“Diaspor təşkilatları təkcə ictimai və siyasi təmsilçilik missiyası daşımır, eyni zamanda milli mədəniyyətimizin xaricdə təbliği baxımından da mühüm körpü rolunu oynayır,” – elminfo.az xəbər verir ki, bu sözləri rəssam Nihad Əliyev görüş zamanı bildirib.
Tanınmış rəssam Nihad Əliyev incəsənət sahəsində qazandığı uğurlar, beynəlxalq sərgilərdə iştirakı və aldığı mükafatlarla Azərbaycan mədəniyyətinin təbliğinə mühüm töhfələr verir.
2017-ci ildə “XXI Əsrin Ziyalıları” Xeyriyyə İctimai Birliyi tərəfindən “Əsrin Ziyalısı – İlin rəssamı” fəxri diplomu ilə təltif olunan rəssam, həm respublika, həm də beynəlxalq səviyyəli sərgi və müsabiqələrdə uğurla iştirak edib. Diplom, fəxri fərman, sertifikat və mükafatlarla təltif olunan Nihad Əliyev, məktəblilər arasında keçirilən sərgilərdə münsiflər heyətinin üzvü və rəhbəri kimi də fəaliyyət göstərib.
O, 39 xarici ölkədə – o cümlədən Fransa, Türkiyə, ABŞ, Hindistan, Rusiya, Almaniya, İngiltərə və digər dövlətlərdə keçirilən beynəlxalq tədbirlərdə iştirak edib. İki dəfə Parisdə yerləşən dünyaca məşhur Luvr Muzeyində təşkil olunan sərgilərdə uğurla çıxış edən sənətkar, 2021-ci ilin iyununda muzeydə Şarl de Qollun 1944-cü ildə Bakıya səfərinə həsr olunmuş əsəri, oktyabrda isə Rabindranat Taqorun portretini nümayiş etdirib.
25 dəfə Hindistanda keçirilən beynəlxalq müsabiqələrdə münsif heyətinin üzvü olan rəssam müxtəlif ölkələrin və nüfuzlu təşkilatların mükafatlarına layiq görülüb. Bunlara “İlhamlı Azərbaycan” döş nişanı, “Xarı Bülbül” medalı, “İlin Peşəkar Rəssamı” (Caspian Awards 2020), “Türkiyənin Brilliant Simaları” (Diamonds of Turkey Awards 2021), “İlin Adamı” media mükafatı və “Qızıl fırça” kimi dəyərli təltiflər daxildir.
O, həmçinin Azərbaycan Rəssamlar İttifaqının və Şimali Amerikanın Yazıçılar Birliyinin üzvüdür. 2021-ci ildə Ümumdünya Sülh və İnsan Hüquqları Akademiyası tərəfindən sertifikatla təltif olunub, sülh elçisi adına layiq görülüb. Elə həmin il Ümumdünya İncəsənət Təşkilatının beynəlxalq “Doktorluq dərəcəsi” sertifikatını alıb. Fransada fərdi sərgi təşkil etmiş sənətkar, 2022-ci ildə Almaniyanın Beynəlxalq Ədəbiyyat, İncəsənət və Kommunikasiya Akademiyasının həqiqi üzvü seçilərək “Akademik” adına layiq görülüb.
2023-cü ildə Hindistanda Rabindranat Taqor mükəmməllik mükafatına, Azərbaycanda isə “Heydər Əliyev” medalı, QAFQAZ mükafatı və “İlin fəxri rəssamı” kubokuna layiq görülüb.
2024-cü ildə isə sənətkar “Şərəfli ömür yolu”, “İlin təsviri sənət ustası”, “Zəfər” medalı və “Böyük Zəfər” kimi bir sıra nüfuzlu media və ictimai mükafatlarla təltif olunub. Həmçinin, Belçikada Bogdani Beynəlxalq Yazıçılar Assosiasiyasının və Dünya Avşarlar Dərnəyinin üzvü seçilib.
2025-ci ilin yanvar ayında İtaliyanın paytaxtı Romada keçirilən “Art of Cultural Diplomacy – Art for Peace” adlı sərgidə dörd əsəri ilə iştirak edən Nihad Əliyev beynəlxalq sertifikatla təltif olunub.
Rəssam Nihad Əliyev həmçinin bir sıra mühüm rəsmi və ictimai görüşlərdə iştirak edib. Onun bu çərçivədəki görüşləri Azərbaycan mədəniyyətinin müxtəlif sahələrində fəaliyyət göstərən nüfuzlu təşkilatlarla gələcək əməkdaşlıqların əsasını qoymaq baxımından əhəmiyyətli olub.
Əvvəlcə Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən İspan Dili Mərkəzinin rəhbəri Nərgiz Mədətova ilə keçirilən görüşdə rəssamın beynəlxalq incəsənət layihələrində qazandığı təcrübə və bu təcrübənin ali təhsil ocaqlarında tələbələrlə paylaşılması imkanları müzakirə olunub.
Tərəflər, xüsusilə, universitetin ispan dili və mədəniyyəti sahəsində həyata keçirdiyi təşəbbüslərlə Azərbaycan rəssamlarının iştirakı arasında sinerji yaratmağın mümkünlüyünü vurğulayıblar. Eyni zamanda gələcəkdə mədəniyyətlərarası əlaqələri gücləndirmək məqsədilə birgə sərgi, mühazirə və ustad dərslərinin təşkili ilə bağlı ilkin razılıqlar əldə olunub.
Daha sonra rəssam Nihad Əliyev Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin rəhbəri Rəşad Cəfərov ilə məhsuldar görüş keçirib. Görüş zamanı yaradıcılıq sənayelərinin ölkəmizdə inkişafı, bu sahədə mövcud imkanların genişləndirilməsi və rəssamların, xüsusən də gənc yaradıcıların dövlət dəstəyi ilə beynəlxalq platformalarda təmsil olunması məsələləri ətrafında ətraflı fikir mübadiləsi aparılıb.
Nihad Əliyev öz çıxışında vurğulayıb ki, müasir dövrdə rəssamlıq yalnız fərdi ifadə vasitəsi deyil, həm də mədəni diplomatiyanın mühüm alətidir: “Azərbaycanın yaradıcı potensialı zəngindir və bu potensialın dünya miqyasında tanıdılması üçün innovativ yanaşmalar vacibdir. Mən inanıram ki, bu kimi mərkəzlərlə əməkdaşlıq gənc istedadların üzə çıxmasına və onların beynəlxalq səviyyədə tanınmasına töhfə verəcək.”
Rəşad Cəfərov da öz növbəsində rəssamın layihələrinin aktual çağırışlara cavab verdiyini, ölkədə yaradıcı sənayelər sahəsində aparılan strateji islahatlarla səsləşdiyini bildirib. O qeyd edib ki, “Mərkəz olaraq məqsədimiz – yaradıcı şəxsləri dəstəkləmək, onların ideyalarını sistemli layihələrə çevirmək və ölkənin mədəni brendini gücləndirməkdir. Nihad Əliyevin yanaşması və təklifləri bu baxımdan çox dəyərlidir.” Görüş zamanı rəssamın bir neçə konkret təşəbbüsü də müzakirə olunub – o cümlədən, gənc rəssamlar üçün mentorluq proqramlarının təşkili, regionlarda yaradıcı emalatxanaların yaradılması və rəqəmsal incəsənət üzrə mübadilə layihələrinin icrası. Tərəflər bu istiqamətdə gələcək əməkdaşlığın qurulması ilə bağlı ilkin razılığa gəliblər və birgə iş planının hazırlanması qərara alınıb.
Gəncliyin Elmi Mədəni İnkişafı İctimai Birliyinin sədri Sərdar Yusifoğlu ilə görüş isə gənclərin elm və mədəniyyət sahələrində maarifləndirilməsi, yaradıcı gənclərin dəstəklənməsi və bölgələrdə keçiriləcək mədəni tədbirlərdə iştirakla bağlı olub.
Nihad Əliyev bu istiqamətdə xüsusi olaraq regionlarda yaşayan istedadlı gənclər üçün ustad dərslərinin təşkilini təklif edib. Görüş zamanı həmçinin gənclər arasında incəsənətə marağın artırılması üçün rəssamlıqla bağlı təlim proqramlarının hazırlanması mövzusu da müzakirə olunub.
Son olaraq, rəssam Nihad ƏliyevBeynəlxalq Diaspora Mərkəzinin (BDM) sədri İsmayıl Ağayev və Mərkəzin birinci müavini, AMEA-nın Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Dr. Ceyhun Ağayev ilə görüş keçirib. Görüş zamanı Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə daha geniş tanıdılması, xüsusilə də diaspor təşkilatlarının iştirakı ilə xaricdə sərgilərin təşkili və bu prosesə Azərbaycan rəssamlarının fəal şəkildə cəlb edilməsi məsələləri müzakirə olunub.
Tərəflər arasında mədəni diplomatiyanın bir aləti kimi incəsənətin gücündən istifadə edərək milli kimliyimizin qorunması və dünyada tanıdılması istiqamətində birgə layihələrin həyata keçirilməsi barədə ilkin razılıq əldə olunub.
Rəssam Nihad Əliyev görüş zamanı bildirib: “Diaspor təşkilatları təkcə ictimai və siyasi təmsilçilik missiyası daşımır, eyni zamanda milli mədəniyyətimizin xaricdə təbliği baxımından da mühüm körpü rolunu oynayır. Mən mədəni diplomatiyanın gücünə inanıram və bu sahədə diasporla sıx əməkdaşlıq etməyə hər zaman hazıram.”
İsmayıl Ağayev isə vurğulayıb ki, Beynəlxalq Diaspora Mərkəzi olaraq, istedadlı azərbaycanlı rəssamların xaricdə təşkil olunan tədbirlərdə iştirakını təşviq etmək, onların yaradıcılığını dünya ictimaiyyətinə tanıtmaq və milli sənət nümunələrimizi diaspor platformalarında nümayiş etdirmək prioritet istiqamətlərdən biridir.
Dr. Ceyhun Ağayev öz çıxışında qeyd edib: “Milli-mədəni dəyərlərimizin qorunması, tanıdılması və təbliğində incəsənətin rolu əvəzsizdir. Bu baxımdan, yaradıcı şəxslərlə əməkdaşlıq BDM-in strateji fəaliyyət istiqamətlərindən biridir və biz bu sahədə ciddi təşəbbüsləri dəstəkləməyə hazırıq.”
Görüş səmərəli fikir mübadiləsi və gələcək əməkdaşlığa dair konkret planların müəyyənləşdirilməsi ilə yekunlaşıb. Tərəflər yaxın zamanlarda birgə layihələrin icrasına başlamağı planlaşdırırlar.
Bu görüşlər çərçivəsində aparılan müzakirələr, yaradıcı sektorun inkişafı, gənc nəslin mədəni maarifləndirilməsi və Azərbaycan incəsənətinin beynəlxalq platformalarda daha geniş tanıdılması baxımından ciddi perspektivlər vəd edir. Nihad Əliyev bildirib ki, “Hər bir təşkilatla ayrı-ayrılıqda müzakirə etdiyimiz layihələr ümumi mədəni platformanın qurulmasına xidmət edir. Əsas məqsədim – incəsənətin gücü ilə Azərbaycanı dünyaya tanıtmaqdır.”
Rəssamın çoxşaxəli fəaliyyəti və ölkəmizi beynəlxalq aləmdə layiqincə təmsil etməsi, mədəni diplomatiyanın inkişafına böyük töhfə verir.