxalq Diaspor Mərkəzinin rəhbəri həmçinin Mərkəzin illərdir Avropa və Türkiyədə həyata keçirdiyi tədbirlərdən danışdı. O, bu tədbirlərin Qərbi Azərbaycandan olan insanların hüquqlarının müdafiəsi və dünya ictimaiyyətinin diqqətini bu məsələlərə cəlb etmək baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd etdi. Ağayevin sözlərinə görə, mədəniyyətimizin, tariximizin və vətəndaşlarımızın haqlarının beynəlxalq arenada tanıdılması və qorunması üçün sistemli və məqsədyönlü fəaliyyətlər həyata keçirilir.

Çıxışının sonunda İsmayıl Ağayev, Beynəlxalq Diaspor Mərkəzinin son layihələrindən biri olan “Mütləq biz o torpaqlara qayıdacağıq” adlı sənədli filmin hazırlandığını elan etdi. O, bu filmin Qərbi Azərbaycanın tarixi, onun itirilmiş yurdları və həmin torpaqların yenidən vətənə qaytarılması arzularını əks etdirdiyini bildirdi. Bu layihənin əsas məqsədi tarixi ədalətsizliklərin üzə çıxarılması və milli ruhun daha da gücləndirilməsi olduğunu vurğuladı.

İsmayıl Ağayev Qərbi Azərbaycan mövzusunun yalnız bir tarixi məsələ kimi deyil, həm də strateji bir məsələ kimi diqqət mərkəzində saxlanılmasının vacibliyinə toxundu. O, elmi-tədqiqatların gücünün bu istiqamətdə daha çox səfərbər edilməsinin və gələcək nəsillərə zəngin bir mirasın ötürülməsinin əhəmiyyətindən danışdı.

Tədbirin yekununda, əslən Qərbi Azərbaycandan olan gənclərə İcmanın üzvlük vəsiqələri və döş nişanları təqdim olundu.

Görüş xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşdı.

  

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir