AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Şərqşünaslıq İnstitutunda Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Martın 28-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib.

Elminfo.az xəbər verir ki, Sessiyanı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva Naxçıvan torpağının yetirdiyi çox sayda görkəmli elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynadığını söyləyərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Muxtar Respublikasının 100 illik yubileyinin keçirilməsi haqqında 30 dekabr 2023-cü il tarixli Sərəncamını xatırladıb. Bu Sərəncama əsasən dövlət səviyyəsində qeyd olunan tədbirlər sırasında Azərbaycan Milli Elmlər Akademiyasının da üzərinə düşən vəzifələri xatırladan G.Baxşəliyeva şərqşünas alimlərin də Naxçıvanın tarixi, bu torpağın yetirdiyi görkəmli elm və mədəniyyət nümayəndələrinin əsərləri ilə bağlı tədqiqatlar apardıqlarını bildirib.

Elmi sessiyada institutun elmi işlər üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü “Heydər Əliyev və Naxçıvan” mövzusunda məruzə edib. Məruzədə bildirilib ki, Ümummilli Lider Heydər Əliyev Naxçıvanda fəaliyyət göstərdiyi dövrdə 1992-ci ilin mart və avqust aylarında Türkiyə Respublikasına səfəri zamanı Moskva və Qars müqavilələrini yenidən gündəmə gətirib. Məruzəçi dahi rəhbərin dünya ictimaiyyətinin diqqətini Ermənistanın təcavüzkar siyasətinə yönəltməklə Naxçıvanın muxtariyyət statusuna ikinci həyat bəxş etdiyini və Ermənistanın ilk böyük siyasi məğlubiyyətə uğramasına nail olduğunu vurğulayıb. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin Naxçıvanın muxtariyyət statusunun qorunması, muxtar respublikanın yubileyinin keçirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər dahi rəhbərin bu qədim yurd yerinə qayğısının ifadəsi idi.

İnstitutun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktor Namiq Məmmədov “XX əsrin əvvəllərində Azərbaycan -Türkiyə münasibətləri və Naxçıvan məsələsi” mövzusunda məruzə edib. Məruzədə Azərbaycanın Naxçıvan bölgəsinin XX əsrin əvvəllərində Azərbaycan -Türkiyə münasibətlərində yeri və rolu haqqında məlumat verilib, eyni zamanda Birinci Dünya Müharibəsindən sonra yaranmış vəziyyətdə Naxçıvan, həmçinin oraya erməni hücumları və iddiaları, Türkiyənin bölgə əhalisini erməni qırğınlarından xilas etmək tədbirləri, Araz-Türk Respublikası, AXC dövründə yaradılmış Naxçıvan general qubernatorluğu və onun fəaliyyəti, Azərbaycanda sovet işğalından sonra ermənilərin Naxçıvana iddiaları, Sovet Rusiyası ilə Türkiyə arasındakı münasibətlərdə Naxçıvan məsələsi və Naxçıvan Muxtar Respublikasının yaradılması barədə bəhs edilib.

Elmi sessiyada çıxışlar ətrafında müzakirələr aparılıb, tədbir iştirakçılarının sualları cavablandırılıb.