Rusiya Nəqliyyat Universiteti Azərbaycan vətəndaşları üçün təhsil təqaüd proqramı elan edir
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Rusiyanın Nəqliyyat Nazirliyi arasında əməkdaşlığa əsasən, 2024 – 2025-ci tədris ili üçün müxtəlif təhsil səviyyələri üzrə müsabiqə elan olunur.
Elminfo.az xəbər verir ki, Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqədən keçən tələbələr Rusiya Nəqliyyat Universitetində (Российский университет транспорта (МИИТ)) təhsil təqaüd proqramından yararlana bilərlər. Təqaüd proqramı Azərbaycanda nəqliyyat sahəsində gənc milli kadrların hazırlanması məqsədini daşıyır.
Universitetdə təhsil dərəcələrinə bakalavr, spesialitet, magistratura daxildir. Burada, həmçinin rus dili üzrə universitetə hazırlıq fakültəsi mövcuddur. Təhsilin forması əyanidir. Tədris rus dilində aparılır.
Təqaüd proqramı aşağıdakıları əhatə edir:
Spesialitet (5 il):
Yerüstü texnoloji-nəqliyyat vasitələri
Nəqliyyat tikintisi mühəndisliyi
Dəmir yollarının hərəkət tərkibi
Dəmir yollarının istismarı
Bakalavr (4 il):
Yerüstü texnoloji-nəqliyyat kompleksləri
Nəqliyyat proseslərinin texnologiyaları
Nəqliyyat tikintisi mühəndisliyi
Aeronaviqasiya
Magistratura (2 il):
Yerüstü texnoloji-nəqliyyat kompleksləri
Nəqliyyat tikintisi mühəndisliyi
Nəqliyyat proseslərinin texnologiyaları
Standartlaşdırma və Metrologiya
Təminat:
Təhsilhaqqının tam ödənilməsi
Yataqxana (tələbə tərəfindən aylıq 10 ABŞ dolları ödənilir)
Aylıq təqaüd
Rus dilini bilməyən tələbələr üçün ödənişsiz 1 illik rus dili hazırlıq kursları
Müsabiqədə məktəb, lisey, gimnaziya, kollec, texnikum və universitet məzunları (və ya təhsilini bu ildə bitirəcək tələbələr və şagirdlər) iştirak edə bilər. Ərizələrin qəbul tarixi bu martın 15-dən aprelin 5-dəkdir. Qaliblərin mayın 13-də elan olunacaq. Qeydiyyat, sənədlərin qəbulu və qəbul testləri onlayn şəklində keçirilir.
Qeyd edək ki, Rusiya Nəqliyyat Universiteti Rusiya Federasiyasının aparıcı milli nəqliyyat universiteti olmaqla yanaşı, həm də ən böyük sənaye universitetidir. Bu ali məktəb nəqliyyat sənayesinin inkişafı üçün kadr təminatı və elmi dəstək üçün baza platforması rolunu oynayır.
Qeydiyyatdan keçən namizədlər onlayn test olunacaq, testlərdən uğurla keçən namizədlər isə canlı müsahibəyə dəvət alacaqlar. Bütün mərhələlərdə uğur qazanan namizədlərin ərizələri universitetə göndəriləcək.
Təhsil müddətini uğurla başa vuran tələbələrə Azərbaycana qayıtdıqdan sonra Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, “Azərbaycan Dəmir Yolları” QSC, AZAL və “Bakı Metropoliteni” QSC-yə işə qəbulda üstünlük veriləcək.