Rusiyanın səbri tükənir| Fransa sistemləri Rusiya HHM şəbəkəsinə necə qoşulacaq?
Xatırladaq ki, Fransa müdafiə müəssisələri bir neçə hava hücumundan müdafiə sistemi istehsal edir. Bunlardan ən müasiri təxminən 48 milyon dollar dəyərində olan “Crotale NG” qısamənzilli hava hücumundan müdafiə sistemidir.
2028-2029-cu illərdə yerli uzun mənzilli hava hücumundan müdafiə sistemi yaratmağı planlaşdıran Hindistanın Müdafiə Araşdırma və İnkişaf Təşkilatı “Kuşa” layihəsi çərçivəsində LR-SAM uzun mənzilli zenit-raket kompleksi hazırlamaqla məşğuldur. Bu sistem xüsusiyyətlərinə görə Rusiyanın S-400-ləri ilə müqayisə oluna bilər.
Hələ ki, Hindistanın yeni hava hücumundan müdafiə sistemi hazır olana qədər Ermənistan bu ölkənin müdafiə sənayesi şirkəti “Bharat Dynamics Limited”dən (BDL) aldığı “Akash” adlı yer-hava raket sistemlərinin tədarükünə qərar verib.
Bunun üçün Ermənistan büdəsindən 600 milyon dollardan çox maliyyə vəsaiti ayırılıb.
25 kilometrlik məsafədə raket, helikopter, döyüş təyyarələri və pilotsuz uçuş aparatlarını məhv etmək qabiliyyətinə malik bu sistemlər Hindistan silahlı qüvvələrinin arsenalında istifadədir.
Ermənistan və Hindistan arasında imzalanan daha bir müqaviləyə əsasən İrəvan Yeni Dehlidən 41,5 milyon dollar dəyərində antidron sistemləri də alacaq.
İki ölkə arasında əldə edilən başqa bir razılaşmaya görə, Hindistanın pilotsuz uçuş aparatlarına qarşı zenit sistemləri istehsal edən “Zen Technologies” şirkəti Ermənistanda filial açmağı planlaşdırır.
Xatırladaq ki, 2015-ci ilin dekabr ayının 23-də də Rusiya və Ermənistanın müdafiə nazirləri Sergey Şoyqu ilə Seyran Ohanyan Moskvadakı görüşdə Qafqaz bölgəsində birləşmiş hava hücumundan müdafiə sisteminin yaradılması haqqında saziş imzalamışdılar. Bundan əvvəl isə MDB ölkələrinin 1995-ci il fevralın 10-u Almatıda imzaladığı müqavilə birləşmiş hava hücumundan müdafiə sisteminin yaradılmasını nəzərdə tutur. Özündə 19 aviasiya hərbi hissəsi, 47 zenit-raket qoşunları hərbi hissəsi, 19 radiotexnika qoşunları hərbi hissəsi, 3 radioelektron mübarizə batalyonunu ehtiva edən bu sistem Rusiya, Ermənistan, Belarus, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanı öz əhatəsində birləşdirir.
Bütün bunların fonunda, Fransa və Hindistandan yeni hava hücumundan müdafiə sistemi alan Ermənistanın öz HHM sistemini Rusiya ilə birgə qurduğu birləşmiş sistemə necə inteqrasiya edəcəyi və ya ümumiyyətlə inteqrasiya etmək istəyib-istəməyəcəyi sual doğurur.
Əgər Ermənistan Fransa və Hindistandan aldığı yeni HHM sistemlərini Rusiya ilə birgə qurduğu birləşmiş hava hücumundan müdafiə sisteminə inteqrasiya etmək istəsə, təbii ki, bu məsələdə nəinki texniki problemlər, hətta siyasi skandalların yaranması ehtimalı var. Söz yox ki, Parisin İrəvana satdığı radarların Rusiya və Ermənistanın birgə qurduğu hava hücumundan müdafiə sisteminə qoşulması və ya inteqrasiyası bu məsələyə fransalı mütəxəssislərin cəlb edilməsini zərurətə çevirir.
Hazırkı siyasi qütbləşmənin fonunda, Fransanın Ermənistana verdiyi silah sistemlərinin rusiyalı mütəxəssislər tərəfindən mənimsənilməsi və idarə olunmasını qəbul edəcəyi inandırıcı deyil. Digər tərəfdən, Moskva da Fransadan alınan sistemlərin Rusiya-Ermənistan birləşmiş hava hücumundan müdafiə sisteminə inteqrasiyasına razılaşsa, onda, Rusiya dünyanın əsas silah ixracatçılarından biri kimi fransız hərbi texnikasının rus hərbi texnikasından daha keyfiyyətli və etibarlı olduğunu dolayısı ilə qəbul etmiş sayılacaq.
Bu səbəbdən də, Fransadan alınmış radarların Rusiya ilə birgə hava hücumundan müdafiə sisteminə qoşulacağı mümkün sayılmır.
Ermənistanın Baş naziri Nikol Paşinyan Parisə səfəri zamanı Fransanın “France 24” telekanalına müsahibəsində Moskvanın dominantlıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) ölkəsinin iştirakını faktiki olaraq dondurduğunu açıqlayıb.
Bu isə o deməkdir ki, Ermənistan Rusiya ilə hərbi əməkdaşlığın miqyasını mümkün qədər azaltmağa çalışır və özünün təhlükəsizlik təminatını Avropada axtarır.
Buna rəğmən, Moskva Ermənistanın hava məkanını hələ ki, qorumağa məcburdur. Ən azından ona görə ki, Rusiyanın 102-ci hərbi bazasının havadan müdafiəsinin təşkili hələ də prioritet olaraq qalır.
Bu amil isə bir müddətdən sonra Rusiya və Fransa arasında Ermənistanın səmasının uğrunda görünməyən mübarizənin başlayacağından xəbər verir. Mümkündür ki, bu, ilk olaraq radio-elektron mübarizə elementləri səviyyəsində başlayıb, daha sonra açıq qarşıdurma müstəvisinə qədər yüksəlsin. Hər halda, son üç il ərzində Ermənistanın Rusiyaya münasibətdə tutduğu mövqeni və atdığı addımları Kremlin səbirlə müşahidə etməsi İrəvan üçün yaxşı nəsə vəd eləmir.
Hərbi-siyasi ekspert Teymur Zahidoğlu
Ordu.az