“Trendyol” və “Temu”dan alış-veriş edənlər oxusun – Yenilik ola bilər
Onlayn alış-veriş platformalarının Azərbaycanda sürətlə populyarlaşması yerli geyim mağazalarını ciddi çətinliklərlə üz-üzə qoyur. Bildirilir ki, “Trendyol” və “Temu” kimi platformalarda təqdim olunan ucuz qiymətlər, geniş məhsul çeşidi və rahat sifariş imkanları istehlakçıların fiziki mağazalara marağını xeyli azaldıb. Bu vəziyyət xüsusilə kiçik biznes sahibləri üçün narahatlıq doğurur. Satışların kəskin azalması onların gələcək fəaliyyətini sual altına alır. Bəzi ekspertlər hesab edirlər ki, yaxın gələcəkdə bu cür mağazalar tədricən sıradan çıxacaq və insanlar alış-verişi əsasən onlayn formada həyata keçirəcəklər. Digər tərəfdən, xaricdən sifariş olunan məhsullarla bağlı gömrük rüsumlarının artacağı ilə bağlı iddialar da gündəmdədir.
Yerli geyim mağazaları rəqabətə tab gətirə biləcəkmi?
Globalinfo.az-a danışan iqtisadçı Günay Hüseynova deyib ki, bu, vətəndaşların şəxsi mənfəətindən daha çox dövlətin məsələsidir:
“Hər bir onlayn sifariş ölkədən xarici valyuta axınına səbəb olur və bu, yerli sahibkarlığın və istehsalın tədricən zəifləməsinə gətirib çıxarır. Xaricdən gətirilən məhsulları yerli mağazalar çox zaman yüksək qiymətə təklif etdiyindən, vətəndaşlar daha sərfəli variant olaraq birbaşa onlayn sifarişə üstünlük verirlər. Orta aylıq gəlirlər və gündəlik xərclər nəzərə alınarsa, xarici platformalardan alış-veriş insanların büdcəsinə daha uyğundur. Hazırda dövlət büdcəsi əsasən neft gəlirləri hesabına formalaşdığı üçün mənfi ticarət saldosu yaranmır. Lakin uzunmüddətli perspektivdə bu tendensiya iqtisadiyyata pis təsir edə bilər”.
Günay Hüseynova
İqtisadçı bildirib ki, yerli bazarın zəifləməsi ilk növbədə işsizlik problemini artıracaq:
“Problemin həlli çox sadədir. Xarici istehsalçı şirkətlərlə françayzinq və digər tərəfdaşlıq modelləri əsasında əməkdaşlıqlar qurulmaqla, həmin məhsulların Azərbaycanda istehsalı təmin edilə bilər. Belə olarsa, işsizlik azalar, yerli sahibkarlar qazanar və xaricə satışla valyuta axını ölkəyə yönələr. Əslində kiçik və orta sahibkarların müxtəlif şəxslərin adına məhsul sifariş etməsi statistik göstəriciləri qabardıb. Lakin düşünürəm ki, xaricdən gətirilən mallara yüksək gömrük rüsumu tətbiq olunacaq”.
Mənbə: Turkustan.Az