GÜNDƏM

Tramp 2 ölkəni bu işə qoşdu ki, istədiyinə nail olsun: Putini danışıqlara Çin məcbur etdi? – ŞƏRH

Rusiya Prezidenti Vladimir Putin ötən gün keçirilən konfransda bir sıra mühüm açıqlamalarla çıxış edib. O, Rusiya ilə Ukrayna arasında birbaşa danışıqların şərtsiz şəkildə 15 may tarixində İstanbulda keçirilməsini təklif edib.

Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın daha bir görüşün təşkili təşəbbüsünü dəstəkləyəcəyinə ümid etdiyini bildirib.

Ukrayna prezidenti Vladimir Zelenski də öz növbəsində Putinin görüş təklifi ilə razılaşıb və bildirib ki,rusların müharibəni bitirmək barədə düşünməsi yaxşı əlamətdir.

Maraqlıdır görəsən, Putini birdən-birə birbaşa görüş təklifi etməyə nə məcbur etdi? Bu görüşdən sonra proseslər hansı formada dəyişəcək? Turkustan.az olaraq bu suallarımızı politoloq Oqtay Qasımova ünvanladıq.

Rusiya prezidenti Vladimir Putinin İstanbulda danışıqlar təklifində bir çox məqamlar var. Amerika artıq danışıqlarla bağlı Putini ittiham edir. Hesab edirəm ki, Putinin danışıqlar təklifi bu günə qədər söylədiyi fikirlərin qəbul etdirilməsi niyyəti daşıyır. Yəni, o, Ukraynadan kapitulyasiya etməsini istəyə bilər. Hələ ki, Zelenskinin də görüşə gedib-getməyəcəyi bəlli deyil. Baxmayaraq ki, Ukrayna tərəfi bu təkliflə dərhal razılaşıb həm də, qeyd edib ki, 30 günlük atəşkəs elan olunmalıdır. Məlumdur ki, 30 günlük atəşkəs təklifini Amerika irəli sürüb və artıq bu gün Çin də bu təklifi dəstəklədiyini bəyan etdi. Görünən odur ki, Putin də artıq qəbul edir ki, Rusiya yorulub və bu yolda çoxlu itkilər verib, ona görə də danışıqlara getmək istəyir. Onun bu qərarına təsir edən səbəblərdən biri də Çin liderinin Moskvadakı görüşü ola bilər. Çünki, Çin də bu savaşın dayandırılmasında maraqlıdır. Ehtimal olunur ki, Tramp Çin və Türkiyəni bu prosesə cəlb edib. Əgər görüş baş tutarsa, tərəflər atəşkəslə bağlı razılaşma əldə edə bilərlər. Ancaq Rusiyanın Ukraynaya qarşı həddən artıq ağır şərtləri var. Bura işğal altındakı torpaqların güzəştə gedilməsi, Ukraynanın NATO-ya heç bir zaman üzv olmaması məsələsi daxildir ki, bunlar da Ukrayna tərəfindən qəbul olunmayacaq.

Aytən Yaşar/ Turkustan.az









Mənbə: Turkustan.Az