Yaponiyalı mühəndislər eniş etdikdən sonra ay modulu ilə əlaqə qura bilmirlər
Mühəndislər Aya eniş cəhdindən sonra HAKUTO-R adlı yapon modulu ilə, həmçinin “Resilience” adlandırılan modul ilə əlaqə qura bilmirlər.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə istehsalçı şirkət “Ispace” məlumat yayıb.
“Hazırda biz hələ də “Resilience” ilə əlaqə qura bilməmişik, lakin “Ispace” mühəndisləri idarəetmə mərkəzimizdə modul ilə əlaqə qurmaq üçün işləməyə davam edirlər”, – bildirişdə qeyd olunub.
Modulla nə baş verdiyi hələ aydın deyil, lakin görünür ki, Aya eniş cəhdi uğursuz olmuş ola bilər. Canlı yayım zamanı planlaşdırılan eniş vaxtından təxminən bir yarım dəqiqə əvvəl modulun uçuş hündürlüyü kəskin şəkildə sıfıra düşüb.
“Ispace” artıq 2023-cü ilin aprelində öz modulunu Aya göndərməyə cəhd etmişdi. O zaman enişdən əvvəlki son saniyələrdə, modul ilə əlaqə hələ də saxlanılarkən, o kəskin şəkildə sürətlənib və şirkət onunla əlaqənin bərpa olunmayacağını bildirib, buna görə də eniş uğursuz hesab edilib.
Mənbə: Report.Az