SON DƏQİQƏ! ABŞ-dan İsrailə “YAŞIL İŞIQ” – İranın nüvə obyektlərinə zərbələr ENDİRİLƏCƏK
Tehranın nüvə proqramı ilə bağlı İran və ABŞ arasında danışıqların yeni raundu baş tutmaya bilər.
Bu barədə “CNN” telekanalı məlumat yayıb.
“Mövcud mərhələdə növbəti danışıqlar raundunun keçirilməsi çox qeyri-müəyyəndir və ümumiyyətlə baş verməyə bilər”, – deyə xəbərdə qeyd edilir.
Telekanala danışan yüksək vəzifəli İran rəsmisi bildirib ki, ABŞ-ın yeni təklifi “natamam və sistemsiz”dir. Mənbələrin sözlərinə görə, yeni razılaşma ilə bağlı danışıqlara olan maraq və dinamika tədricən sönməyə başlayıb.
Görünən odur ki, ABŞ-la İran arasında aprelin ortalarından başlayan və 5 raunddan ibarət danışıqlar nəticə vermədiyindən onun davam etdirilməsi artıq mümkünsüz hala gəlib.
Belə vəziyyətdə Tramp görəsən vəd etdiyi kimi İrana zərbələr endirəcək?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı düşünür ki, İranla ABŞ-İsrail koalisiyası arasında müharibənin olması qaçılmazdır:
“ABŞ-la İran arasında nüvə proqramının danışıqlar yolu ilə həll olunmasının perspektivi yox idi. Çünki baxışlar fərqli idi. Tramp birmənalı olaraq bəyan edirdi ki, heç bir halda İranın nüvə silahına malik olmasına imkan verməyəcək. Bu təkcə Trampın deyil, Amerika, İsrail və bütövlükdə güclü yəhudi lobbisinin qəti fikridir. İran isə nüvə proqramından əl çəkmək niyyətində olmadığını önə çəkir. Tehran uranın tamamilə ləğvinə özünün qırmızı xətti kimi baxır”.
Həmsöhbətimiz qeyd edir ki, bir-birinə zidd bu iki mövqenin uzlaşması mümkünsüzdür:
“Ona görə də apreldən başlayan bu danışıqların nə vaxtsa dalana dirənəcəyi qaçılmaz idi. Artıq bu özünün ilkin elementlərini göstərməkdədir. Fikrimcə, ölkələr arasındakı münasibətlər bu fonda getdikcə daha gərgin xarakter alacaq. İran indi təklənərək yalnız SEPAH-ın ümidinə qalıb. SEPAH isə İsrail qarşısında tam gətirəcək imkan və gücə sahib deyil. İranın hərbi infrastrukturu tamamilə köhnəlib. İqtisadiyyatı ağır vəziyyətdədir. İsrail isə ABŞ-la birlikdə güclü imkanlara malikdir. Bu səbəbdən İranın İsrail qarşısında duruş gətirməsi mümkün deyil”.
Ekspert müharibə başlayacağı halda, ABŞ burada birbaşa geniş xarakterli iştirakını güman etmir:
“Amma Vaşinqton İsrailə hərtərəfli kömək edəcək. İsrail isə uzun müddətdir İranın nüvə obyektlərinə zərbə vurmaq layihəsini çoxdan hazırlayıb. Sadəcə olaraq zamanı gözləyir ki, bu zaman da uzaqda deyil. Görünən odur ki, İran-ABŞ, İsrail gərginliyi regionda yeni müharibənin olmasını qaçılmaz edir”.
Mənbə: Turkustan.Az