RƏSMİ SÖZ – “Təhsilə baxış dəyişir” – TİF sədri ilə MÜSAHİBƏ
Təhsilin İnkişafı Fondunun (TİF) İdarə Heyətinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elnur Nəsibov Modern.az və AzEdu.az saytlarının birgə layihəsi olan “RƏSMİ SÖZ”ün ilk qonağıdır.
Onunla söhbəti təqdim edirik:
– Elnur müəllim, Təhsilin İnkişafı Fondu 2 ildən az müddətdir ki, fəaliyyət göstərsə də, cəmiyyətdə oturuşmuş qurum statusunu qazana bilib. Buna necə nail ola bildiniz, fikirlərinizi bilmək maraqlıdır…
– Öncə, 2024-cü il münasibətilə sizi təbrik edir və Yeni ildə uğurlar arzulayıram. Doğru qeyd etdiniz, Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 14 iyul tarixli 1399 nömrəli Fərmanına əsasən yaradılıb. Fond 3 aprel 2022-ci ildə publik hüquqi şəxs olaraq dövlət qeydiyyatına alınıb.
Fondun əsas fəaliyyət istiqamətləri təhsilin inkişafı ilə bağlı dövlət siyasətinin formalaşdırılması, eləcə də təhsilin inkişafını təşviq edən mexanizmlərin hazırlanmasında və həyata keçirilməsində iştirak etməkdir. Dövlət təhsil müəssisələrinin maddi-texniki bazasının müasir tələblərə uyğunlaşdırılmasına, təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə və maddi təminatının yaxşılaşdırılmasına yardım göstərmək də Fondun mühüm fəaliyyət istiqamətlərinə aiddir.
Zaman keçdikcə, təhsilə baxış dəyişir, müasirləşir. Ölkəmizdə də Elm və Təhsil Nazirliyi tərəfindən təhsil sahəsində mühüm islahatlar həyata keçirilir. Fondun daha bir fəaliyyət istiqaməti təhsil sahəsində aparılan islahatlara dövlət-özəl tərəfdaşlığı çərçivəsində müxtəlif innovativ proqram və layihələrin icrası yolu ilə dəstək olmaqdır.
Qeyd etmək istərdim ki, Fond öz fəaliyyətində mükəmməllik, əməkdaşlıq, hesabatlılıq, sosial məsuliyyət və nəticə yönümlülük prinsiplərini əsas götürür.
Biz inanırıq ki, təhsildən tərəqiyyə gedilən yol səmərəli tərəfdaşlığa əsaslanır. Buna görə bütün maraqlı tərəflərlə, o cümlədən dövlət və özəl sektorla, təhsil ictimaiyyəti ilə səmərəli dialoq qurmaq fəaliyyətimizin tərkib hissəsidir. Bu günə qədər gördüyümüz işlərdə olduğu kimi, bundan sonra da bütün tərəfdaşları dinləmək və təhsilimizin dayanıqlı inkişafına birlikdə dəstək olmaqda maraqlıyıq.
– Təhsilin İnkişafı Fondunun iki il ərzindəki fəaliyyətində sizi sədr olaraq qane edən və etməyən nələrdir?
– Əslində, qısa müddətdə xeyli yeniliklər etsək də, öz fəaliyyətimizə özümüzün qiymət verməsi doğru olmaz. Bununla belə, ictimai dəyərləndirmə məqsədilə hesabatlılıq baxımından vacib olan bir sıra layihələrimizi xüsusi vurğulamaq yerinə düşər.
Təhsilin İnkişafı Fondunun 2022-ci ildən həyata keçirilən “Hənifə Məlikova-Zərdabi” adına təqaüd layihəsi çərçivəsində ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan, aztəminatlı ailələrdən olan gənc qızların təhsilinə dəstək verilir. Elm və Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə icra etdiyimiz bu layihədə 80 tələbə qız ay ərzində 200 manat məbləğində təqaüdlə təmin olunur.
Bu istiqamətdə Fond 2023-cü ildən etibarən “Neqsol Holding” tərəfindən maliyyələşdirilən gənc qızların təhsilinə dəstək layihəsini də həyata keçirir. Tərəfdaş qurumların təmsil olunduğu Komissiya üzvləri tərəfindən 674 müraciət arasından ən yüksək göstəriciyə malik 50 tələbə seçilib və aylıq əsasda 200 manat məbləğində təqaüd alırlar. Qızlar əsasən holdinqin fəaliyyət sahələrinə yaxın ixtisaslar üzrə, o cümlədən mühəndislik, İT, kommunikasiya, sənaye, texnologiya və sair üzrə təhsil alır. Təqaüdlə yanaşı, onlar üçün müxtəlif mövzularda təlim, təcrübə və mentorluq proqramları təşkil olunur.
“Təhsilin inkişafında innovativ metodlar” müsabiqəsi də böyük maraqla qarşılanan işlərdən biridir. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş müsabiqə çərçivəsində 28 yerli ali təhsil müəssisəsinin 150 bakalavr və magistr tələbəsi “İnklüziv təhsilin inkişafı”, “Qeyri-formal təhsil metodları”, “Təhsildə texnologiyanın tətbiqi”, “Təhsildə idarəetmə” mövzuları üzrə ideya və təkliflərini təqdim etdilər. İki mərhələnin sonunda ən yüksək bal toplayan ilk 3 finalçı seçilərək pul mükafatı və sertifikatla təltif olundu.
Universitetlərin elmi-pedaqoji heyət üzvləri və təhsilalanların IELTS imtahanına təşviq layihəsi də xüsusi diqqətlə qarşılanan layihələrimiz arasındadır. 2022-ci ilin oktyabr ayından başlanan və bu gün də davam edən layihə müddətində IELTS imtahanında iştirak edən və yüksək bal toplayan müəllim və tələbələrin bu imtahan üzrə ödənişləri Fond tərəfindən qarşılanır. Layihə ərzində indiyə qədər 226 müəllim və tələbə uğurlu nəticə göstərib. Benefisiar ali təhsil müəssisələri Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Bakı Slavyan Universitetidir.
2023-cü ildə Fondun yeni və səmərəli əməkdaşlıqlarını da xüsusi qeyd etmək istərdim. İlin sonunda Bakıda keçirilən “InMerge Innovation Summit”i çərçivəsində Azərbaycanda İnnovasiya və Startap ekosisteminin inkişafı üçün əməkdaşlıq ilə bağlı Anlaşma Memorandumu imzalanıb. İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, SOCAR, PAŞA Holdinq və Təhsilin İnkişafı Fondu arasında bağlanan Anlaşma Memorandumunun əsas məqsədi ölkədə sahibkarlıq mühitini formalaşdırmaq, maliyyələşməni tam funksional vəziyyətə gətirməkdir.
Sənədə əsasən, tərəflər innovasiya və startap ekosisteminin inkişafı üzrə tədbirlərin keçirilməsi, layihələrin icrası, ilkin ideya mərhələsində olan startapların inkişafı üçün inkubasiya proqramlarının təşkili sahəsində əməkdaşlıq edəcək. Bundan başqa, startapların qlobal bazara çıxışı və akselerasiya proqramlarının keçirilməsi kimi məqamlar da sənəddə öz əksini tapıb. Təhsil müəssisələrində korporativ mühitə addım atmaq istəyən, biznesin əsas elementlərini daha dərindən qavramaq istəyən tələbələrə “Sahibkarlığa giriş” üzrə təlimlərin və innovasiya və startap ekosisteminin təbliği üçün “Bakı investisiya günü” tədbirinin keçirilməsi istiqamətində də razılığa gəlinib.
Eyni zamanda, bu il Fondun dəstəyi ilə Azərbaycan Texniki Universitetində Davamlı İnkişaf Mərkəzi yaradılıb. DİM universitet-sənaye tərəfdaşlığına dəstək verir, müəllim və tələbələrin şəxsi və peşəkar bacarıqlarının inkişafına yönəlmiş tədbirlər təşkil edir. Digər ali təhsil müəssisələrində də Davamlı İnkişaf Mərkəzlərinin yaradılması planlaşdırılır. Əlbəttə ki, bütün bunlar ilkin mərhələdə görülən işlərdir. Hazırda üzərində işlədiyimiz və hələ ki, elan etmədiyimiz bir sıra mühüm layihələr var.
-Bildiyimiz qədər, regionları əhatə edən layihələriniz də var. Bu barədə ətraflı məlumat verə bilərsinizmi? Fondun regionlara xüsusi həssaslıqla yanaşması nədən irəli gəlir və daha hansı işlərin görülməsi planlaşdırılır?
-Təhsilin İnkişafı Fondu ölkəmizin bütün ərazisində, təhsilin, təhsilverənin, təhsilalanın olduğu şəhər və regionlarımızda fəaliyyətin həyata keçirilməsində maraqlıdır. Odur ki, üzərində çalışdığımız bütün layihələrin regionlara təsiri və ya icrası ilə bağlı təhlil və planlaşdırılmasını aparırıq.
Qızların təhsilinə dəstək layihə çərçivəsində regionlardan olan təhsilalanlara üstünlük verilməsi ilə yanaşı, Fond regionlara yönəlik bir sıra layihələr icra etməkdədir. 2023-cü ildən başlayaraq, “İnci Group of Companies” şirkəti ilə əməkdaşlıq çərçivəsində region məktəblərinə kitablar ianə edilir.
Layihə çərçivəsində Abşeron-Xızı, Mərkəzi Aran, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Quba-Xaçmaz, Lənkəran-Astara Regional Təhsil idarələrinin məktəblərinə dünya və Azərbaycan klassik ədəbiyyatına aid 4800 kitab ianə edilib. 2024-cü ildə tərəfdaş şirkət tərəfindən daha 5000 kitabın TİF-ə ianəsi planlaşdırılr.
Azərbaycan Texnologiya Universiteti ilə birgə keçirilən “Gənc İnnovatorlar” startap müsabiqəsini də xüsusi vurğulamaq istərdim. Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Gənc İnnovatorlar” startap müsabiqəsi keçirdik və qaliblər mükafatlandırıldı. 2024-cü ildə regionlarla işlərimizi genişləndirməyi hədəfləyirik.
– Təhsilin İnkişafı Fondunun dövlət – özəl əməkdaşlığı çərçivəsindəki fəaliyyətinə başqa hansı işlər daxildir?
– Az öncə qeyd edilən “Məktəblərə kitab ianəsi” layihəsi dövlət-özəl tərəfdaşlığı ilə dəstəklənən mühüm layihələrdən biridir. Bununla yanaşı, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi və ABŞ-ın “Coursera” şirkətinin birgə əməkdaşlığı çərçivəsində “4Sİ Akademiyası” layihəsi də dövlət-özəl əməkaşlıq çərçivəsində görülən vacib layihələrə misal göstərilə bilər. Bu layihədə “Coursera” platforması üzərindən dünyanın nüfuzlu universitetlərinin və şirkətlərinin təqdim etdiyi proqramlaşdırma, süni intellekt, böyük verilənlər (big data), rəqəmsal transformasiya, maşın öyrənməsi, blokçeyn və bulud texnologiyaları, kodlaşdırma, data analitikası, eləcə də liderlik, kommunikasiya kimi bacarıqlara dair 89 ixtisaslaşdırılmış alt kateqoriyanı əhatə edən 700-dən çox kursa daxil olmaq üçün ödənişsiz təhsil təqaüdü-təqdim olunur. “4Sİ Akademiyası”na ilkin qeydiyyat mərhələsində 6654 nəfər qeydiyyatdan keçib. Ümumilikdə 10 min nəfərin layihədən yararlanması nəzərdə tutulur. Hesabat dövründə 2732 nəfər layihə iştirakçısı qeyd olunan təlimlərdə iştirak edib.
Təhsil ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanan Təhsilin İnkişafı Forumu da dövlət-özəl əməkdaşlığının birgə məhsuludur. Belə ki, Təhsilin İnkişafı Forumunun keçirilməsi tam olaraq sponsor şirkətlər tərəfindən dəstək nəticəsində baş tutdu.
– Yeri gəlmişkən, bu il ölkə tarixində ilk dəfə olaraq keçirilən Təhsilin İnkişafı Forumu Azərbaycana, xüsusilə təhsilə nə verdi?
– Cari ilin 1 noyabr tarixində Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə baş tutan və Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Təhsilin İnkişafı Forumu “Təhsildən tərəqqiyə” devizi altında təşkil olundu. Forum dövlət – sənaye – universitet əməkdaşlağının inkişaf etdirilməsi istiqamətində əməkdaşlıqların qurulmasına yönəlmişdi. Foruma dövlət, sənaye və universitetləri təmsil edən 350-dən çox beynəlxalq və yerli iştirakçı qatıldı.
Forumun ikinci günündə dövlət, özəl qurumları və universitetləri təmsil edən 54 təmsilçinin iştirakı ilə Universitet-Sənaye Tərəfdaşlığı üzrə Dialoq və Əməkdaşlıq Platformasının yaradılması barədə qərar qəbul edildi. Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondu, Dövlət Məşğulluq Agentliyi, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, Sumqayıt Dövlət Universiteti, SOCAR, BP, NEQSOL Holding, Sumqayıt Texnologiya Parkı, PROSOL şirkətlərinin nümayəndələri Platformanın işində iştirak edirlər. 2024-cü ildə birgə universitet-sənaye tərəfdaşlığı mövzusunda bir sıra layihələrin reallaşdırılması planlaşdırılır.
– Təhsilin İnkişafı Fondunun yeni hədəfləri nədən ibarətdir?
– 2024-cü il üzrə əsas fəaliyyət istiqamətlərimiz müəyyənləşib. Universitet-sənaye əməkdaşlığının inkişaf etdirilməsi, dövlət-özəl tərəfdaşlığı çərçivəsində müxtəlif layihələrin icrası, təhsilalanların şəxsi və peşəkar inkişafı, təhsilverənlərin bacarıqlarının artırılması, təhsil müəssisələrinin fiziki infrastrukturunun və maddi-texniki təminatının təkmilləşdirilməsi qarşıda duran hədəflərə aiddir.
Bundan başqa, Dialoq və Əməkdaşlıq Platformasının fəaliyyətinin dəstəklənməsi, universitet-sənaye əməkdaşlığı çərçivəsində layihələrin icrası, “Təhsilin İnkişafı Forumu-2024”-ün həyata keçirilməsi də nəzərdə tutulur.
Dövlət Məşğulluq Agentliyi ilə birgə ali təhsil müəssisələrində Karyera Məlumat və Məsləhət Mərkəzlərinin inkişaf etdirilməsi, Davamlı İnkişaf Mərkəzlərinin fəaliyyətinin genişləndirilməsi, Bakcell şirkəti ilə birgə “Təhsil tarifi” layihəsi, “Stadi10” layihəsi çərçivəsində PSG Capital ilə tərəfdaşlıq, Sabah HUB şirkəti ilə birgə ATU-da İT School layihəsi və digər layihələr də planlaşdırılır.
“Women in Tech” beynəlxalq təşkilatının Azərbaycan ofisi ilə əməkdaşlıq əsasında təsis olunan Maya Hacıyeva adına “İKT bacarıqları” təqaüd proqramı davam etdiriləcək. Layihənin əsas məqsədi qadınların İnformasiya Texnologiyaları və Yüksək Texnologiyalar üzrə bilik və bacarıqlarının artırılması və cəmiyyətdə müvafiq olaraq öz rollarını tuta bilmələri məqsədilə onlara bu sahədə təqaüdlərin ayrılmasıdır. Yeri gəlmişkən, 2024-cü ildə “Bakcell” şirkəti tərəfindən bu layihəyə ianə edilməsi razılaşdırılıb.
Bu il dövlət başçısı tərəfindən elan edilən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təhsil ilə əlaqəli layihələr icra etməyi planlaşdırırıq. Əlbəttə, görüləcək işlər çoxdur. Əminəm ki, Fond olaraq qarşıya qoyduğumuz məqsədlərə çatacağıq və təbii ki, burada həm cəmiyyətin, həm də özəl sektorun dəstəyinə böyük ehtiyac var. Hər kəsi təhsilin dayanıqlı inkişafına birlikdə nail olmağa dəvət edərək “Yaşıl dünya naminə həmrəylik ili”ndə bütün təhsil cəmiyyətinə, müəllimlərimizə, təhsilalanlarımıza, hər kəsə uğurlar arzulayıram.