Rusiya dövlətindən azərbaycanlıların öldürülməsinə RƏSMİ MÜNASİBƏT
Rusiya Xarici İşlər Nazirliyi Yekaterinburqda azərbaycanlıların kütləvi saxlanılması ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatına münasibət bildirib.
Qurumun sözçüsü Mariya Zaxarova bildirib ki, əvvəlki illərdə törədilmiş ağır cinayətlər faktı üzrə cinayət işlərinin istintaqı çərçivəsində Rusiya hüquq-mühafizə orqanları əslən azərbaycanlı Rusiya vətəndaşı olan şübhəli şəxsləri saxlayıb və yaşayış yerlərində axtarışlar aparıb.
“İyunun 28-də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə dəvət olunan Rusiya Federasiyasının müvəqqəti işlər vəkili Pyotr Volkovıx tərəfindən Azərbaycan tərəfinə lazımi izahat verilib, vəziyyətin hüquq-mühafizə orqanlarının nəzarətində olduğuna əminlik ifadə olunub. Qeyd olunan cinayət işləri üzrə istintaq hərəkətləri davam etdirilir”, – Rusiya XİN sözçüsü vurğulayıb.
Zaxarova əlavə edib ki, daha ətraflı məlumat əldə olunan kimi İstintaq Komitəsi tərəfindən ictimaiyyətə açıqlanacaq (APA).
***
Rusiya hüquq-mühafizə orqanları Yekaterinburqda azərbaycanlılara qarşı həyata keçirilmiş əməliyyat barədə məlumat yayıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsinin məlumatında bildirilir ki, Rusiyanın Sverdlovsk vilayətində bir sıra qətllərdə və adam öldürməyə cəhddə şübhəli bilinən etnik cinayətkar qrupun fəaliyyəti dayandırılıb, bir neçə nəfər saxlanılıb.
Qeyd olunub ki, saxlanılan şəxslər Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsi (bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq törədilmiş qətl; muzdlu qətl; muzdlu adam öldürməyə cəhd) ilə ittiham olunurlar.
İstintaqın məlumatına görə, etnik cinayətkar qrupun tərkibində olan şəxslər 2001, 2010 və 2011-ci illərdə Yekaterinburq şəhərində törədilmiş bir sıra qətllər və qəsdən adam öldürməyə cəhddə iştirak ediblər.
Bildirilib ki, artıq bir neçə şübhəli şəxs əməlini etiraf edib, istintaqla əməkdaşlıq edir, həmin şəxslərin yaşayış yerlərində axtarışlar aparılıb.
Saxlanılan şəxslər barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsinə baxılır.
Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Yekaterinburqda azərbaycanlıların yaşadığı 10-dan çox mənzildə əməliyyat keçirilib. Əslən Ağdamdan olan Səfərovlar ailəsinin əksər üzvləri tutulub. Əməliyyat zamanı iki qardaş – Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb, xeyli azərbaycanlı saxlanılıb. Bir neçə nəfər xəstəxanaya yerləşdirilib.
Hadisə ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayaraq, Rusiya tərəfindən məsələyə aydınlıq gətirilməsini istəyib. Bundan başqa, iyunun 28-də Rusiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx Xarici İşlər Nazirliyinə çağırılıb.
Rusiya tərəfinə 27 iyun 2025-ci il tarixində həmvətənlərimizin yaşadığı mənzillərdə Rusiyanın təhlükəsizlik qüvvələri tərəfindən iki azərbaycanlının qəddarlıqla qətlə yetirildiyi, bir neçə nəfərin ağır bədən xəsarətləri aldığı, doqquz nəfərin həbs edildiyi reydləri ilə bağlı kəskin etiraz bildirilib.
Mənbə: Turkustan.Az