AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Tarix və Etnologiya İnstitutunda akademik İqrar Əliyevin 100 illiyinə həsr olunuş konfrans keçirilib

AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Akademik İqrar Əliyev – Azərbaycan Atropatenaşünaslığının banisi” adlı konfrans keçirilib.

Öncə tədbiri açan institutun direktoru tarix elmləri doktoru Kərim Şükürov İ.Əliyevdən danışaraq bildirib ki, qədim yunan və latın dillərini mükəmməl bilən alim 14 mart 1924-cü ildə Bakıda anadan olmuşdur. Ali təhsilini 1940–1945-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində almışdır. Universiteti bitirdikdən sonra elə həmin il Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunun əyani aspiranturasına qəbul olunmuşdur. İqrar Əliyev 1 yanvar 1957-ci ildən 17 yanvar 1978-ci ilə qədər Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun Azərbaycanın qədim dövrü tarixi şöbəsinin müdiri vəzifəsində çalışmışdır.

Daha sonra 1978-ci ildən 11 iyun 2004-cü ilədək həmin institutun direktoru vəzifəsini icra etmişdir.  Eyni zamanda İqrar Əliyev pedaqoji fəaliyyətlə məşğul olmuş, 1945–1974-cü illərdə Bakı Dövlət Universitetində dərs demişdir. Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq Midiya tarixini tədqiq etməyə başlamışdır. Onun çoxsaylı əsərlərində Midiya mədəniyyəti geniş işıqlandırılıb, Cənubi Azərbaycan və onunla həmhüdud olan əyalətlərin sakinlərinin etnik tarixi problemi dərindən tədqiq edilib.

Sonra Tarix elmləri doktoru Azərbaycanın e.ə. IV-b.e.VII əsrlərinin ortaları tarixi şöbəsinin müdiri Ramin Ağayev “Cənubi Azərbaycan III – IX əsrlərdə (Suriya mənbələri əsasında)” adlı məruzə ilə edərək qeyd edib ki, Cənubi Azərbycanın Sasanilər imperiyasının tərkibində olduğu dövrlə bağlı məlumatlar (III –VII əsrlər). Bu dövrə aid məlumatlar nisbətən genişdir.

Cənubi Azərbyaycanın Ərəb xilafətinin tərkibində olduğu dövrü əhatə edən məlumatlar (VII – IX əsrlər). Bu dövrə aid məlumatlar daha ətraflıdır. Bütövlükdə, Suriyalı müəlliflərin əsərləri Cənubi Azərbaycanın qədim və erkən orta əsrlər tarixini öyrənmək üçün mühüm əhəmiyyətə malikdir. Həmin mənbələrin dövrün digər sinxron qaynaqları, xüsusilə, ərəbdilli mənbələrlə müqayisəli tədqiqi III–IX əsrlər Azərbaycan tarixinin daha ətraflı şəkildə öyrənilməsinə və yeni faktların ortaya çıxarılmasına imkan verə bilər.

Tarix üzrə fəlsəfə doktoru dosent, Qədim dövr tarixi şöbəsinin müdiri Allahverdi Əlimirzəyev “Karibtu-Kerefto: Atropatenada Heraklın kult mərkəzi” adlı məruzə ilə çıxış edib. Kerefto mağara kompleksi (Takab şəhərinin 20 kilometrliyində) Hellinizm dövrü   mədəniyyətin bariz nümunəsidir. Qayada oyulmuş bu sakral kompleks e.ə. III – b.e. I əsrlərində tanrı Herakla kultun ibadət mətkəzi olmuşdur. Kompleksin otaqlarından birinin divarına həkk olunmuş kiçik həcmli yunandilli mətndə ibadətgaha daxil olanların tanrı Heraklın himayəsi altına alındığı bildirilir.

Kompleksin yerləşdiyi dağlıq bölgənin müasir adı Akkad dilindəki karabtu (“ibadət”, “xeyir-dua”) sözündəndir. “Karibtu” adlı şəhər e.ə. 670-ci illərdə Mada tayfa birliyində Aşşur dövlətinin əyalət sisteminə qarşı baş qaldırmış ümumxalq üsyanından bəhs edən fal sorğularının birində qeydə alınıb.

Tarix üzrə fəlsəfə doktoru  Rauf Məlikov “Atropatena onomastikası”adlı məruzə ilə çıxış edərək qeyd edib ki, Təqribən e.ə. IV əsrin son rübündə formalaşmış, Parfiya və Orta Fars dillərinin uzunmüddətli təsirinə məruz qalmış Mada-Atropatena dilinin özünəməxsus inkişafı eramızın VII əsrinin sonunadək davam etmişdir. Mada-Atropatena dilində yazılı abidələr hələ də aşkarlanmamışdır (Şahin qaladakı arami yazısı istisna olmaqla). Buna baxmayaraq, tədqiqatçılar hesab edirlər ki, bu dil erməni və gürcü dillərinə güclü təsir göstərmişdir. Mada-Atropatena onomastikası əsasən antik müəlliflərin əsərlərində və Atropatenanın qonşularına məxsus arami yazılı kitabələrdə saxlanılmışdır. Mada-Atropatena onomastikasının etimoloji tədqiqinin nəticələri bu dilin, şübhəsiz ki, geniş yayılmış İran dillərindən biri olmasını göstərir. Arxeologiya və Antropoklogiya İnstitutunun Etnoarxeologiya şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d., dos. Anar Ağalarzadə “Atropatenada sarmat-alan izləri (Əminli küp qəbrinin materialları əsasında)” adlı məruzə ilə çıxış edib. Azərbaycanın antik dövr tarixinin öyrənilməsində küp qəbirlərin tədqiqi xüsusi əhəmiyyətə malikdir. Əminli küp qəbrinin dəfn avadanlığı içərisindən də tapılan sarmat mənşəli əşyalar sübut edir ki, bizim eranın I-III əsrlərində sarmat-alan tayfaları Dağıstanın Xəzər sahili ərazilərindən keçməklə Albaniyaya daxil olmuş və oradan yenə də Xəzər sahili ərazilərlə hərəkət edərək Atropatena ərazisinə hərbi yürüş etmişlər. Bu nekropoldan tapılan qəbir materialları içərisində sarmat mənşəli silahlar üstünlük təşkil edir. Əminli küp qəbrindən aşkarlanan arxeoloji materiallar Atropatenanın siyasi və mədəni əlaqələri haqqında müəyyən informasiyalar verir. Qəbiridən əldə olunan materiallar sarmat-alan tayfalarının eramızın I əsrində Atropatenaya etdiyi ilk yürüşlərindən birinin sübutudur.

Qədim dövr tarixi şöbəsinin böyük elmi işçisi Ramin Əlizadə Atropatena dövləti – Azərbaycanın siyasi coğrafiyasının təşəkkülü” adlı məruzə ilə çıxış edib. E.ə. I minilliyin ikinci yarısında Azərbaycanın siyasi coğrafiyasının formalaşmasında yeni mərhələ başlandı. E.ə. IX-VI əsrlərdə Azərbaycanın siyasi coğrafi hüdudlarını müəyyən edən başlıca amil burada yaranmış dövlətlərin sərhədləri olmuşdur. E.ə. VI əsrin ortalarında Qafqaz dağlarının cənub ətəklərindən Mesopotamiyaya və Anadoluyadək uzanan Midiya torpaqları Əhəməni fars sülaləsinin hakimiyyəti altına keçmişdi. E.ə. IV əsrin ikinci yarısında Yaxın Şərqdə hərbi-siyasi dəyişikliklər – Makedoniyalı İsgəndərin fəthləri, daha sonra onun ölümündən sonra diodoxları arasında mübarizə, yerli hakimlərin müstəqillik meyillərinin güclənməsi və digər amillər bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da dövlətçilk ənənəsinin yenidən bərpa olunmasına şərait yaratdı. E.ə. IV əsrin sonuncu rübündə Azərbaycanın siyasi coğrafiyasının təşəkkülü dövrünün tanınmış hərbi-siyasi xadimi olan Atropatın fəaliyyəti ilə bağlıdır. Qeyd edək ki, onun qurduğu dövlət də öz adı ilə Atropatena adlanırdı. Qədim dövr tarixi şöbəsinin kiçik elmi işçisi – Selcan Həşimova Atropatenanın beş şəhərinə dair qeydlər (Aşşur kitabələri və antik mənbələr əsasında) adlı məruzələrlə çıxış edərək qeyd edib ki, Atropatenanın 5 şəhəri (Andarpatian, Fraata, Qazaka, Fraaspa, Vera) Aşşur dövlətinin e.ə. 714-670-ci ilərə aid mixi yazılı mətnlərində xatırlanır. Antarpatian şəhəri Aşşur hökmdarı II Sarqona xərac verən şəhərlərin  siyahısında qeydə alınıb. Fraata “Parda” adı ilə Mannanın Zigirtu vilyətinin inzibati mərkəzi kimi e.ə. 714-cü il yürüşündə dağıdılmışdır. Qazaka “Kanzabakanu” adı ilə II Sarqonun Əsədabad stelasında e.ə. 716-cı il yürüşü ilə əlaqədar xatırlanır. Həmin dövrə aid mətnlərdə Qazaka şəhəri “Aqazi” formasında qeydə alınıb və Zəncanla eyniləşdirilir.

Sonda tarix elmləri doktoru profesorlar İradə Bağırova, Tofiq Mustafazadə, Əsədulla Cəfərov, Nərgiz Quliyeva və sonda Şahbaz Muradov İqrar Əliyevlə bağlı öz xatirələrini bölüşüblər.