Türkiyəli Professor Hasan Sacit Keseroğlu Azərbaycan Universitetinin tələbələrinə mühazirə oxudu
Azərbaycan Universitetinin Siyasi və ictimai elmlər kafedrası, Sosial işin təşkili kafedrası və Humanitar və sosial elmlər fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə elmi seminar keçirildi. Seminarda əsas məruzəçi olaraq Türkiyənin Kastamonu Universitetinin kafedra müdiri, fəlsəfə və kitabxanaçılıq sahəsində ixtisaslaşmış professor Hasan Sacit Keseroğlu çıxış etdi.
Professor Hasan Sacit Keseroğlu mühazirəsinin əsas mövzusu olan “Fəlsəfə və Elmi Biliyin Vəhdəti”ni geniş bir perspektivdən izah etdi. Professor fəlsəfə və elmin bir-biri ilə əlaqəsinin vacibliyini, həmçinin bu iki sahənin həm bədii düşüncənin, həm də elmi təhlilin əsas təməllərini necə qoyduğunu izah edib. Mühazirə, müxtəlif fəlsəfi və elmi problemləri dərindən əhatə edən mövzularla zəngin olub. Professor Keseroğlu çıxışında mifalogiya, fəlsəfə və elm mövzularına toxunaraq, bu fenomenlərin birbirləri ilə sıx əlaqədə olduğunu bildirdi.
Professor Hasan Sacit Keseroğlu, mühazirənin sonunda iştirakçıların çoxsaylı suallarını cavablandırdı. O, tələbələrin fəlsəfə və elm mövzularına olan marağını yüksək qiymətləndirərək, onlara gələcəkdə daha dərindən öyrənmək və insanın şüurunun inkişafı ilə bağlı tədqiqatlar aparmaq üçün ilham verdi. Mühazirə, iştirakçılara fəlsəfə və elm arasındakı əlaqəni anlamaq, həmçinin tarix boyunca bu əlaqənin necə inkişaf etdiyini dərk etmək imkanı yaratdı. Mühazirənin sonunda professor Keseroğlu, tələbələrə düşünmə bacarıqlarını daha da inkişaf etdirmək və dünyaya daha geniş bir perspektivlə yanaşmaq üçün fəlsəfi və elmi anlayışları həyatlarına tətbiq etməyə çağırdı.
Tədbirdə Siyasi və ictimai elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru dosent Elvin Talışinski, Sosial işin təşkili kafedrasının müdiri Nigar Şahhüseyinbəyova və kafedranın müəllimi Babək Məhərrəmov çıxış etdilər. Hər iki kafedranın rəhbərləri, türkiyəli professor Hasan Sacit Keseroğluna dərin təşəkkürlərini ifadə edərək, iki ölkə arasında elmi əlaqələrin inkişaf etdirilməsi istiqamətində gələcəkdə də birgə tədbirlərin təşkil olunacağını vurğuladılar. Sonda professor Keseroğluna hədiyyə təqdim edildi və tələbələrlə xatirə şəkli çəkildi.