“Uğurun sirri çox çalışmaqdadır” – Maksimum bal toplayan məktəbli
“I sinifdən bəri hər zaman əlaçı olmuşam. Məktəbdaxili və xarici müsabiqələrdə iştirak edib yüksək nəticələr əldə etmişəm. Respublika fənn müsabiqələrində kimya fənni üzrə bürünc medal, X sinifdə isə Respublika fənn olimpiadalarında fizika fənni üzrə gümüş medal qazandım. İndi göstərdiyim nəticə də təsadüf deyil, illərlə göstərdiyi əzmkarlığın və davamlı çalışmanın bəhrəsidir”
Bu sözləri abituriyentlər arasında IV ixtisas qrupu üzrə maksimum nəticə – 400 bal toplayan Anar Babayev muallim.edu.az-a açıqlamasında bildirib.
Bakı şəhəri 129 saylı tam orta məktəbin məzunu olan Anar deyib ki, aşağı siniflərdən etibarən dərslərinə məsuliyyətlə yanaşıb, müəllimlərini diqqətlə dinləyib. Məhz bu yanaşma onun uğurlarının təməlini qoyub. XI sinfin əvvəllərindən isə qəbul imtahanında yüksək bal toplamağı konkret məqsəd kimi seçib: “Bəzən çətin anlar olurdu, amma həmişə belə deyildi. Xüsusilə buraxılış imtahanına yaxın daha çox stres hiss edirdim. Amma qəbul imtahanı mənə daha rahat görünürdü. Ona görə də maksimum nəticə göstərə bildim”.
Anarın ən böyük arzusu həkim olmaqdır. Uşaqlıqdan ailəsinin onu həkim kimi görmək istədiyini deyən Anar bu amilin də onu motivasiya etdiyini bildirir: “Uğur qazanmağın yolu çox çalışmaqdan keçir. Aşağı siniflərdən güclü baza qurmaq vacibdir, amma son illərdə göstərilən əzmkarlıqla da yüksək nəticə əldə etmək mümkündür”.
Ümumilikdə 695.8 bal toplayan Anar Babayev bu yolda ən böyük dəstəkçilərinin ailəsi və müəllimləri olduğunu xüsusi vurğulayır.
Mənbə: BakuPlus.Az