GÜNDƏM

Türkiyəli ekspert: Putinin Bakıya səfirinin yekunları Avrasiya məkanında vəziyyətə təsir edəcək

Moskva Qərbin Rusiya Federasiyasından yan keçən nəqliyyat dəhlizləri yaratmaq planlarını məhv etməyə çalışır. Prezident Vladimir Putinin Azərbaycana dövlət səfəri çərçivəsində bu yaxınlarda Bakıda müzakirə edilən “Şimal-Cənub” dəhlizi ideyası məhz buna yönəlib.

AZƏRTAC xəbər verir ki, bu fikri türkiyəli analitik Mehmet Ali Güller Rusiya Prezidentinin Bakıya səfərinin əhəmiyyətini şərh edərkən bildirib.

Güller ən yüksək səviyyədə Azərbaycan-Rusiya danışıqlarının nəticələrinin təkcə regiondakı şəraitə deyil, həm də Avrasiya məkanındakı vəziyyətə təsir edəcəyinə əminliyini ifadə edib.

Onun sözlərinə görə, bu gün Avrasiya regionunda nəqliyyat və logistika dəhlizlərinin “müharibəsi” gedir: ABŞ-ın siyasətindən fərqli olaraq, müxtəlif güclər, o cümlədən Rusiya və Çin Avrasiyada ticarət yolları ilə bağlı öz konsepsiyalarını hazırlayır.

Güller buna misal olaraq, Pekinin “Bir kəmər, bir yol” layihəsini, Türkiyə-İraq İnkişaf Yolu təşəbbüsünü və “Şimal-Cənub” dəhlizini göstərib.

Türkiyəli ekspert əminliklə qeyd edib: “İlk baxışda, bu ideyalar bəzi hallarda bir-birinə zidd görünə bilər, lakin strateji kontekstdə biri digərini tamamlamaq və son nəticədə bütün iştirakçı ölkələrin inkişafına töhfə vermək potensialına malikdir”.

Analitik hesab edir ki, Avropa və Asiya ölkələri üçün ən sərfəli variant bütün ticarət yollarını Pekinin “Bir kəmər, bir yol” təşəbbüsü ilə birləşdirmək olardı.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara