MÜSAHİBƏ

Səfir: Qərb demokratiyası və parlamentarizm heç də ədalət və obyektivliyin sinonimi deyil – MÜSAHİBƏ

Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması Cənubi Qafqazda təhlükəsizliyin ən mühüm təminatıdır. Bu razılaşmanın əldə olunması üçün Azərbaycanın əsas şərtlərindən biri Ermənistanın ölkəmizə qarşı ərazi iddialarını özündə ehtiva edən konstitusiyasına dəyişiklik etməsi tələbidir. Lakin Niderland da daxil olmaqla, Avropa İttifaqı (Aİ) ölkələri Ermənistanın hansısa xam xəyallarına dəstək verməklə sülh prosesinə fəal şəkildə təsir göstərməyə can atır.

Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev “Report”a müsahibəsində bu ölkənin parlamentinin sözügedən məsələ ilə bağlı Azərbaycana qarşı qərəzli və təxribatçı yanaşmasından danışıb. Söhbət zamanı diplomat Azərbaycan tərəfinin bu ədalətsiz siyasətə qarşı mübarizə səylərinə diqqət ayırıb, həmçinin ikitərəfli münasibətlərdəki mövcud tendensiyaları şərh edib.

– Cənab səfir, son vaxtlar Aİ-yə üzv ölkələrin siyasi dairələrində Azərbaycan tərəfinin Ermənistan konstitusiyasına dəyişikliklərin edilməsinin zəruriliyi ilə bağlı qaldırdığı məsələ fəal şəkildə müzakirə olunur. Öyrəndik ki, bu yaxınlarda Niderland parlamentində də bu məsələ qaldırılıb. Söhbətin nədən getdiyi barədə məlumat verə bilərsinizmi?

– Doğrudan da, iyul ayında Niderland parlamentinin aşağı palatasının bir qrup deputatı xarici işlər nazirinə yazılı sorğu göndərərək Azərbaycan tərəfinin tamamilə əsaslandırılmış bu tələbi ilə bağlı 8 sualın cavablandırılmasını xahiş edib. Sorğu müəllifləri kimi, biz də Xarici İşlər Nazirliyinin (XİN) cavabını səbirsizliklə gözləyirik.

– Deputatları bu qədər narahat edən nədir?

– 2020-ci ilin noyabr ayından Niderland parlamentinin üzvlərini yalnız bir məsələ narahat edir – bu, Ermənistanın Azərbaycana qarşı iddialarını həyata keçirə bilməsi üçün bu ölkəyə ən əlverişli xarici şəraitin hansı yolla yaradılması mümkünlüyüdür.

– Parlamentin bu müraciətində hansı suallar yer alır?

– Parlamentin mövqeyinin formalaşdığı, sonra isə bu ölkənin XİN-i səviyyəsində qərarların qəbul edildiyi qeyri-dost ab-havasını başa düşmək üçün bir neçə sualı səsləndirəcəyəm. Məsələn, birinci sual budur: “Erməni siyasi ekspertin məqaləsində (erməni mətbuatında dərc olunmuş məqaləyə keçid verilir) yer alan “Azərbaycanın Ermənistan konstitusiyasına dəyişiklik edilməsinin zəruriliyi ilə bağlı irəli sürdüyü tələb iki ölkə arasında sülh danışıqlarında əsas maneədir” fikrini bölüşürsünüzmü? Yaxud: “Etiraf edirsiniz ki, Azərbaycan sülh prosesində daim yeni tələblərlə çıxış edir…?”, “Azərbaycanın… Ermənistanda mövcud olan narahatlıqlardan xəbəriniz varmı…”. Və nəhayət: “Hökumət Niderland və onun tərəfdaşlarının Ermənistanla sülh prosesinin başa çatdırılması məsələsində Azərbaycana təzyiqi artırmaq üçün hansı tədbirləri görə biləcəyini araşdırmağa hazırdırmı? Gördüyünüz kimi, parlamentin hər hansı obyektiv, balanslı və konstruktiv yanaşmasından söhbət getmir.

– Demokratiya və parlamentarizm ənənələrinin güclü olduğu bir ölkədə bu cür qərəzli və təxribatçı yanaşmalar niyə yaranır?

– Qərb demokratiyası və parlamentarizmi ədalət və obyektivliyin sinonimi deyil. Bu, ilk növbədə, münaqişədən sonrakı dövrdə ədalətli həlli təşviq etməyi qarşısına məqsəd qoymayan Niderland parlamentinə aiddir. Onun qarşısında ikili vəzifə durur – müstəqil siyasət yürüdən, dünyada nüfuzu sürətlə artan Azərbaycanı cilovlamaq, ölkəmizin ətrafında əlverişsiz xarici mühit yaratmaq, eyni zamanda Ermənistanın siyasi, iqtisadi və hərbi nöqteyi-nəzərdən güclənməsini maksimum dərəcədə təmin etmək.

– Bu suallar necə formalaşdırılıb?

– Burada mexanizm sadədir – Ermənistan tərəfi bir qayda olaraq xristian və ya ifrat sağçı partiyaları təmsil edən holland deputatlardan Azərbaycanı “qınamağı”, “məkrli və yaxşı silahlanmış” müsəlman Azərbaycanı ilə qarşıdurmada “əzabkeş xristian Ermənistanı”nı dəstəkləməyi xahiş edir. Qeyd edim ki, deputatların əksəriyyəti Azərbaycanofobiya virusuna o qədər yoluxub ki, onları çox da dilə tutmaq lazım gəlmir – bu deputatlar ölkəmizə hücum etmək üçün hər cür bəhanədən istifadə etməyə hazırdırlar. 2020-ci ilin oktyabrından 2024-cü ilin may ayına kimi onlar Azərbaycan əleyhinə 26 təxribat xarakterli qətnamə qəbul ediblər və hökumətə analoji ruhda 200-dən çox sual ünvanlanıb. Niderland parlamentində heç bir ölkə Azərbaycan qədər “diqqət” görmür.

– Niderland parlamentinin ölkəmizə qarşı qərəzli yanaşmasını əks etdirən daha hansı nümunələr gətirə bilərsiniz?

– Siz tamamilə düzgün olaraq deputatları deyil, məhz parlamenti qeyd etdiniz. Söhbət ayrı-ayrı deputatların yox, hökumət orqanı kimi parlamentin mövqeyindən gedir. Nümunələrə gəlincə, onların sayı-hesabı yoxdur. Məsələn, iyun ayında parlamentin Xarici İşlər Komissiyası regional vəziyyətlə tanış olmaq və Rusiyanın region ölkələri ilə münasibətlərinə aydınlıq gətirmək üçün deputatların Cənubi Qafqaza səfərini elan edib.

Lakin iyulda səfər yalnız Gürcüstan və Ermənistana baş tutub. Regional inkişafın ümumi vektorunu müəyyən edən əsas ölkə kimi Azərbaycana açıq şəkildə məhəl qoyulmayıb. Yeri gəlmişkən, mən Xarici İşlər Komissiyasının üzvlərindən birinə sual ünvanlayaraq ölkəmizə səfərlərin edilməsinə, deputatlarımız və siyasətçilərimizlə ünsiyyətə marağın olmamasının nə ilə izah olunduğunu soruşduqda, o, sakitcə cavab verdi: Azərbaycana səfər etmək nəyimizə lazımdır? Ölkənizlə bağlı bütün lazımi məlumatları qəzetlərdən əldə edirik”. Necə deyərlər, no comments.

Və ya başqa bir misal – iyun ayında parlamentdə “Avropa perimetri boyunca geosiyasi çağırışlar: Ermənistan və Gürcüstan” mövzusunda dəyirmi masa keçirilib. Bu da Azərbaycana qarşı regionumuzda baş verən geosiyasi proseslərin ölkəmizin mövqeyi və siyasətindən təcrid olunmuş şəkildə nəzərdən keçirilə biləcəyinə sadəlövh inamla müşayiət olunan daha bir etinasızlıqdır.

Nəhayət, Niderland parlamentinin aşağı palatasının Xarici İşlər Komissiyası bu yaxınlarda Fransa parlamentinin aşağı palatasındakı Fransa-Ermənistan Dostluq Qrupunun “erməni məsələləri üzrə birgə əlaqələndirmə mexanizmi”nin yaradılması ilə bağlı sorğusunu dəstəkləyib. Görünür, holland deputatlara erməni mənbələrindən əldə etdikləri məlumat artıq kifayət etmir və onların təcili olaraq fransız deputatlarla koordinasiyaya ehtiyacı var. Əslində, söhbət artıq anti-Azərbaycan kampaniyasının yeni səviyyəsindən – ölkəmizə qarşı yönəlmiş Fransa-Niderland parlament koalisiyasının yaradılmasından gedir.

– Rəsmi Haaqanın bu məsələ ilə bağlı mövqeyi necədir?

– Niderland hökuməti seçkilərdə qalib gələn partiyalar tərəfindən formalaşdırılır. Proqramı parlament tərəfindən təsdiq edilən hökumət ona hesabat verməlidir. Bu səbəbdən bu ölkənin hökuməti və Xarici İşlər Nazirliyi Azərbaycanla bağlı məsələlərdə parlamentə nadir hallarda etiraz edir. Onlar deputatların tapşırıqlarını bu və ya digər dərəcədə itaətkar şəkildə yerinə yetirirlər, əksər hallarda öz cavablarında Ermənistan tərəfinin narrativlərinə və iddialarına əsaslanırlar. Eyni zamanda bəzi məsələlərdə hökumət daha praqmatik mövqe tutaraq Niderlandın və ölkənin Azərbaycandakı şirkətlərinin maraqlarına ziyan vurmamağa çalışır.

– Azərbaycan tərəfi bütün bunlara necə reaksiya verir? Parlamentdə bu mövqenin dəyişdirilməsinin zəruriliyi ilə bağlı məsələ qaldırmısınızmı?

– Bu yaxınlarda Milli Məclisin Xarici Əlaqələr Komitəsi Niderland parlamentinin müvafiq komitəsinə məktub ünvanlayıb. Məktubda Azərbaycana qarşı çoxlu sayda ədalətsiz və qərəzli yanaşma faktları qeyd edilib və bunun açıq şəkildə Azərbaycanfobiya siyasəti olduğu bildirilib. Hesab edirəm ki, bu, holland deputatların hərəkətlərinin və ölkə parlamentinin siyasətinin çox düzgün təsviridir. Yeri gəlmişkən, bu məktubda holland deputatların çox vaxt Beynəlxalq Haaqa Məhkəməsinin qərarlarına belə məhəl qoymadıqları və bunun onların obyektivlik və səriştəlilik səviyyəsini açıq şəkildə nümayiş etdirdiyi vurğulanıb.

Azərbaycan Xarici İşlər Nazirliyi və səfirliyimiz də mütəmadi olaraq “kursun dəyişdirilməsi”, regional vəziyyətə obyektiv yanaşma və ölkəmizə daha məsuliyyətlə yanaşmağının vacibliyi məsələsini qaldırır. Qeyd etmək lazımdır ki, nəticədə Haaqanın siyasətində müəyyən dəyişikliklər baş verib. Niderland hökuməti işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsinə cüzi (Qarabağı tərk etmiş ermənilərə ayrılan maliyyə dəstəyi ilə müqayisədə) məbləğdə vəsait ayırıb, ölkənin Xarici İşlər Nazirliyi siyasi dialoqun aktivləşdirilməsini təklif edib, müvafiq nazirliklər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq məsələlərində bizimlə fəal əməkdaşlıq edir.

Amma bütövlükdə bu kiçik müsbət irəliləyişlər əsas məsələni dəyişmir – bu ölkənin parlamenti və hökumətinin əsas maraqları üst-üstə düşür və Azərbaycanı cilovlamaq və Ermənistana hərtərəfli dəstək göstərmək siyasəti ilə bağlıdır. Bu, ümumi Avroittifaq tendensiyasıdır və Niderland bu prosesdə mühüm rol oynayır. Təbii ki, biz bundan lazımi nəticələr çıxararaq müvafiq qərarlar qəbul edirik.