Riyaziyyat və Mexanika İnstitutunda Xocalı faciəsinə həsr olunmuş anım tədbiri keçirilib
Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar Komitəsinin təşkilatçılığı ilə Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunan tədbir keçirilib.
Elminfo.az science.gov.az-a istinadən xəbər verir ki, öncə soyqırım qurbanlarının və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş igid Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanov Xocalı soyqırımının XX əsrin insanlıq əleyhinə yönəlmiş ən amansız cinayətlərindən, ən qəddar terror aktlarından biri olduğunu bildirib. Qeyd edib ki, 1992-ci ilin 26 fevral tarixində Xocalıda baş vermiş qırğın erməni millətçilərinin Azərbaycan xalqına qarşı apardıqları işğalçılıq, etnik təmizləmə və soyqırımı siyasətinin davamı idi. Bu faciə zamanı 613 nəfər dinc əhali xüsusi amansızlıqla qətlə yetirilib, əksəriyyəti yaşlılar, qadın və uşaqlar olmaqla 1275 nəfər əsir götürülüb, onlardan 150 nəfərin taleyi isə bu günə kimi məlum olmadığını bildirib.
Professor Misir Mərdanov qətliamın beynəlxalq miqyasda tanınması istiqamətində ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında həyata keçirilən işlərdən, o cümlədən “Xocalıya ədalət!” kampaniyasının önəmindən danışıb. Alim hazırda bir neçə dövlətin parlament səviyyəsində, eləcə də ABŞ-ın 30-dan çox ştatında faciəni soyqırım kimi tanıdığını, Avropanın, Asiyanın qabaqcıl dövlətlərində Xocalı faciəsinin qurbanlarına abidələr ucaldıldığını bildirib.
Sonra tədbirdə çıxış edən hərbi ekspert Ədalət Verdiyev Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimayiyyətinin nəzərinə çatdırılması üçün görülməsi vacib olan işlər barədə ətraflı məlumat verib. 32 il keçməsinə baxmayaraq Azərbaycan xalqının Xocalı soyqırımını unutmadığını bildirdi. Ə.Verdiyev xüsusi olaraq vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və müzəffər Ordumuzun şücaəti sayəsində 2020-ci il Vətən müharibəsində erməni qəsbkarlarına ağır bir zərbə vuruldu, əzəli torpaqlarımız düşmən işğalından azad oldu. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman oğullarımız Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. O, Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində tədbirlər görməyin vacibliyini vurğuladı.
Daha sonra institutun digər elmi əməkdaşlarıda çıxış edərək, Xocalı soyqırımının dəhşətlərinin unudulmaması və gənclərin vətənpərvərlik ruhunda böyüməsi üçün təkliflərini səsləndiriblər.