“Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibləri məlum olub
İyunun 21-də Naxçıvanda keçirilən “Qərbi Azərbaycana qayıdış” festival-konqresi çərçivəsində “Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibləri də mükafatlandırılıblar.
Elminfo.az xəbər verir ki, Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, olimpiadanın final mərhələsində iştirak edən 36 nəfərdən 19-u qalib olub. Onlardan 3 nəfər I, 6 nəfər II, 10 nəfər isə III yerə layiq görülüb.
Qaliblərə diplom və hədiyyələri Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, elm və təhsil naziri Emin Əmrullayev, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli, Türkiyənin İğdır Universitetinin rektoru Mehmet Hakkı Alma və digərləri təqdim ediblər.
Qeyd edək ki, IX və X sinif şagirdlərinin iştirak etdikləri olimpiada Elm və Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Təhsil İnstitutu, Qərbi Azərbaycan İcması və Naxçıvan Dövlət Universitetinin tərəfdaşlığı ilə həyata keçirilib.