Respublika Günü münasibəti ilə, Beynəlxalq Diaspor Mərkəzindən Azərbaycan xalqına — TƏBRİK
28 May – müstəqil Azərbaycanımızın şanlı tarixinə qızıl hərflərlə həkk olunan, dövlətimizin hər bir vətəndaşının qürur mənbəyi olan gözəl bir gün! 1918-ci ilin bu gözəl günündə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yaranıb.
Məhz bu xoşbəxtliyə görədir ki, Böyük Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunan 1918-ci ilin bu sevimli günü Müstəqil Dövlətimizin hər bir vətəndaşı tərəfindən yüksək qürur, şərəf, ləyaqət… günü kimi qəbul edilib! Və Müstəqillik Günü olaraq, Müstəqil Azərbaycanımızın Şanlı Tarixində rəsmən özünə yer tutan bu günün əzəməti qarşısında hər il baş əyib, milli qürur hissi duyduğumuz və arzularımızın çiçək açdığı düşərli bir günümüz kimi, xüsusi təmtəraqla qeyd edirik.
Doğrudan da, xalqımız böyük, böyük olduğu qədər də xoşbəxtdir — dədə-babalarımız hər günü olduqca çətin keçən o dövrün tariximizə qürurla həkk etdikləri bu günündə, Şərqdə ilk azad, demokratik və dünyəvi dəyərlərə söykənən müstəqil bir Respublikanı — Azərbaycan Xalq Cümhuriyyətini yaratdıqlarını bütün dünyaya bəyan edə bildiklərinə görə! Onda bu bir həqiqət, bu bir reallıq idi ki, Çar Rusiyası kimi əzazil bir imperiyanın bir əsrdən artıq davam edən müstəmləkə əsarətindən zorla da olsa qurtara bilən Azərbaycan adlı demokratik yeni bir dövlətin təməli qoyulurdu. O vaxt böyük səlahiyyət sahibi olan Azərbaycan Milli Şurası isə, öz geniş iclasında qəbul etdiyi möhtəşəm İstiqlal Bəyannaməsi ilə, Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğunu rəsmən bəyan etməklə, yeni yaradılan müstəqil bir məmləkəti bütün dünyanın diqqət mərkəzinə gətirirdi. Bu, həm də Böyük Xalqımızın ötən əsrdəki keşməkeşli həyatında yeni bir mərhələ, önəmli bir tarixi hadisə kimi öz layiqli qiymətini alırdı.
Müsəlman Şərqində 1918-ci ilin may ayının 28-də yaradılan, banisi isə, siyasətçi və publisist Məmməd Əmin Rəsulzadə olan ilk Parlamentli Respublika, ilk demokratik, hüquqi və dünyəvi dövlət — Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı, varlığına bolşeviklər tərəfindən son qoyuldu. Amma, bununla belə, Böyük Xalqımızın istiqlal arzusu ölmədi. Sovet İmperiyası dağıldıqdan dərhal sonra başlayan yeni çətin tarixi proseslərdə belə, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında dövlət müstəqilliyimiz getdikcə daha da möhkəmləndi. Hazırda isə, Ulu Öndərin layiqli varisi möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında müstəqil Azərbaycan Respublikası demokratik bir dövlət olaraq, sürətlə inkişaf edir. Bizə bu dahi rəhbərlik hələ çox böyük ümidlər də bəxş edir.
Beləcə, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti, müstəqilliyini bərpa edən Azərbaycan Respublikasının çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi, mədəni inkişafının, eləcə də Böyük Xalqımızın tarixində milli oyanış, dirçəliş proseslərinin məntiqi nəticəsi kimi meydana çıxaraq, onun siyasi şüur səviyyəsinin, intellektual-mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi olaraq da, tarixin qızıl səhifələrində özünə xüsusi yer tutub. İndinin özündə belə qürurla deyə bilirik ki, vətəndaşı olduğumuz müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisi olaraq, üzərinə düşən öz şərəfli tarixi missiyasını bu gün belə inamla davam etdirir və bu, elə əbədi də olacaq!
Böyük Xalqımızı milli qürur, şərəf və ləyaqət günümüz olan 28 MAY — MÜSTƏQİLLİK GÜNÜ münasibətilə bir daha ürəkdən təbrik edir, Böyük Allahdan Azərbaycanımıza əbədi azadlıq və müstəqillik, onun hər bir vətəndaşına xoşbəxtlik, səadət və gözəl həyat arzulayırıq!
QÜRUR, ŞƏRƏF, LƏYAQƏT GÜNÜN MÜBARƏK, AZƏRBAYCAN!
Beynəlxalq Diaspor Mərkəzinin üzvləri adından:
Dərin hörmət və səmimi duyğularla,
İsmayıl AĞAYEV,
Beynəlxalq Diaspor Mərkəzinin rəhbəri.
araz.az xəbər portalı.