Süni zəka bu dəfə film çəkəcək
Son dövrlər süni intellekt artıq gündəlik həyatımızda tez-tez eşitdiyimiz ifadələrdən birinə çevrilib. Barəsində irəli sürülən fərziyyələr, doğru-yalnış fikirlər, əsla sona çatmayan müzakirələr… Demək olar ki, bu texnologiya artıq kritik bir mərhələyə gəlib çatıb. Bu günə qədər ssenari yazan, mahnı bəstələyən, rəsm çəkən süni intellekt indi də kino dünyasına baş vuracaq. Belə ki, texnologiyanın bir neçə sahəsində özünü sınayan almaniyalı sahibkar Fabian Stelzer süni intellektdən istifadə edərək 70-ci illərin tərzinə uyğun “Salt” (Duz) adlı elmi fantastik filmin çəkilişlərinə başlayıb.
Kino və süni intellekt sahəsində heç bir təcrübəsi olmayan Stelzer filmin çəkilişlərində süni intellektin yaratdığı görüntülərdən istifadə edərək özünü sınamaq istəyir. Birincisi, müəllif neyron şəbəkələrinin onun ssenarisinə uyğun olaraq tamhüquqlu film yaratmağa qadir olub-olmadığını, bu cür mürəkkəblikdə olan böyük həcmli işi ciddi qüsurlar olmadan mənimsəmək qabiliyyətini yoxlamaq fikrindədir. İkincisi isə ssenarinin özü yoxdur, sadəcə süjetin başlanğıcı və ümumi üslubu var.
Sahibkar yaradıcılığını “Duz” adlandırıb. Burada astronavtların planetdəki qəribə maddə ilə macəralarından bəhs edir. Müəllif filmin “rejissor versiyası”nı yaratmağa söz verir, lakin yenə də bu ideyanın tamaşaçıları ovsunlayacağına inanır və ümid edir ki, filmin müxtəlif səhnələrini həyata keçirməkdən ötrü neyron şəbəkələr üçün mətn təlimatlarını tərtib etməyə başlayacaqlar. Süni intellekt ssenarist ola bilməz, lakin o, bir insanın ideyasını son məhsul şəklində reallaşdıran mahir rejissor ola bilər.
“Biz həqiqətən də yeni bir dövrün astanasındayıq. Bu yenilik, fotonun və bəlkə də, yazının ixtirası qədər böyük bir inkişafdır. Məlumdur ki, bütün böyük nailiyyətlər təcrübə ilə başlayır”, – deyə sahibkar açıqlama verib.
İnformasiya “Sözcü” qəzetində dərc edilib.
respublika-news.az