Şərqşünaslıq İnstitutunda Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib
Sentyabrın 20-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis bağlı tədbir keçirilib.
Tədbirin əvvəlində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik süktla yad edilib.
Elminfo.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva 2023-cü ilin 19-20 sentyabrının Azərbaycanın şanlı tarixinin ən parlaq səhifələrindən birinin olduğunu bildirib. Akademik həmin gün ölkəmizin ərazi bütövlüyünün tam bərpa olunduğunu qeyd edib.
Akademik G.Baxşəliyeva Azərbaycan Respublikasının Prezidentinin 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğunu və Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa edildiyini nəzərə alaraq, 20 sentyabrın Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi haqqında 2024-cü il sentyabrın 19-da Sərəncam imzaladığını vurğulayıb.
Akademik Gövhər Baxşəliyeva 2020-ci il sentyabrın 27-də Ermənistan tərəfindən genişmiqyaslı hərbi təxribatın qarşılığında düşmənin həmlələrini dəf etmək və təcavüzünə son qoymaq məqsədilə möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri ilə qəhrəman hərbçilərimizin Ermənistan silahlı qüvvələrini darmadağın etdiyini və nüfuzlu beynəlxalq təşkilatların, qüdrətli dövlətlərin nizamlaya bilmədikləri problemi cəmi 44 günə həll etdiyini xatırladaraq, bundan sonra müharibənin yekununda qəbul edilən 10 noyabr Bəyannaməsinə əməl etməyərək silahlı qüvvələri Qarabağdan çıxarmayan, əksinə yenidən silahlanan, təxribatlar törədən ermənilərin bu əməllərinin tam olaraq qarşısını almaq məqsədilə 2023-cü ilin 19 sentyabrında başlayan lokal xarakterli antiterror əməliyyatından danışaraq, 24 saatdan az vaxtda başa çatdırılan bu əməliyyat nəticəsində erməni silahlı qüvvələrinin Qarabağda tam təslim olduğunu qeyd edib. Akademik Azərbaycan Respublikasının suverenliyi tam bərpa edən bu şanlı və haqq etdiyimiz tarixi qələbənin Azərbaycan dövlətinin gücünü və xalqının milli birliyini bütün dünyaya nümayiş etdirdiyini vurğulayıb.
Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü bu gün xalqımızın Azərbaycan dövlətinin ən taleyüklü mərhələsini yaşadığını bildirib. Şərqşünas alim 2023-cü il sentyabrın 19-20-də 30 ildən sonra torpaqlarımızn tam azad olunmasının, böyük qalibiyyətin əldə olunmasının şahidi olduğumuzu fəxarətlə deyərək, bu şanlı qələbədə həmin torpaqları daha öncə görməyən gənc nəslin, igid əsgərlərimizin böyük rolu olduğunu vurğulayıb.
Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı 2023-cü il 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal xarakterli antiterror əməliyyatı barədə ətraflı danışıb. Əməliyyatın şimalda 5, cənubda isə 8 istiqaməti əhatə etdiyini deyən alim silahlı qüvvələrimizin nail olduğu üstünlükdən sonra separatçı rejimin rəhbərliyinin və Ermənistan silahlı qüvvələrinin qalıqlarının komandanlığının ağ bayraq qaldırdığını qeyd edib. S.Talıblı əməliyyat zamanı düşmənin canlı qüvvə, hərbi texnika, silah sarıdan itkiləri barədə məlumat verib.
İnstitutun elmi işçisi Samid Bağrov institut əməkdaşlarının, o cümlədən özünün istər Vətən müharibəsi dövründə, istərsə də lokal xarakterli antiterror əməliyyatı zamanı dünyanın bir sıra ölkələrinin ərəb, fars dilli kanallarına müsahibələr verərək həqiqətləri dünya ictimaiyyətinə çatdırması barədə danışıb.
Vüqar Məmmədov,
AMEA-nın Şərqşünaslıq İnstitutunun
ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşı,
filologiya üzrə fəlsəfə doktoru