ELM VƏ TƏHSİL

Yeni nəsil rəqəmsal iqtisadiyyatın formalaşması problemləri tədqiq olunub

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda yeni nəsil rəqəmsal iqtisadiyyatın formalaşması problemləri tədqiq olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə İnformasiya Texnologiyaları İnstitutunda keçirilən elmi seminarda şöbə müdiri, iqtisad elmləri doktoru Əlövsət Əliyev məlumat verib.

Məruzəçi yeni nəsil rəqəmsal iqtisadiyyatın milli və regional səviyyədə formalaşmasının konseptual istiqamətləri, Azərbaycanda hazırlanan yeni nəsil iqtisadiyyat strategiyası və rəqəmsal iqtisadiyyatın inkişafı üçün zəruri hesab edilən istiqamətlərdən bəhs edib, rəqəmsallaşmanın iqtisadi artıma təsiri aspektləri haqqında ətraflı məlumat verib. O, qeyd edib ki, yeni nəsil rəqəmsal iqtisadiyyatın mərkəzində rəqəmsallaşmanın və innovasiyanın geniş yayılması və tətbiqi dayanır. Maşın təlimi, təbii dil emalı və robototexnikanı əhatə edən süni intellekt yeni texnoloji dövrdə iqtisadi inkişafın əsasını təşkil edir.