GÜNDƏM

Yaxın Şərqdə görünməyən cəbhə: İran daxilində elə oyun başlayıb ki…

İran daxilində İsrail kəşfiyyatının təşkilatlandığı deyilir. Hücumlardan sonra bu mövzuda müzakirələr daha da intensivləşib. Bildirilir ki, Mossad İranda ciddi kəşfiyyat işləri görüb. Generalların və nüvə alimlərinin nöqtə təsbiti ilə öldürülməsi də bununla əlaqələndirilir.

İranın sabiq prezidenti Mahmud Əhmədinejadın son açıqlamasında da buna diqqət çəkilir. Onun sözlərinə görə, İsrailə qarşı yaradılan bölməyə rəhbərlik edən şəxsin Mossad agenti olduğu üzə çıxıb. Məhz İsrailə qarşı qurulan qurumun başında dayanan şəxsin əslində Mossad agenti olması illərlə gizli qalan casusluq şəbəkəsinin miqyasını ortaya qoyur. Hətta “Hizbullah” lideri Həsən Nəsrullahın Tehranda öldürülməsi zamanı da deyilmişdi ki, bu hücum daxildən ötürülən məlumatlar sayəsində mümkün olub.

Bütün bunlar onu deməyə əsas verirmi ki, İsrail təkcə İranda deyil, digər ölkələrdə də güclü agentura şəbəkələri qurub?

Turkustan.az-a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan bildirib ki, İsrailin İranda geniş və təsirli casus şəbəkəsi mövcuddur:

“Bu şəbəkənin təqdim etdiyi məlumatlar əsasında İranın hərbi obyektlərinə və aparıcı fiqurlarına qarşı zərbələr endirilib. Bu, HƏMAS lideri İsmayıl Həniyənin Tehranda öldürülməsi zamanı da öz təsdiqini tapmışdı. Eyni zamanda, Qəzzada HƏMAS-ın hərbi liderlərinin, Livanda “Hizbullah”ın rəhbərləri və generallarının, Dəməşqdə isə İran konsulluğu kimi tanınan ərazilərdə İran generallarının öldürülməsi bu şəbəkənin effektivliyinin göstəricisidir.

Dünyanın bir çox ölkəsində xarici dövlətlərin casus və agentura şəbəkələri fəaliyyət göstərir. Bu da onu deməyə əsas verir ki, İsrailin İran ərazisində casus şəbəkəsi saxlaması qeyri-adi hal deyil. Eyni şəkildə, İsraildə də İranın casus şəbəkələri aşkarlanıb.


Sədrəddin Soltan

İsrailin Türkiyə, Rusiya, Azərbaycan və digər ölkələrdə də agentura şəbəkələri və tərəfdarları ola bilər. Azərbaycanın öz ərazisində İranın “beşinci kolonu”nu ifşa etməsi buna bir nümunədir.

Hədəfə çevrilmiş ölkələr həmin dövlətlərdəki agentura şəbəkələrinə daha çox maliyyə və resurs ayırırlar. İranın rəsmi şəkildə “İsrailə ölüm” şüarı səsləndirməsi onu göstərir ki, Tehran rejimi İsraili məhv etmək niyyətindədir. Belə bir şəraitdə bu iki ölkənin qarşılıqlı şəkildə bir-birinin ərazisində casus şəbəkələri yaratması təbii sayılmalıdır.

İranda casus şəbəkəsinin mövcudluğu təkcə kənardan gələn agenturalarla bağlı deyil, həm də cəmiyyətin Tehran rejiminə münasibətini əks etdirir. Rejimin tez bir zamanda süquta uğramasını istəyən İran vətəndaşları arasında da bu cür şəbəkələrə dəstək verənlər tapılır”.









Mənbə: Turkustan.Az