MÜSAHİBƏ

“Türkmən eli” jurnalının baş redaktoru: “İraqla Azərbaycan arasında ədəbi-mədəni əlaqələr inkişaf edir”

İraq Mədəniyyət Nazirliyinin nəzdindəki Türkmən Mədəniyyət Mərkəzinin rəhbəri “Türkmən eli” jurnalının baş redaktoru doktor Sabah Abdullah Kərküklü AMEA-nın təşkilatçılığı ilə keçirilən, böyük mütəfəkkir Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş “Dahi Azərbaycan şairi Məhəmməd Füzuli müştərək müsəlman mədəniyyətinin yetirməsi kimi” mövzusunda beynəlxalq elmi konfransda iştirak etmək üçün Bakıda səfərdə olub. Sabah Kərküklü Azərbaycan ilə İraq arasında mövcud olan elmi, ədəbi-mədəni əlaqələr və müvafiq sahədə əməkdaşlıq perspektivlərinə dair suallarımızı cavablandırıb.

-Dr. Sabah Kərküklü, Azərbaycana xoş gəlmişsiniz. Sizi həm ölkəmizdə, həm də AMEA-da görməkdən çox şadıq. Əvvəlcə istərdik ki, dahi şairimiz Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransla bağlı təəssüratlarınızı bölüşəsiniz.

– Təşəkkür edirəm, sağ olun. Şübhəsiz ki, Füzuli yalnız Azərbaycanın deyil, həm də bütün türk dünyasının görkəmli nümayəndəsidir.  Belə bir  dahi mütəfəkkirin 530 illiyinə həsr olunmuş tədbirdə çıxış etməyim mənim üçün olduqca qürurvericidir. 

Mən həmin konfransda “Füzuli əl-Bağdadi və tarixçilərin mübahisəsi” mövzusunda məruzəmi təqdim etdim. Məruzədə Məhəmməd Füzulinin həyat və fəaliyyəti, doğum və ölüm tarixi ilə bağlı şübhəli məqamlara dair fikirlərimi bölüşdüm. Həm də dahi şairin milli mənsubiyyəti, məzhəbi, əqidəsi barədə tarixçilərin mübahisəsindən bəhs etdim, onların müxtəlif fikirlərinə münasibət bildirdim.

Ümumiyyətlə, bu barədə mülahizələr müxtəlifdir və bir neçə qrupa bölünür. Birinci qrup Füzulinin Bağdadda doğulduğunu deyir. Düzdür, Füzuli həmin şəhərdə yaşayıb, hətta iki dövlət arasında baş verən savaşa şahid olub və bu, onun şeirlərində də öz əksini tapır. Bir çox təzkirələrdə o, Bağdadi təxəllüsü ilə anılır. Lakin şairin Bağdadda deyil, onun yaxınlığındakı məşhur Kərbəla şəhərində 1494-cü ildə doğulması faktı daha dəqiqdir.

İkinci qrup tarixçilər isə şairin Bağdaddan 120 km cənubda yerləşən Hillədə yaşadığını deyir. Bu, çox zəif ehtimaldır. Çünki, o zamanlar Hillə sadəcə kiçik bir qəsəbə idi.

Onu da bildirim ki, İraqda və Kərkükdə uşaqlar məktəbə getməmişdən əvvəl Füzulinin şeirlərini, qəzəllərini əzbərləyirlər. Məktəblilər böyük şairin yaradıcılığına yaxşı bələddirlər.

Qeyd edim ki, Azərbaycana səfərim çərçivəsində, həmçinin AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda keçirilən “Məhəmməd Füzuli və Türk dünyası” adlı beynəlxalq elmi konfransda məruzə etmişəm.

Bundan başqa, Folklor İnstitutunun təşkilatçılığı ilə “Məhəmməd Füzuli və Şərq folkloru” mövzusunda respublika elmi konfransında “Füzuli və İraq-türkman folkloru” adlı məruzə ilə çıxış etmişəm. Həmçinin Fəlsəfə və Sosiologiya İnstitutunda təşkil olunan “İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” mövzusunda dəyirmi masada iştirak edərək fikirlərimi bölüşmüşəm.

– Türkmən Mədəniyyət Mərkəzinin əsas fəaliyyət istiqamətləri hansılardır? Bu Mərkəz Türk dünyasına hansı töhfələri verib?

– İraq Mədəniyyət Nazirliyinin nəzdindəki Türkmən Mədəniyyət Mərkəzinin əsası 1970-ci ildə qoyulub. Biz Türk dünyasının bir parçası kimi türk dövlətləri ilə bağlı dünyada keçirilən bir çox tədbirlərə qatılırıq. Türkmən Mədəniyyət Mərkəzinin jurnalında mütəmadi olaraq türk dünyasının tarixi, mədəniyyəti, onun böyük şəxsiyyətləri ilə bağlı məqalələr yer alır, kitablar hazırlanır, çoxaspektli tədqiqatlar aparılır.

Xatırladım ki, 2-3 ay öncə rəhbərlik etdiyim Türkmən Mədəniyyət Mərkəzinin “Türkman kültürü” jurnalının görkəmli Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr olunan xüsusi sayı işıq üzü görüb. Jurnalın bu sayında Ədəbiyyat İnstitutunun alimlərindən prof. İmamverdi Həmidov, fil.e.d., dos. Ataəmi Mirzəyev və Ədəbiyyat İnstitutunun mərhum əməkdaşı fil.e.d., dos. Mahirə Quliyevanın Məhəmməd Füzuliyə həsr edilmiş elmi məqalələri ərəb dilində dərc olunub.

“Türkman kültürü” jurnalı 200 səhifədən ibarət olmaqla ildə 4 dəfə nəşr olunur. Həmin dərginin yarısı ərəbcə, yarısı isə türk dilindədir.

Türkmən Mədəniyyət Mərkəzinin əsas fəaliyyəti türkmən dilini qorumaq, bu sahədə tədqiqatlar aparmaq və əldə olunan nəticələri dünya ictimaiyyətinə çatdırmaqdır. Mərkəz ildə təxminən 10-15 kitab çap edir, eyni zamanda 4-5 konfrans keçirir.

– Azərbaycanla İraq arasındakı elmi, ədəbi-mədəni əlaqələrin inkişafı istiqamətində hansı tədbirlərin, layihələrin həyata keçirilməsi nəzərdə tutulur?

– İraq və Azərbaycan arasında tarixi əlaqələr olmasına baxmayaraq, son zamanlar bu istiqamətdə geniş tədbirlərin görülməsinə, elmi-ədəbi əlaqələrin daha da inkişaf etdirilməsinə ehtiyac vardır. Əsas məsələ iki ölkə arasında hələ də viza probleminin olmasıdır. Ümid edirəm ki, tez bir zamanda bu problem aradan qaldırılar. İraqla Azərbaycan arasında həyata keçirilməsi nəzərə tutulan bir çox layihələr var. Azərbaycanda İraq ədəbiyyatının, İraqda isə Azərbaycan ədəbiyyatının təbliği məqsədilə tərcümə əsərlərinin, ayrı-ayrı ədəbi şəxsiyyətlərin həyat və yaradıcılığını əhatə edən monoqrafiyaların, eləcə də qarşılıqlı olaraq elmi məqalələrin nəşri nəzərdə tutulur. Bütün bu layihələrin reallaşması üçün müəyyən zaman və davamlı əməkdaşlığa ehtiyac vardır.

Həmçinin AMEA-nın Şərqşünaslıq İnstitutu ilə Türkmən Mədəniyyət Mərkəzi arasında əlaqələr mövcuddur. Biz Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva ilə bir neçə dəfə görüşüb, müəyyən məsələlər ətrafında müzakirələr aparmışıq.

– “Türkmən eli” populyar elmi jurnalının əsas hədəfləri barədə də məlumat verməyinizi istərdik.

– “Türkmən eli” jurnalı Türkmən cəbhəsinə aid, ayda bir dəfə dərc olunan jurnaldır. İraq türkmanları İraqın müxtəlif regionlarında mövcud olsalar da, onların ən sıx yaşadıqları yer Kərkük bölgəsidir. Coğrafi cəhətdən həm də “Türkmən eli” adlandırılan Kərkük bölgəsi və ətrafı İraq türkmanlarının ana vətəni hesab olunur. Azərbaycanda və türk dünyasında İraq türkmanlarına xüsusi ehtiram və böyük rəğbət vardır. Hər şeydən əvvəl, ona görə ki, İraq türkmanları Türk dünyasının ayrılmaz bir parçasıdır.

Qeyd edim ki, yaxın gələcəkdə Kərkük ədəbiyyatşünaslıq elminin görkəmli nümayəndəsi Əta Tərzibaşının anadan olmasının 100 illiyinə həsr olunan tədbir keçirməyi düşünürük. Tədbirə Azərbaycandan olan alim və mütəxəssisləri də dəvət edəcəyik. İnanırıq ki, bu tədbir iki ölkə arasında ədəbi əlaqələrin daha da inkişaf etməsinə səbəb olacaq, mühüm nəticələrlə yadda qalacaq.

Müsahibəni apardı: Nərgiz QƏHRƏMANOVA, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri