ELM VƏ TƏHSİL

Texnologiya Universitetinin tələbələri üçün təsis edilən təqaüdlər ilk sahiblərinə təqdim olunub

Gəncə, 14 mart, AZƏRTAC

“Azəralüminium” və “ATS Food” tərəfindən Azərbaycan Texnologiya Universitetinin tələbələri üçün təsis edilən təqaüdlər ilk sahiblərinə təqdim olunub.

Elminfo.az xəbər verir ki, Universitetdən AZƏRTAC-IN bölgə müxbirinə verilən məlumata görə, bununla bağlı keçirilən görüşdə rektor əvəzi, dosent Yaşar Ömərov təqaüdə layiq görülən tələbələri təbrik edib. Bildirib ki, bu nailiyyət ikiqat məsuliyyətdir, onlar etimadı doğrultmalı və müvəffəqiyyət göstəricilərini daha da yüksəltməlidirlər.

Görüşdə ən yüksək akademik göstəricilərə malik olan tələbələrə təqaüdü “Azəralüminium” Gəncə istehsalat kompleksinin direktoru Cəmil Səfərov və “ATS Food” MMC-nin Şəmkir filialının direktoru Rasim Səfərov təqdim ediblər.

Təqaüdü qazananlar Avtomatika telekommunikasiya və informatika fakültəsinin “İnformasiya texnologiyaları” ixtisasının III kurs tələbəsi, 99,9 ballıq ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) ilə Zibeydə Adişirinova, “Kompüter mühəndisliyi” ixtisasının IV kurs tələbəsi Ləman Mamedova (ÜOMG 99.36), Qida mühəndisliyi fakültəsinin “Şərabçılıq” ixtisasının IV kurs tələbələri Sürəyya Məhərrəmova (ÜOMG 96.4) və Dürdanə Dadaşovadır (ÜOMG 96).

Onların arasında ən yüksək göstəriciyə malik Zibeydə artıq üçüncü ildir ki, ÜOMG üzrə fakültə birinciliyini qoruyur. Ləman isə ÜOMG göstəriciləri ilə bu semestr daha bir təqaüd – Təhsilin İnkişafı Fondu və “NEQSOL Holdinq”in tələbə qızlar təqaüdünü qazanıb.