Tarix və Etnologiya İnstitutunun əməkdaşı: Çanaqqala döyüşü türk tarixinin şanlı səhifəsi, dünya tarixinin dönüş nöqtəsidir
Türk xalqı dünya tarixində dönüş yaradan bir neçə hadisəyə imza atıb. Türk ordusunun qazandığı şanlı qələbələr dünyanı faciələrdən xilas edib. 1071-ci ildə Malazgird savaşı ilə yeni dünya düzəni yaradan türk xalqı 1915-ci ildə Avropanın ən böyük dövlətlərinin qarşısında Çanaqqala zəfəri ilə ədalətin keşiyində duraraq yenilməzliyini bir daha sübut etdi.
AZƏRTAC xəbər verir ki, bu fikirlər AMEA Tarix və Etnologiya İnstitutunun böyük elmi işçisi Ramin Əlizadənin Çanaqqala döyüşü ilə bağlı qeydlərində yer alıb. Qeydləri təqdim edirik.
1914-cü ilin yayında Birinci Dünya müharibəsi Avropanın bir sıra imperialist dövlətlərinin, eləcə də Fransa, Almaniya, Avstriya-Macarıstan, Böyük Britaniya və çar Rusiyasının öz işğalçılıq planlarını həyata keçirmələri ilə başlandı. Bu zaman işğalçı dövlətlərin başlıca hədəflərindən biri Osmanlı imperiyası idi. Osmanlı dövləti ilə açıq döyüşlər yerli əhalinin ciddi müqaviməti səbəbindən uğursuzluğa düçar olacaqdı. Bir sıra imperialist dövlətlər, əsasən də Fransa, Osmanlı imperiyası ərazisində etnik azlıqları, xüsusən də, üstün hüquqları olan, bir sıra mühüm vəzifələr tutmalarına hər cür şərait yaradılan erməniləri silahlandırırdı. Bu cür işğalçı qüvvələrin məqsədi Osmanlı imperiyasının torpaqlarını bölüşdürmək, onun siyasi varlığına son qoymaq idi. Lakin türk xalqı düşmənin xain əməllərinə alət olan qüvvələrin qarşısını azadlıq mübarizəsi ilə aldı.
1915-ci il martın 18-dən 1916-cı il yanvarın 9-dək Gelibolu yarımadasında Antanta dövlətləri olan Fransa, Böyük Britaniya və Anzak qoşunu adlanan Avstraliya və Yeni Zelandiya birləşmiş ordusu ilə türk ordusu arasında baş vermiş Çanaqqala müharibəsi zəfərlə tamamlandı. Bu döyüş nəticəsində Böyük Britaniyanın dəniz naziri Uinston Çörçillin hazırladığı işğal planı uğursuzluğa düçar oldu. Məhv olmaqda olan Osmanlı imperiyasının yerli əhalisi vətənin azadlığı uğrunda mübarizəyə qalxdı. 259 gün davam etmiş Çanaqqala döyüşündə üç min nəfərə yaxın azərbaycanlı da qardaş Osmanlı türklərinin köməyinə gedərək bu şanlı zəfərin qazanılmasında mühüm rol oynadı. Çanaqqala döyüşü adi bir torpaq parçası üzərində baş vermiş döyüş deyildi. Bu döyüş türkün şərəf və əqidə mücadiləsi apardığı meydan savaşı idi. Türk Qurtuluş Savaşı bu döyüşdən ilham aldı. Türk dünyasının dəyərli oğlu Mustafa Kamal öz sərkərdəlik bacarığını, liderlik xüsusiyyətlərini məhz bu döyüşdə göstərdi.
Çanaqqala döyüşündə ingilis komandanlığının planları alt-üst oldu. Bu döyüş Gelibolunun azad edilməsi ilə nəticələndi. Qərb mətbuatı Çanaqqala döyüşünü XX əsrdə dünya siyasətinin tanınmış simalarından olan U. Çörçillin karyerasında uzun illər dərin iz buraxan hərbi uğursuzluq kimi dəyərləndirməklə yanaşı, “mən sizə hücuma keçməyi deyil, ölməyi əmr edirəm” deyən Mustafa Kamalın zəfəri olaraq qiymətləndirdi. U. Çörçill Çanaqqala döyüşü haqqında xatirələrində yazırdı ki, Çanaqqalanın dirənişi təbiətin ona verdiyi müdafiə xüsusiyyətlərindən başqa yerli əhalinin döyüş əzmi ilə də sıx bağlı idi. O qeyd edirdi ki, sahilyanı qalalarda və sığınacaqlarda türk artilleriya qüvvələri susdurulmasa, ingilis gəmiləri nə boğazlarda qala bilər, nə də üzüb keçə bilər. Çanaqqala döyüşü Anadolunu işğal etmək istəyən və türk xalqının fiziki varlığını təhlükə altına qoyan imperialist qüvvələrin bütün planlarını alt-üst etdi. XX əsr türk hərb tarixində şərəfli yer tutmuş bu zəfər U. Çörçillin məğlubiyyəti, Mustafa Kamalın qələbəsi kimi tarixə düşdü.