ELM VƏ TƏHSİL

Texnologiyaların transferi istiqamətində müzakirələr aparılıb

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda Türkiyənin Bursa Sənaye və Ticarət Palatası və Bursa Uludağ Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Görüşün keçirilməsində əsas məqsəd elmi əməkdaşlıq münasibətlərinin qurulması, birgə layihələrin həyata keçirilməsi məsələlərini müzakirə etmək olub.

İcraçı direktor dosent Rəşid Ələkbərov institutun inkişaf tarixi, həyata keçirilən innovativ layihələr, Big Data, informasiya təhlükəsizliyi, bulud texnologiyaları, rəqəmsal transformasiyalar və s. istiqamətlər üzrə aparılan elmi tədqiqatlar və beynəlxalq elmi əməkdaşlıq münasibətləri haqqında məlumat verib.

Görüşdə Bursa Uludağ Universitetinin Texnologiyaların Transferi Ofisinin (TTO) baş direktoru Rəcəb Eren universitetin Türkiyənin qabaqcıl universitetləri arasında yer aldığını vurğulayıb. O, Texnologiyaların Transferi Ofisinin TÜBİTAK tərəfindən ULUTEK Teknoparkı ilə birgə universitet-sənaye əməkdaşlığı çərçivəsində 2012-ci ildə təsis edildiyini qeyd edib. Bildirib ki, TTO öz siyasətini universitet-sənaye əməkdaşlıq layihələri, tədqiqatçılar tərəfindən həyata keçirilən layihələr, texnologiya transferi, texnologiyanın kommersiyalaşdırılması, patent və müqavilələrin hazırlanması, inkubasiya və texnopark şirkətlərinin tədqiqatlarına maliyyə və hüquqi dəstək göstərilməsi istiqamətində həyata keçirir.

TTO-nun baş direktorunun köməkçisi Nihal Sağlam Bursa Uludağ Universitetində əldə edilən akademik biliklərin sənayeyə transferi istiqamətində görülən işlərdən bəhs edib, ikitərəfli müqavilələr əsasında bu istiqamətdə il ərzində 60-dan çox layihə üzərində çalışdıqlarını diqqətə çatdırıb. O, həmçinin universitetlərdə akademik heyət tərəfindən edilən kəşf və ixtiraların sənayedə tətbiqi ilə bağlı dəstək göstərdiklərini söyləyib.

Daha sonra çıxış edən AZPROMO-nun nümayəndəsi Agentliyin qeyri-neft sektorlarına xarici investisiyaların cəlbi və qeyri-neft məhsullarının ixracının stimullaşdırılması istiqamətində fəaliyyət göstərdiyini bildirib. O, AZPROMO-nun xarici alıcıları Azərbaycan məhsulları barədə məlumatlandırmaq və yerli şirkətlərlə əlaqələndirmək, həmçinin Azərbaycan investisiya mühiti haqqında ətraflı məlumat toplamaq istəyən və investisiya qoyuluşunda maraqlı olan xarici şirkətlərə “vahid pəncərə” prinsipi əsasında xidmət göstərmək və dəstək verməyi hədəflədiyini diqqətə çatdırıb. Nümayəndə Azərbaycanda fəaliyyət göstərən tədqiqat institutlarının texnologiyaların transferi sahəsində xarici investorlarla əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduqlarını ifadə edib, bu istiqamətdə təkliflərini səsləndirib.

Bursa Ticarət və Sənaye Palatasının sədr müavini Murad Yazıcı Azərbaycanda tədqiqat fəaliyyəti ilə məşğul olan qurumlarla tanışlığa böyük əhəmiyyət verdiklərini bildirib, tədqiqatçı və mütəxəssislərə patentlərin əldə edilməsində dəstək göstərdiklərini, universitet və sənaye müəssisələri arasında əlaqələndirici rolunu həyata keçirdiklərini deyib.

İnformasiya Texnologiyaları İnstitutunun müasir dövrün çağırışlarını özündə ehtiva edən, əsaslı elmi tədqiqatların aparılması üçün geniş imkanlara malik olduğunu deyən dosent R.Ələkbərov bu baxımdan institutun Bursa Uludağ Universiteti ilə əməkdaşlıq əlaqələrinin qurulmasının faydalı olacağına inamını ifadə edib.

Görüşdə Bursa Uludağ Universiteti ilə İnformasiya Texnologiyaları İnstitutunun alim və mütəxəssislərinin birgə layihələrin həyata keçirilməsində maraqlı olduqları diqqətə çatdırılıb.