GÜNDƏM

Türkiyəli professorlar BDU-nun tələbələri üçün təlim keçiblər

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələri və jurnalistlər üçün “Təhsil mediada: Düzgün baxışın formalaşdırılması üsulları” layihəsi çərçivəsində təlimlər keçirilib.

BDU-dan AZƏRTAC-a bildirilib ki, Elm və Təhsil Nazirliyinin dəstəyi, Parlament Jurnalistləri Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə fakültənin Azərbaycan, ingilis, rus dili bölmələrinin tələbələri və müəllim heyəti, təhsil jurnalistləri iştirak ediblər.

Təlimçilər Türkiyənin Anadolu Universitetinin professoru, Sosial Media və Rəqəmsal Təhlükəsizlik Təhsili Araşdırma Mərkəzinin (SODİMER) rəhbəri Levent Eraslan, Niğde Ömer Halisdemir Üniversitetinin professoru Emre Ünal, Azərbaycan Psixologiya Akademiyasının rəhbəri Səbinə Cəbrayılova olublar.

Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu belə təlimlərin tələbələrin peşəkar mütəxəssis kimi yetişməsində önəmini vurğulayıb. AzEdu.az təhsil portalının icraçı direktoru Tünzalə Abbasova qeyd edib ki, təlimin əsas məqsədi tələbələrin və jurnalistlərin media savadlılığının artırılmasıdır.

Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı jurnalistlərin yeni mediaya uyğunlaşmasında müəyyən problemlərin olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, onların psixoloji cəhətdən proseslərə hazır olmaması peşə fəaliyyətlərinə mənfi təsir edir.