YAZARLAR

“Təbliğatın ideoloji hədəfləri təyin edilməlidir”

Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

“Azərbaycan diaspor quruculuğu siyasətində yeni mərhələnin əsası qoyulub. Eyni zamanda diaspor üzvləri öz məsuliyyətinin daha çox hiss edirlər. İyul hadisələrindən, xüsusən Vətən müharibəsindən sonra diaspor fəallarımızın xarici ölkələrdə önə keçməsi və müstəqillik tariximizdə ilk dəfə olaraq erməni diasprorunu məğlub durumuna salması bunu bir daha sübut etdi. Bu, bizdə əminlik yaradır ki, artıq disporumuz təşkilatlanaraq mütəşəkkil hala gəlib və Azərbaycan uğurunda hər zaman mübarizəyə hazırdır”.

Elminfo.az xəbər verir ki, bunu Bakıvaxtı.az-a müsahibəsində Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə deyib.

– Artıq dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqələrini inkişaf etdirmək, diasporun potensialından milli maraqlarımızın daha etibarlı şəkildə qorunması istiqamətində faydalanmaq, diasporlararası əlaqələri genişləndirmək, onların mədəni-siyasi hüquqlarını müdafiə etmək istiqamətində bir sıra layihələr həyata keçirilib. Və bütün bunlar da diaspor təşkilatlarının fəaliyyətinə motivasiya verib. Onlar Azərbaycanın haqq səsinin müdafiəsi, erməni terrorizminin ifşa olunması ilə bağlı həmrəylik nümayiş etdirirlər.

– Xarici mediada erməni lobbisindən qaynaqlanan dezinformasiyalara qarşı efektli mübarizə varmı?

– Müasir dövrümüzdə informasiya özü də bir mübarizə növünə keçib. Beynəlxalq aləmdə KİV ilə mübarizə aparmaq və media dayaqlarımızı gücləndirmək üçün xarici ölkə mediasıyla sıx əlaqələrin qurulması zərurətə çevirilib. Həmçinin Azərbaycan həqiqətlərini yaymaq, Ermənistanın təcavüzkar və vandalizm siyasətini ifşa etmək üçün xarici KİV-lərdə mütəmadi olaraq məqalələr işıqlandırılmalıdır. Bu məsələ ilə bağlı Prezident İlham Əliyev dəfələrlə cağırış edib. Ölkə başçısı 2020-ci ilin iyulun 16-da Ceyhun Bayramovu xarici işlər naziri təyin olunması ilə əlaqədar qəbul edərkən videoformatda çıxışında da deyib ki, xarici kütləvi informasiya vasitələri ilə sıx təmaslar olmalıdır. Vətən müharibəsi dövründə ölkə başçısının şəxsən xarici KİV-ə verdiyi müsahibələr Azərbaycan həqiqətlərinin beynəlxalq mediada yayılmasının nə dərəcədə zəruri olmasının bariz nüminəsidir. Göründüyü ki, bu fəaliyyət istiqaməti hər zaman priporitetdir.

– Bu istiqamətdə konkret olaraq nə etməliyik?

– Vətən müharibəsi diasporumuzun da qarşısına fəaliyyət istiqamətlərini artırmaq və təkmilləşdimək üçün yeni öhdəliklər qoydu. Artıq xaricdəki soydaşlarımız daha mütəşəkkil şəkildə təbliğat və təşviqatlarını aparmalıdırlar. Hər şeydən öncə, təbliğatın ideoloji hədəfləri təyin edilməlidir. Yəni təbliğat mexanizmi ideologiya əsasında həyata keçirilməlidir.

Bütün bu fəaliyyətlər həm də çatışmazlıq və boşluqların aradan qaldırılmasına xidmət etməlidir. Məsələn, Vətən müharibəsi zamanı biz müşahidə etdik ki, xaricdə azərbaycanlı və azərbaycanpərəst əcnəbi ekspert azlığı var. Xüsusən, dünya mediasında sözümüzü deyən ekspertlər barmaqla sayılacaq qədər idi. Buna görə də xaricdə soydaşlarımızdan ibarət yeni nəsil jurnalist, politoloq, ekspert komandası yetişməlidir. Bu iş uzunmüddətli strategiya əsasında aparılmalıdır. Yəni bu gün görülən iş gələcək üçün hesablanmalıdır. Bu baxımdan, xaricdə böyüyən gənclərimizin də universitetlərdə müvafiq istiqamətlər üzrə ali təhsil almasına, yaşadıqları cəmiyətin ictimai-siyasi həyatda fəal olmasına ciddi diqqət yönəldilməlidir. Belə olduqda, onlar ali məktəbi bitirdikdən sonra potensial jurnalist, politoloq olacaqlar. Gənclərimiz, eyni zamanda beyin mərkəzləri ilə işləmli və ya özləri belə bir mərkəz yaradıb həmrəy şəkildə fəaliyyət göstərə bilərlər. Bunun üçün xaricdə yaşadıqları cəmiyyətə inteqrasiya olunan, amma assimliyasiya olmayan gənclər ordusu yaradılmalıdır. Onlar Azərbaycanın xaricdə siması olaraq yaşadıqları ölkələrin media ulduzlarına çevirilməlidirlər…

– Erməni lobbisinin iş mexanizmləri necədir? Daha çox hansı təşkilat önə çıxır?

– Bu gün erməni diasporu dünyada özü haqqında heç də müsbət imic formalaşdırmayıb. Çünki ermənilər dünyada daha çox təxribatçı, terrorçu və separatçı fəaliyyətləri ilə tanınıb. Eyni zamanda Ermənistan dövləti ilə diasporun əməkdaşlığının strateji baxımdan sivil formada qurulmaması tərəflər arasında böyük uçurum yaradıb. Xüsusən, son Brüssel görüşündən sonra erməni lobbisinin Paşinyan hakimiyyətinə qarşı etirazı daha da artıb. Məhz buna görə də ermənilər geosiyasi və regional problemlərlə qarşılaşıblar. Belə demək mümkünsə, artıq erməni diasporu Ermənistanın əsas dayağı rolunu oynamır. Bunun da səbəbi Paşınyan hakimiyyətinin siyasətidir. Ən əsas səbəb isə Vətən müharibəsində Azərbaycan dövlətinin Ermənistan üzərində şanlı qələbəsi və erməni mifini darmadağın etməsidir. Erməni lobbisini meydana gətirən təşkilatların başında Amerika Erməni Assambleyası (Armenian Assembly of America/AAA) və Amerika Erməni Milli Komitəsi (Armenian National Committe of America/ANCA) durmaqdadır. Bunlardan başqa, Armanian American Action Committee (ARAMAC), Armanian Network of America, Armanian Missionary Association, Armanian Bar Association və Armanian Relief Society də əhəmiyyətli erməni təşkilatlarındadır.

Olduqca yaxşı mütəşəkkil bir quruluş olaraq xarakterizə edilən erməni lobbisinin Amerika Konqresi ilə əlaqələri hər zaman cıx olub. Amerikada məhdud maliyyə imkanlarına və əhalinin sayına baxmayaraq, ermənilər müəyyən seçki dairələrində cəmləşərək və seçki kampaniyalarında şəxsən iştirak edərək bunu kompensasiya etmişlər. Xüsusilə, onların müəyyən seçki dairələrində cəmləşməsi və seçki kampaniyalarında şəxsən iştirak edən işləri erməni diasporunu ABŞ-da nüfuzlu bir ictimaiyyət edir. Türkiyəyə qarşı fəaliyyətlərində onları tez-tez yunan lobbisi də dəstəkləyir.

– Türkiyə diasporu ilə əməkdaşlıq çərçivəsində erməni lobbisinə qarşı necə mübarizə aparılmalıdır?

– Hazırda erməni lobbisi Azərbaycana və Türkiyəyə qarşı da ciddi təbliğat aparır. Eməni lobbisi Azərbaycan və Türkiyəyə, ümumiyyətlə, türk dünyasına qarşı kəskin prioritetlərlə çıxış edir və artıq terror təşkilatı imici yaradır. Bu baxımdan erməni lobbisnin ANCA üzərindən anti-Azərbaycan və anti-Türkiyə prioritetlərini gec və ya tez həyata keçirməsi gözləniləndir. Xüsusən erməni lobbisinin Türkiyənin mübarizə apardığı terror təşkilatları ilə əlbir olması ciddi narahatlıq yaradır. Buna görə də dünyadakı erməni separatçı qurumların fəaliyyəti daimi nəzarətdə olmalı və onların planlarına qarşı bütün türk dünyasının cavab tədbirləri görülməlidir. Buna qarşı önləyici tədbirlərin görülməsi bir millət iki dövlət naminə artıq tarixi zərurətə çevirilib. Məhz bunlara cavab olaraq erməni lobbisinə qarşı türk birliyi ortaya qoyulmalıdır. Bu baxımdan Şuşa Bəyannaməsində Türkiyə diasporu ilə Azərbaycan diasporu arasında sıx əlaqələrin formalaşması məsələsinə dayanaraq fəaliyyət göstərilməlidir. Bütün dünyada Türkiyə diasporu ilə Azərbaycan diasporunun birliyi, ümumiyyətlə, türk xalqlarının diasporlarının həmrəyliyi üçün çalışmaq lazımdır. Erməni terroru ifşa edilməli, türk xalqarının beynəlxalq ictimaiyyətə müxtəlif dillərdə KİV vasitəsilə səsinin çatdırılması işi həyata keçirilməlidir. Biz məhz buna görə türk xalqlarının haqlarının müdafiəsi və bu istiqamətdə planlı önləyici fəaliyyət aparmaq üçün “Türk Xalqları və Topluluklarının Haqlarının Müdafiəsi Mərkəzi”nin yaradılmasını təklif etmişik. Həmsədr formasında idarə olunacaq təşkilata hər türk dövlətindən bir nümayəndənin təyin edilməsi mümkündür.

Fikrimizcə, erməni lobbisinin terrorist, separatist, cinayətkar fəaliyyətlərini dünyaya bəyan etmək lazımdır. Bu baxımdan informasiya müharibəsində böyük əks-səda verə bilən trendlər yaradılmalıdır. Bunun üçün türk xalqlarının əlində kifayət qədər resurslar var. Bu baxımdan təbliğat işi informasiya müharibəsi üzərindən aktiv aparılmalıdır. Erməni lobbisinə, ümumiyyətlə türk xaqlarının düşmənlərinə qarşı informasiya mübaribəsində təkcə müdafiə deyil, hücum taktikalarından da istifadə edilməlidir.

Cavad

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

https://bakivaxti.az/