Sərnişin təyyarəsi 10 dəqiqə pilotsuz uçdu
Almaniyada pilotlardan biri kabinəni tərk edərkən, digəri isə huşunu itirəndə sərnişin təyyarəsi müvəqqəti olaraq havada idarəetmədən çıxıb.
Lent.az bildirir ki, bu barədə Almaniyanın BILD nəşri məlumat yayıb.
Hadisə ötən il fevralın 17-də baş verib, lakin ictimaiyyətə yenicə məlum olub. Məlumata görə, Lufthansa Airbus A321 təyyarəsi Frankfurtdan İspaniyanın Sevilya şəhərinə uçarkən 10700 metr yüksəklikdə gözlənilməz hadisə baş verib.
İspaniya Hava Qəzalarının Təhqiqat Komissiyasının dərc olunmuş hesabatına görə, ekipajın kapitanı tualetə baş çəkmək üçün kabinəni tərk edib. Bundan dərhal sonra ikinci pilot, ehtimal ki, səhhətində yaranan hansısa problem nəticəsində qəfil huşunu itirib. Avtopilot sistemi təyyarəyə nəzarəti ələ keçirsə də, təyyarə yenə də öz kursundan bir qədər kənara çıxıb.
Bir müddət təyyarənin kapitanı kabinəyə qayıda bilməyib, çünki ikinci pilotun girişi təsdiqlənmədən qapı açılmayıb.
Xoşbəxtlikdən səkkiz dəqiqədən sonra ikinci pilot özünə gəlib və qapını kapitan üçün açıb. Bundan sonra ekipaj Madridə təcili eniş etmək qərarına gəlib.
Hava limanında ikinci pilot dərhal həkimlərə təhvil verilib. Sonradan məlum olub ki, huşun itirilməsinin səbəbi əvvəllər diaqnoz qoyulmamış nevroloji xəstəlikdir.
Mənbə: Lent.Az