YAZARLAR

Xocalı soyqırımı tariximizdə… – Sübhan Talıblıdan açıqlamalar

Ermənistan və onun havadarları illərcə xalqımıza qarşı etnik təmizləmə və soyqırımı siyasəti həyata keçiriblər. Bu gün həmin o soyqırımlardan birinin Xocalı soyqırımının 32-ci il dönümüdür.

Mia.az xəbər verir ki, bu barədə Quba “Memorial Soyqrımı Kompleksi”nin mütəxəssisi, tarixçi Sübhan Talıblı “İnformator.az”a açıqlama edib.

O deyir ki, Çar Rusiyasının və digər dövlətlərin hərtərəfli dəstəyi ilə tarixi Azərbaycan torpaqlarında xristianlaşma siyasətinə uyğun olaraq məskunlaşdırılan ermənilər ərazilərimizdə zaman-zaman təcavüz, soyğunçuluq, qarət, etnik təmizləmə həyata keçirib, xarici ölkələrin siyasətinə uyğun fəaliyyət göstəriblər.

“1918-ci ildə regional və beynəlxalq güclərin hərtərəfli dəstəyi ilə tarixi Azərbaycan torpaqlarında yaradılan Ermənistan onların hərtərəfli himayəsi ilə 1905-1907, 1918, 1920, 1948-1953, 1988-ci illərdə, eləcə də I Qarabağ müharibəsi dövründə dəfələrlə türk-müsəlman xalqlarına qarşı deportasiya, soyqırımı və etnik təmizləmə siyasəti həyata keçirib.

Azərbaycanın Ermənistanla həmsərhəd Qazax rayonunun Bağanis Ayrım kəndinin, azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin işğalı zamanı həmin yaşayış məntəqələrinin dinc əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirildi.

Xocalı 1991-ci ilin oktyabrından blokada da idi. Oktyabrın 30-da avtomobil əlaqəsi kəsilmiş və yeganə nəqliyyat vasitəsi olaraq vertolyotla əlaqə qalmışdı. Şuşa şəhərinin səmasında mülki vertolyotun vurulması nəticəsində 41 nəfərin faciəli surətdə həlak olmasından sonra bu əlaqə tamamilə kəsildi və yanvarın 2-dən şəhərə elektrik enerjisi də verilmədi.

1992-ci ilin fevralında Azərbaycan kəndlərindən Malıbəyli, Qaradağlı və Ağdaban ermənilər tərəfindən işğal edilərək əhalisi köçürüldü, nəticədə 99 adam həlak oldu, 140 nəfər yaralandı.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri, Rusiyanın 366-cı motoatıcı alayı Xocalı şəhərini işğal edərək azərbaycanlılara qarşı soyqırımı etdi. Qətliam nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə ata, ya anasını itirdi. Faciədə 76-sı uşaq olmaqla 487 nəfər yaralandı, 1275 nəfər isə əsir götürüldü.

Ermənilər Xocalıya üç istiqamətdən hücum etdiklərindən əhali Qarqar çayı istiqamətində meşələrə doğru qaçmağa məcbur oldu. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən burada da xüsusi qəddarlıqla öldürüldü.

Xocalıya hücum edən ermənilər Artsax Milli Azadlıq Ordusu (AMAO) və qondarma Dağlıq Qarabağ respublikasının Ali Soveti Plenumunun qərarı ilə təyin olunan baş komandan və qərargah rəisinə tabe ərazi komandanlıqlarının nəzarətindəki dəstələrdən (bölüklərdən) ibarət idi”.

Sübhan Talıblı Xocalıda igidlik gösdərən qəhrəmanlardan da söhbət açıb.

“Allahverdi Bağırovun Xocalı soyqırımı zamanı şəhid olanların meyitlərinin döyüş meydanından çıxarılması, azərbaycanlı əsirlərin erməni işğalçılarının meyitləri ilə dəyişdirilərək azad edilməsində böyük xidməti olub. O, erməni polkovnik Vitali Balasyan vasitəsilə 3 gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən qurtarıb. Allahverdi erməni əsirləri avtobusla gətirib, sahiblərinə təhvil verib. O, Ağdamın Qarağacı qəbiristanlığında Azərbaycan əsirlərini təhvil alıb. A.Bağırov azərbaycanlı cəsədləri Ağdam məscidində kəfənə tutdurub torpağa tapşırıb. Məhz Allahverdi Bağırovun Vitali Balasanyanla apardığı danışıqlar nəticəsində hərbi operator Seyidağa Mövsümlü və Çingiz Mustafayevin Xocalı hadisələrinin görüntülərini lentə alması mümkün olub”.

Tarixçi alim Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin böyük rolundan danışıb.

“1993-cü ildə   Heydər Əliyevin təşəbbüsü ilə 26 fevral Xocalı soyqırımı günü olaraq qəbul edildi. H.Əliyevin 25 fevral 1997-ci il verdiyi N 498 qərara əsasən, hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan olunur. Heydər Əliyev Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına 2002-ci il 25 fevral tarixli müraciətində deyirdi: “Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur. Digər tərəfdən, faciənin əsl beynəlxalq hüquqi-siyasi qiymət alması, onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının layiqincə cəzalandırılması bütövlükdə insanlığa qarşı törədilmiş belə qəddar aktların gələcəkdə təkrarlanmaması üçün mühüm şərtlərdir”.

2014-cü ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Xocalı soyqırımı haqqında bunları söylədi: “Xocalı faciəsi 200 ilə yaxın bir müddət ərzində erməni şovinistlərinin və onların havadarlarının xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin davamı və qanlı səhifəsi idi. Hazırda Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Azərbaycandan başqa, Xocalını tam səviyyədə qoyqırım olaraq Pakistan və Sudan tanıyıb. 20 noyabr 2012-ci il tarixində Cibutidə keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında Xocalıda törədilmiş cinayətləri soyqırım kimi tanıyan qətnamə qəbul edildi. Həmin il Pakistan Senatı Xarici Əlaqələr Komitəsi tərəfindən Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş soyqırımı qınayan qətnamə qəbul olundu.

Faciəni parlament səviyyəsində qətliam kimi Meksika 2 fevral 2012, Kolumbiya 24 aprel 2012, Çexiya 19 fevral 2013, Bosniya Herseqovina 26 fevral 2013, Panama 7 avqust 2013, Peru 14 iyun 2013, Honduras 17 yanvar 2014, İordaniya 2016, Cibuti 2017, Şotlandiya 22 fevral 2017-ci il tarixlərində tanıdı, eləcə də ABŞ-ın 22 ştatı Xocalı ilə bağlı sənəd qəbul etdi.

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Bakının Xətai rayonundakı “Ana harayı” abidəsinə ümumxalq yürüşü təşkil olundu. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-dən başlayan “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində dövlət qurumları, gənclər təşkilatları və ali təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunan tədbirlər keçirilir. Kampaniya qlobal səviyyədə fəaliyyət göstərmək və öz müraciətlərini çatdırmaq üçün müxtəlif kommunikasiya vasitələri və resurslardan, o cümlədən media, internet və canlı tədbirlərdən fəal şəkildə istifadə edir”.Müsahib ermənilərin bu gün də terror aktlarına davam etdiklərini söyləyib.

“Ermənilər əsrin əvvəllərində olduğu kimi, I Qarabağ və Vətən müharibəsində də mülki əhaliyə qarşı terror siyasətini davam etdirdilər. 2020-ci ildə sentyabrın 27-dən başlayaraq təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi öz təxribatçı əməllərini davam etdirərək, dinc Azərbaycan əhalisinin sıx yaşadığı cəbhəboyu əraziləri, mülki əhalini, sosial obyektləri ağır silahlardan atəşə tutdu, müxtəlif cinayətlər törətməyi davam etdirdilər. Bütün cinayət, terror, soyqırımı, vandalizm, müharibə cinayətləri və s. görə Ermənistan hərbi-siyasi rəhbərliyi tarixi torpaqlarımızda mili-mənəvi dəyərlərimizə, tarixi abidələrimizə, mülki əhaliyə qarşı beynəlxalq səviyyədə təsbit olunmuş “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının, “Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyasının və “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyasının, BMT Baş Assambleyasının 1962-ci il 14 dekabr tarixli, 1803 (XVII) saylı bəyannaməsinin tələblərinə zidd hərəkətlər ediblər.

Bu gün ölkəmizdə və xaricdə fəaliyyət göstərən hər bir azərbaycanlı, müxtəlif sahələrdə araşdırma aparan tədqiqatçılar xarici mətbuatda, elm və təhsil mərkəzlərində Xocalı soyqırımı ilə bağlı çıxışlar etməli, müxtəlif dillərdə məqalələr dərc etdirməlidirlər. Dünyanın aparıcı universitetləri, elmi-tədqiqat və araşdırma mərkəzləri ilə əməkdaşlıq edib, Xocalı soyqırımı, Azərbaycan həqiqətləri barədə birgə kitab və məqalələr yazmalı, haqq səsimizi dünyaya çatdırmaqla fəaliyyətimizi daha da genişləndirməliyik”.