GÜNDƏM

Rektor: Məzunlarımız ibadət ocaqlarında imam kimi fəaliyyət göstərirlər

Azərbaycan İlahiyyat İnstitutu 2018-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılıb. Yarandığı gündən etibarən institutumuz dövlət qayğısı ilə əhatə olunub. Azərbaycan İlahiyyat İnstitutunda təhsil tamamilə ödənişsizdir və cəmi altı yaşı olan ali təhsil müəssisəsi olmağımıza baxmayaraq Azərbaycan İlahiyyat İnstitutu bu qayğının sayəsində təhsilin hər üç səviyyəsində öz tədrisini davam etdirir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov jurnalistlərə müsahibəsində söyləyib.

İnstitutun əlaqələrindən söz açan rektor deyib: “Azərbaycanın bir çox elmi müəssisələri ilə sıx əməkdaşlığımız mövcuddur. Eyni zamanda, Azərbaycanda fəaliyyət göstərən istər müsəlman, istər yəhudi, istərsə də xristian icmaları ilə çox sıx əməkdaşlıq edirik.

İnstitutumuzun dünyanın 30-dan çox ali təhsil müəssisəsi ilə müqaviləsi var. Bir çox universitetlərlə tələbə mübadiləsi həyata keçirilir”.

Rektor qeyd edib ki, İlahiyyat İnstitutu Azərbaycanın mövcud tolerant ənənəsini tanıtmaq üçün həm ölkə daxilində, həm də ölkə xaricində tədbirlər həyata keçirir: “İnstitutumuzun Mənəvi Dəyərlərin Təbliği Fondu və Türkiyənin Kırıkkale Universiteti ilə birgə təşkil etdiyi “İslam ənənəsində birlikdə yaşama təcrübəsi” adlı simpozium artıq dünyada bir brendə çevrilib. Simpozium ilk dəfə Azərbaycanda, sonra isə Türkiyədə keçirilib. Bu yaxınlarda isə simpozium İndoneziyada keçirildi. Bunun əsas məqsədi Azərbaycanın tolerant ənənəsini bütün dünyaya tanıtmaqdır”.

İnstitutun məzunlarının işlə təmin olunduğunu bildirən rektor deyib: “Məzunlarımız artıq ibadət ocaqlarında imam kimi, imam müavinləri kimi fəaliyyət göstərirlər”.