ELMİ ANONSLAR

Türkiyə-Azərbaycan Universitetinin Bakıda açılacağı və fəaliyyətə başlayacağı günü Azərbaycan xalqı böyük səbirsizliklə gözləyir.

 Dövlət başçısı İlham Əliyevin yenidən prezident seçildikdən sonra Türkiyəyə ilk rəsmi səfəri zamanı Türkiyə-Azərbaycan Universitetinin yaradılması haqqında sazişin imzalanması sözün əsl mənasında iki qardaş ölkə arasında münasibətlərin yeni bir inkişaf mərhələsinə daxil olduğunu göstərdi. Bu universitetin açılması Azərbaycan-Türkiyə münasibətlərini daha da möhkəmləndirməklə yanaşı, dövlətlərarası münasibətlərimizi inkişaf etdirəcək çox əhəmiyyətli bir hadisədir. Bu sözləri AzərTac-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli deyib. Akademik yeni nəslin formalaşmasında bu universitetin müstəsna əhəmiyyətini vurğulayıb. O bildirib ki, Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” fikri altında Azərbaycan-Türkiyə münasibətlərində böyük nailiyyətlər əldə olunub. Bu nailiyyətləri gələcək nəsillərə çatdırmaq üçün yetkin, vətənpərvər, dövlətlərimizin və xalqlarımızın ortaq dəyərlərini dərindən mənimsəyən yeni gənclər yetişməlidir. Məhz bu baxımdan Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətə başlaması böyük hədəflərə hesablanmış layihədir. İ.Həbibbəyli AMEA-nın Türkiyə-Azərbaycan Universitetinin kadr potensialının formalaşmasına öz töhfəsini verməyə hazır olduğunu vurğulayıb.

12 aprel 2024-cü il tarixində Elm və Təhsil Nazirliyinin Odlar Yurdu Universitetində “Ağıllı ətraf mühit və yaşıl texnologiyalar” adlı beynəlxalq konfrans keçiriləcək.

Konfrans Rəqəmsal İnkişaf və Nəqliyyat Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Şimali Kipr Respublikası Yakın Doğu Universiteti, Azərbaycan Respublikası Milli Aerokosmik Agentliyi, Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutu, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu, Kanadanın Alberta Universiteti, Polşa Elmlər Akademiyası Sistemlər Tədqiqatı İnstitutu, Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutu və AMEA-nın dəstəyi ilə Elm və Təhsil Nazirliyinin Odlar Yurdu Universitetində təşkil olunacaq.

Konfransın elm komitəsində 20 ölkədən 40-dan çox yerli və xarici alimlər yer alır. Konfransın proqram komitəsində iştirak edəcək alimlərin “H” indeksləri 50-150 arasındadır. Konfrans məqalələrinin yüksək reytinqli məlumat bazalarında (Scopus və WoS) indekslənmələri üçün beynəlxalq Springer nəşriyyatı ilə razılıq əldə edilib.

Konfransda mühüm qlobal çağırışların həllinə dair kollektiv öhdəliklərin  vurğulanması nəzərdə tutulur. Tədbir ağıllı ekoloji həllər və qabaqcıl yaşıl texnologiyalar arasında sinerji kəşf etmək üçün unikal platformadır. Müxtəlif ölkələrdən gələcək elm adamları ilə əməkdaşlıq etmək, öyrənmək və bilikləri bölüşmək imkanları əldə ediləcək.

Konfrans zamanı yaranan müzakirələr və ideyalar iqlim dəyişikliyi, resursların tükənməsi və çirklənmə kimi aktual qlobal problemləri həll etmək potensialı ilə çox geniş əhəmiyyət kəsb edir, konfransda paylaşılan bilik və fikirlər daha yaşıl və daha ağıllı gələcəyin formalaşmasında əsas rol oynayacaq.

Tədbirhaqqında ətraflı məlumatı aşağıda qeyd olunmuş linklərdən əldə etmək mümkündür:

https://icsegt2024.com/

https://oyu.edu.az/az/research/