Şərqşünas alim İraqda keçirilmiş beynəlxalq konfransda erməni vandalizmindən məruzə edib
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev İraq Respublikasında “Ekstremizmə və terrorizmə qarşı mübarizə” mövzusunda keçirilmiş II beynəlxalq konfransda iştirak edib.
Elnur Mustafayev konfransda “Erməni vandalizmi: Azərbaycan maddi-mədəni irsinə qarşı törədilmiş cinayətlər” mövzusunda məruzə ilə çıxış edib.
Şərqşünas alim Ermənistan silahlı qüvvələrinin 30 il ərzində Azərbaycan torpaqlarını işğal etməsi, on minlərlə dinc azərbaycanlı müsəlman əhaliyə qarşı soyqırım törətməsi, bir milyondan çox insanın öz torpaqlarından didərgin salınması, işğal olunmuş ərazilərdə məscidlərin, tarixi abidələrin dağıdılması, təhqir edilməsi, bir sözlə erməni vəhşiliyi haqqında informasiyaları konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Bundan əlavə, E.Mustafayev Azərbaycan xalqı ilə dost İraq xalqının eyni taleyi yaşadığını, uzun illər hər iki xalqın ekstremizm və terrorizmdən əziyyət çəkdiyini də vurğulayıb.
E.Mustafayev ərsəyə gətirdiyi “Şuşanın maddi-mədəni irsi (epiqrafik abidələr əsasında)” adlı kitabı haqqında konfrans çərçivəsində dünyanın müxtəlif ölkələrindən qatılmış alimlərə məlumat verib. Şuşa şəhərinin öz məscidləri, karvansaraları, ovdanları və tarixi abidələri ilə Azərbaycanın, həmçinin İslam dünyasının mədəniyyət paytaxtlarından biri olduğunu ayrıca qeyd edib.
İraqlı alimlər maraqlı məlumatlar üçün təşəkkür etdikdən sonra Şuşa şəhərinin maddi-mədəni abidələri haqqında tədqiqatlar aparacaqlarına söz veriblər.