ANALİTİK MƏQALƏLƏR

Süni mineral suyun kəşfi

Süni mineral su

Qədimdən bu günə şəfalı suların insan həyatında yeri danılmazdır. Kökləri əsrlərə gedib çıxan mineral sular antik yunan sivilizasiyasından bəri tibb sahəsində, xüsusilə dəri xəstəliklərində tətbiq olunub. E.ə. V əsrdə yaşamış tarixçi Herodot da 9 cildlik “Tarix” əsərində müxtəlif xəstəliklərin müalicəsində istifadə edilən bu şəfalı sular haqqında ətraflı məlumat verib. Roma imperatorluğu dövründə zirvəsinə çatan hamam və SPA mədəniyyəti inkişaf edərək bu günə qədər gəlib çıxıb. Lakin bu mineral tərkibli suların içki kimi insan həyatına daxil olması kimya ilə maraqlanan kilsə keşişi ilə mədə xəstəliklərindən əziyyət çəkənləri sağaltmaq istəyən həkimin bir-birindən xəbərsiz zəhmətlərinin təsadüfi nəticəsidir.

Mineral su və ya sodanın tərkibində olan elementlər kalsium, maqnezium, natrium bikarbonat və xlordan ibarətdir. Bu elementlər həzm problemi və mədə yanmasına qarşı birbaşa təsir edir, həmçinin bədənin ehtiyac duyduğu mineral çatışmazlığını aradan qaldırır. Karbon qazı təzyiqi ilə yeraltı qaynaqlardan səthə çıxan şəfalı sular bu elementləri də özlərilə gətirərək insanların sağlamlığına töhfə verir.

Orta əsrlərdən sonra Avropanın bir çox ölkələrində əhalinin artması ilə infrastruktur problemi, xüsusilə şəhərlərdə yaşayan adamların böyük təbəqəsi üçün təmiz içməli suya çıxış çətinləşdi. XVIII əsrdə Avropa qitəsində baş verən və çirkli içməli suyun səbəb olduğu vəba və tif kimi epidemiya xəstəlikləri insanların həyatını cəhənnəmə çevirirdi. Bu dövrdə çirklənməmiş və etibarlı təbii mineral sular diqqət mərkəzində oldu və bu suların müalicəvi xüsusiyyətləri getdikcə daha cəlbedici olmağa başladı. Lakin məhdud yeraltı su ehtiyatları getdikcə artan ehtiyacı ödəyə bilmədiyi üçün kimyaçılar qollarını cırmaladılar.

İlk məlum olan süni mineral su 1741-ci ildə britaniyalı həkim Uilyam Braunriq (William Brownrigg, 1711-1800) tərəfindən karbon qazı ilə kran suyu qarışdırılaraq əldə edilib. Qapağı açılanda karbondioksidin təsiriylə qabaran bu su sərxoş olanın mədəsinə bir az rahatlıq verirdi. Lakin ingilis həkimin bu kəşfi çirkli krandan su istifadə etdiyi üçün çox da uğur qazanmadı. Həmin illərdə kimya sahəsində işləyən və nəfəs aldığımız havanın müxtəlif qazların qarışığı olduğunu sübut etməyə çalışan digər ingilis kimyaçı Cozef Pristli (Joseph Priestley, 1733-1804) elmi təcrübələri üçün tez-tez evinin yaxınlığındakı pivə zavoduna gedirdi. Pivənin fermentasiya prosesi zamanı ayrılan qazları toplayaraq təcrübələr aparan Pristli təsadüfən karbon qazının suda həll oluna biləcəyini kəşf edir. Yaşadığı Yorkşir (Yorkshire) şəhərinin kilsəsində də keşişlik edən və inancına görə spirtli içkilərdən uzaqlaşan Cozef karbon qazından istifadə edərək özünü xəstələnməkdən qorumaq üçün xoş dadlı və mikrobsuz bir içki hazırlamaq istəyir. Əvvəlcə kran suyunu qaynadaraq mikroblardan təmizləyir, stəkana tökür, üzərinə bir qədər mineral əlavə edir, sonra karbon qazı vurur. Nəticədə bu gün Türkiyədə soda, Azərbaycanda süni mineral su adlanan qazlı içki meydana gəlir. Cozef Priestlinin kəşfi ilk dəfə yaşadığı şəhərin dindarları arasında böyük marağa səbəb olur, zaman keçdikcə bütün ölkəyə şöhrət salır.

Həddindən artıq yeməkdən sonra ilk istinad mənbəyimiz olan süni mineral suyu Avropa qitəsinə alman-isveçrəli saat ustası, həvəskar kimyaçı İohan Yakob Şvepp (Johann Jacob Schweppe, 1740-1821) yayıb. Onun əsas məqsədi malyariyanı müalicə etmək üçün istifadə edilə bilən maye dərman tapmaq idi. 1767-ci ildə Cozef Pristli tərəfindən kəşf edilmiş üsul əsasında Şveppe şüşələnmiş qazlı mineral suyun istehsalı üçün ilk praktik prosesi inkişaf etdirir və dünyanın ilk şüşə sərinləşdirici içkisini satan adam kimi tarixə düşür. Bu gün alimin soyadını daşıyan “Schweppe” şirkəti artıq uzun illərdir ki, həm süni mineral su, həm də xinin qarışıqlı tonik istehsalında dünyanın ən böyük şirkətlərindən biridir.

https://www.trt.net.tr/