Şərqşünas alimin məqaləsi Türkiyədə çap olunub
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, pedaqogika üzrə fəlsəfə doktoru Lalə Mikayılzadənin “Milli ideologiya banisi Məhəmməd Əmin Rəsulzadə” adlı məqaləsi Türkiyənin Qars şəhərində nəşr olunan “Buta” beynəlxalq elmi araşdırmalar jurnalında dərc olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqalə milli qurtuluş hərəkatının nümayəndələrindən biri olan Məhəmməd Əmin Rəsulzadənin siyasi fəaliyyətinə və yaradıcılığına həsr olunub. Məqalədə Azərbaycanın müstəqilliyi uğrunda yorulmadan mübarizə aparmış M.Ə. Rəsulzadənin ictimai və quruculuq fəaliyyəti, zəngin ədəbi-siyasi irsi, elmi-nəzəri baxışları araşdırılıb.
Tədqiqat işində M. Ə. Rəsulzadənin Türkiyəyə köçməsi və orada yaradılan mədəni-maarif dərnəklərindən ən nüfuzlusu olan “Türk Ocağı”nda ziyalıların ən önəmli nümayəndələri ilə bir araya gəlməsi və s. haqqında da araşdırmalar aparılıb.
Qeyd edək ki, Lalə Mikayılzadə “Buta” beynəlxalq elmi araşdırmalar jurnalının elmi şurasının üzvüdür.