“Tesla” tarixi bir inqilabın astanasındadır
Məlumat üçün qeyd edək ki, “Tesla” şirkəti ötən həftələrdə yeni nəsil “Model 3” elektromobilini təqdim edib. Əslində, bəlkə də bu və digər modellər şirkətin son ənənəvi modelləri olacaq. Belə ki, elektrikli avtomobil istehsalçısı inqilabi yenilik üzərində çalışır. “Tesla” şirkətinin qurucusu və icraçı direktoru Elon Mask bir sıra innovativ yenilikləri bir araya gətirərək, elektrikli avtomobillərin istehsal üsulunu tamamilə dəyişdirməklə yanaşı, istehsal xərclərini də yarıya endirmək fikrindədir.
“Tesla” hazırda istehsal xərclərini azaltmaq məqsədilə avtomobillərin ön və arxa konstruksiyalarını formalaşdırmaq üçün 6000-9000 ton sıxma təzyiqi olan preslərdən istifadə edir. Məlumata görə, şirkət öz liderliyini daha da möhkəmləndirmək üçün yeni istehsal edəcəyi avtomobilin alt hissəsini tək parça halında istehsal etməyi və sonra onları bir-birinə birləşdirməyi hədəfləyir.
Şirkət rəsmiləri növbəti 10 il ərzində daha ucuz elektrikli avtomobilin istehsalı ilə yanaşı, daha çox qazanc əldə etməyi planlaşdırır. Yeniliklərdən digəri isə tökmə qəlibləri yaratmaq üçün 3D çap və sənaye qumunun istifadəsidir. Bu isə həm vaxta qənaət, həm də xərclərin azalması baxımından sərfəlidir.