Rus dilində tədrislə bağlı NAZİRLİKDƏN REAKSİYA
Elm və Təhsil Nazirliyi sosial şəbəkələrdə rus dilində tədrislə bağlı məlumatlara münasibət bildirib.
Nazirlikdən Bakuplus.az-ın sorğusuna cavab olaraq bildirilib ki, dövlətin təhsil siyasətinə dair qərarlarla bağlı yalnız rəsmi mənbələrə istinad etmək lazımdır.
Qeyd edək ki, sosial şəbəkələrdə və bəzi media orqanlarında orta və ali təhsil müəssisələrində rus dilində tədrisin dayandırılmasına dair “rəsmi bildiriş” yayımlanır. Elm və Təhsil Nazirliyi isə məsələ ilə bağlı hər hansı rəsmi açıqlama ilə çıxış etməyib.
11:04
***
Azərbaycanın ali təhsil müəssisələrində rus dilində tədrisin mərhələli şəkildə dayandırılacağı ilə bağlı iddialar yayılıb.
Teleqraf.аz xəbər verir ki, bununla bağlı rəsmi sənədlərdən fərqlənməyən bildiriş hazırlanıb, sosial şəbəkələr, o cümlədən “WhatsApp” qrupları vasitəsilə bütün ölkəyə yayılıb.
İddia olunur ki, 2025-2026-cı tədris ilindən etibarən Azərbaycan universitetlərində rus dilində tədris ləğv olunacaq.
Başqa bir iddiaya görə, bütün ixtisaslar üzrə tədris yalnız Azərbaycan və ingilis dillərində aparılacaq.
İddiaya əsasən, hazırda rus sektorunda təhsil alan tələbələr avqustun 20-dək Azərbaycan dili üzrə dil imtahanı verməlidirlər. İmtahandan uğurla keçən tələbələr müvafiq olaraq azərbaycan dilində tədris olunan ixtisasa keçiriləcək. İmtahandan keçə bilməyən tələbələr isə təhsillərini davam etdirə bilməyəcəklər. İngilis dilində tədrisə keçmək istəyən tələbələr üçün avqustun 5-dən etibarən onlayn dil attestasiyası təşkil olunacaq.
İddiaya görə, bu proses milli kimliyin möhkəmləndirilməsi və beynəlxalq təhsil sisteminə inteqrasiyanın gücləndirilməsi məqsədilə həyata keçiriləcək.
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu ünvanlanıb.
Mənbə: BakuPlus.Az