Yeni tarixi mərhələdə Azərbaycanın xarici siyasətinin prioritetləri
Kamal Adıgözəlov
VI məqalə
Azərbaycanın geosiyasi təhlükələrdən və hibrid təhdidlərdən qorunması
Cənubi Qafqazda cərəyan edən geosiyasi proseslərin hazırkı mərhələsində bir sıra faktorlar üzrə olduqca həssas mənzərə formalaşmaqdadır. Regiona dağıdıcı təsirlər göstərməyə çalışan bir sıra kənar qüvvələr bu istiqamətdə fəallıqlarını artırıblar. Bu, onların ermənilərlə birgə müəyyən addımlar atmasında və müxtəlif səviyyələrdə görüşlərin təşkil edilməsində özünü göstərir. Əsasən ABŞ və Avropa İttifaqı Cənubi Qafqazda geosiyasi sabitliyi pozmağa hesablanmış addımlar atırlar. Avropa İttifaqı, Ermənistan və ABŞ arasında Brüsseldə keçirilən üçtərəfli görüş bu anlamda təhlükəli gedişatdan xəbər verir. Həmin tədbirin antiazərbaycan xarakterli olduğu barədə Prezident İlham Əliyev mövqe bildirib. Belə görünür ki, Cənubi Qafqazda yeni miqyas və intensivliklə geosiyasi təhlükələr yaradır, müxtəlif təbiətli təhdidləri gündəmə gətirirlər. Bütün bunların fonunda regionda Azərbaycanın xarici siyasətində hansı istiqamətin belə təhlükə və təhdidlərə qarşı olduğunun geosiyasi təhlili aktuallıq kəsb edir.
Regional geosiyasət risk qarşısında: yeni cəhdlər
Siyasi liderlərin, analitiklərin və alimlərin yekdil fikrinə görə, indi dünyada heç bir dövləti digərlərindən təcrid olunmuş vəziyyətdə təsəvvür etmək mümkün deyildir. Dövlətin gücündən, qüdrətindən və dövlətçilik ranqından asılı olmayaraq, digərləri ilə qarşılıqlı münasibətdən kənarda mövcud olması imkansızdır. Bu, adətən, qloballaşma dövrünün geosiyasi, iqtisadi, siyasi və mədəni xüsusiyyətləri ilə əlaqələndirilir.
Bu şərtlər daxilində müstəqil dövlətlər üçün başqa faktorlarla yanaşı, təhlükəsizliyin təmini də aktuallaşır. Çünki çoxlu sayda qarşılıqlı münasibətlərin vahid sistemdə cəmləşməsi şəraitində müsbət tendensiyalarla yanaşı, təhlükələr, təhdidlər və risklərin də yeni növləri meydana çıxır. Müasir mərhələdə onların sırasında “geosiyasi təhlükələr” və “hibrid təhdidlər” kimi adlandırılan xüsusi qrup təhdidlər ayrıca yer tutmaqdadır. Bu tendensiyanın yaxın perspektivdə daha da güclənəcəyi ilə bağlı nikbin olmayan proqnozlar mövcuddur. Deməli, özünə hörmət edən istənilən müstəqil dövlət xarici siyasətində həmin məqamları mütləq nəzərə almalıdır.
Bu özəllik yeni tarixi mərhələdə Azərbaycanın xarici siyasətinin prioritetləri sırasında xüsusi yer tutur. Həmin prioritetlər sırasında beşinci istiqamət belə müəyyən edilib: “Azərbaycanın geosiyasi təhlükələrdən və hibrid təhdidlərdən qorunması”.
Əvvəlki, dördüncü istiqamətin məzmunu prizmasından bu istiqamət aktual məna kəsb edir. Çünki, faktiki olaraq, prioritet sayılan bütün istiqamətlərin həyata keçmə dərəcəsi məhz geosiyasi təhlükələr və hibrid təhdidlərin nə dərəcədə neytrallaşdırılacağından birbaşa asılı olacaqdır. Dünyada heç bir dövlət öz daxilində və ətraf aləmdə sabitlik yaratmadan inkişaf edə bilməz. Xarici siyasət də elə bir sahədir ki, bütövlükdə uğurlu siyasətin mövcud olduğu şəraitdə səmərəli ola bilir.
Belə çıxır ki, yeni tarixi mərhələdə mütləq geosiyasi təhlükələr və hibrid təhdidlərin siyasi mahiyyəti və məzmunu aydınlaşmalı və buna görə fəaliyyət göstərilməlidir. Geosiyasi təhlükə nədir?
Müasir mərhələdə geosiyasi təhlükələr: bir sıra özəllikləri
Adətən bu terminə qlobal miqyasda cərəyan edən geosiyasi proseslər fonunda anlam verilir. Belə ki, geosiyasi təhlükə dünyada geosiyasi situasiyanı qeyri-sabit edən hadisələr sistemi kimi dərk edilir. Mümkün fəsadı kimi dünya düzəninin pozulması, yəni, qlobal xaosun meydana gələ bilməsi göstərilir (1). Deməli, geosiyasi təhlükə elə bir fenomendir ki, bütövlükdə dünyanı mövcud nizamlılıq vəziyyətindən çıxarıb, xaosa sürükləyə bilər. Bu o deməkdir ki, “geosiyasi” adlanmasına baxmayaraq, bu təhlükə növü, faktiki olaraq, bir çox sahələrə aid olan təhdid və riskləri özündə birləşdirir. Məsələn, iqtisadi, enerji, sosial-mədəni, ideoloji, hərbi, təhlükəsizlik və s. Ancaq burada əsas şərt ondan ibarətdir ki, hər bir halda təhdidlər və risklər geosiyasi aspektdə təsir edir və ya həmin kontekstdə qiymətləndirilir. Daha konkret səviyyədə bunun mənası geosiyasi təhlükənin dövlətlərarası münasibətləri beynəlxalq hüquq normalarının hüdudlarından kənara çıxara bilən mənfi təsirlərin siyasiləşmiş kompleksi olmasındadır.
Bu fikirlərin fonunda geosiyasi təhlükələrin bizim baxdığımız problem kontekstində başqa əhəmiyyətli özəlliyini müəyyən etmək olar. Məsələ regional miqyasda geosiyasi təhlükələrin mövcud olub-olmaması ilə bağlıdır. Əlbəttə, müasir tarixi mərhələdə bütün regionların açıq və qeyri-xətti sistem halında qlobal sistemi əmələ gətirdiyi tezisini irəli sürmək olar. Əslində, bizim əvvəlki məqalədə müraciət etdiyimiz “yeni regionalizm” nəzəriyyəsi də bunun nəzəri əsasının olduğunu göstərir. Bu halda qlobal geosiyasi təhlükənin regionlara proyeksiyası tamamilə məntiqi və əsaslıdır.
Buradan isə konkret region, məsələn, “Cənubi Qafqaz üçün geosiyasi təhlükələrin nədən ibarət olduğu” sualına cavab axtarışı çox aktualdır. Belə çıxır ki, Realpolitik müstəvisində Cənubi Qafqazda geosiyasi təhlükələri neytrallaşdırma, əslində, qlobal miqyasda təhlükəsizliyə xidmətdir. Həmin mənada Azərbaycanın xarici siyasətdə dövlət üçün təhlükə törədən geosiyasi tendensiyalarla mübarizə aparması regional təhlükəsizliklə qlobal təhlükəsizlik arasında məntiqi və daxili bağlılıq yarada bilən fəaliyyət kimi qiymətləndirilə bilər.
Məsələnin bu cür qoyuluşu Azərbaycanın xarici siyasətin beşinci istiqamətini ilk dörd istiqamətdən sonra və onların fonunda müəyyən etməsindən qaynaqlanır. İlk dörd istiqamətdə Azərbaycanın dövlət olaraq xarici siyasətinin mühüm aspekti regional və qlobal miqyasdakı proseslərlə sıx bağlılıqda götürülür. Həmin istiqamətləri bir daha xatırladaq:
Milli maraqlara və beynəlxalq hüquqa söykənən müstəqil və prinsipial xarici siyasətin davam etdirilməsi; Azərbaycan tərəfindən irəli sürülmüş 5 əsas prinsip əsasında Ermənistanla sülh müqaviləsinin imzalanması; Cənubi Qafqazda davamlı sülhün bərqərar olması və onun dayanıqlı inkişaf bölgəsinə çevrilməsi ilə bağlı səylərin davam etdirilməsi; Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmləndirilməsində, beynəlxalq təhlükəsizlik arxitekturasının formalaşdırılmasında və qlobal problemlərin həllində rolunun artırılması;
Göründüyü kimi, ilk dörd istiqamətdə milli maraqların beynəlxalq hüquqla bağlantısı, BMT-nin əsas prinsiplərinə sədaqətlilik, regional sülhün dayanıqlı inkişafla sıx əlaqəsi, beynəlxalq təhlükəsizlik arxitekturasının formalaşması və qlobal problemlərin həllində Azərbaycanın aktiv iştirakı daxili məntiqi bağlılıqda ifadə edilib. Bütün bunlar sistem halında geosiyasi təhlükələrə qarşı xarici siyasətdə fəal istifadə olunacaq prinsiplərdir.
Nəzərdə tutulan istiqamətin reallaşmasının praktiki mexanizmi üçün vacib olan başqa bir məqamı da vurğulamaq gərəkdir. Beşinci istiqamətdə məsələnin təqdimatı göstərir ki, Azərbaycan “geosiyasi subyekt” anlayışına da konkret məzmun verir. Geosiyasi subyekt beşinci istiqamət kontekstində bir deyil, bir neçə dövlətin birgə fəaliyyətlə regionda geosiyasi məkanı konstruktiv məcrada saxlamağa xidmət etməlidir. Yəni, Azərbaycan özü geosiyasi subyektdir, eyni zamanda, regional təhlükəsizliyin təmini üçün dövlətlər qrupunun birgə fəaliyyətinə üstünlük verəcəkdir. Və bu da həm region dövlətlərinin, həm də müxtəlif regional təşkilatlar çərçivəsində çoxlu sayda dövlətin Cənubi Qafqazda geosiyasi təhlükələrin aradan qaldırılmasına cəlb olunacağı anlamına gəlir. Bu özəllik Azərbaycanın yeni tarixi mərhələdə regional miqyası aşaraq qlobal miqyasda geosiyasi subyekt rolunu oynamağı hədəfə aldığını göstərir.
Bütün bunlara görə də, beşinci istiqamətdə geosiyasi təhlükələrlə yanaşı, hibrid təhdidlərin də vurğulanması təsadüfi deyildir.
Hibrid təhdidlər: yeni təhlükə mənbəyi
“Hibrid” sözü latınca “hibrida”dandır və mənası “qarışıq” deməkdir. Yəni, bu termin özündə müxtəlif təbiətli faktorları ehtiva edir (heterogenlik). Deməli, söhbət təhdiddən gedirsə, “hibrid” müxtəlif təbiətli təhdidlərin birgə yaratdığı təhlükəni və riskləri ifadə edir. Bu təhlükələr “hibrid təhdidlər” deyilən çox təhlükəli savaş növünə aparıb çıxara bilər. Mütəxəssislər vurğulayırlar ki, hibrid müharibələr “təşkilatlanmış zorakılığın genişmiqyaslı tətbiqinə imkan yaradan” yeni müharibə növüdür. Burada adi müharibə, təşkilatlanmış cinayət və terror aktları, informasiya-kommunikasiya texnologiyalarının kütləvi təsiri sintez halında tətbiq edilir (2).
Hibrid təhdidlərin çox təhlükəli cəhəti onun gizli, maskalı olması ilə bağlıdır. Onu elə üsulla cəmiyyətlərə yeridirlər ki, yalnız müəyyən vaxt keçəndən sonra toplumun psixoloji, mədəni, maddi, mənəvi, əxlaqi, ideoloji sferalarında problemlər meydana gəlir. Yəni, onun təsiri öncədən özünü göstərmədiyindən, adi insanlar fərqinə varmır, özləri də bilmədən hibrid təhdidin tələsinə düşürlər. Bu zaman təhdid yaradan tərəf adətən insan haqları, demokratiya, söz azadlığı kimi ibarəli anlayışlardan sui-istifadə edirlər. Və onları beynəlxalq hüququn “çərçivəsi”ndə təqdim etməyə çalışırlar. Bu da dövlətlərə hibrid təhdidlərlə mübarizə aparmaqda əlavə çətinliklər yaradır.
Bir sıra tədqiqatçı və politoloqlar hibrid təhdidin bu xüsusiyyətinə görə, “çağırışların qeyri-hərbi spektri”nə daxil edirlər və onu birbaşa “beynəlxalq, regional və milli təhlükəsizliyə” təhdid sayırlar (3).
Bunların fonunda 2018-ci ildə NATO-nun “hibrid fəaliyyətlər”lə bağlı xüsusi sənəd qəbul etməsi və onunla mübarizə planı üzərində işləməsi təhdidin miqyasını göstərir. Bu proses indi də davam edir – dünyanın böyük geosiyasi gücləri bir-birini “hibrid təsirlər”də, əsasən kibertəhdidlərdə ittiham edirlər.
Hibrid təhdidləri xarakterizə edərkən vurğulanan məqamların fonunda “hibrid qeyri-müəyyənliyi” deyilən bir anlayışa tez-tez müraciət edirlər. Tədqiqatçılar onun beş tərkib hissəsini qeyd edirlər. Bütövlükdə isə “hibrid qeyri-müəyyənliyi” fərqli təbiətə malik faktorların vahid məqsədə istiqamətlənərək kompleks təhlükə yaratmasına aiddir (bax: məs., 4).
Bunlardan məntiqi olaraq belə nəticə hasil olur ki, hibrid təhdidlər geosiyasi təhlükələrin müasir növlərindən biridir. Onun tərkibinin müxtəlif elementlərdən ibarət olması və faktiki olaraq, təsir sərhədlərinin olmaması olduqca qeyri-müəyyən və riskli vəziyyət yaradır. Bütöv bir cəmiyyət onların təsiri altına düşə bilir. Bu isə yekunda cəmiyyətin parçalanmasına səbəb ola bilir. Ən azından cəmiyyətdə radikallaşma, parçalanma və qarşıdurma meylləri artır. Şübhə yoxdur ki, bu gedişatın milli təhlükəsizliyə mənfi təsiri çox böyük ola bilər.
Azərbaycanın mübarizəsi: yeni təhdidlər fonunda
İndi yuxarıda vurğulanan geosiyasi təhlükələr və hibrid təhdidlər kontekstində Azərbaycanın xarici siyasətinin beşinci istiqamətinin məzmun və funksiyalarına nəzər salaq. Təbii ki, burada nəzəri ilə yanaşı konkret praktiki aspekt də ciddi yer tutur. O cümlədən real olaraq Cənubi Qafqazla bağlı hansı geosiyasi, siyasi, diplomatik və hərbi proseslərin getdiyini aydınlaşdırmaq gərəkdir. Bu mövqedən baxanda, vəziyyətin heç də ürəkaçan olmadığını görürük. Xüsusilə son zamanlar kənardan olan mənfi təsirlərin intensivliyi və dərəcəsi yüksəlir. Onlar həm geosiyasi təhlükələr qisminə aiddir, həm də hibrid təhdidlərdir. Faktiki olaraq, bu iki faktorun sintezi müşahidə edilir.
Məsələnin bu tərəfi üzərində geniş dayanaq. Geosiyasi təhlükə kimi ən riskli hal bir sıra böyük güclərin Cənubi Qafqazda geosiyasi parçalanma xətti yaratmaq cəhdində bulunması ilə əlaqəli meydana gəlməkdədir. Konkret desək, həmin qüvvələr ABŞ və Avropanın böyük dövlətləridirlər. Çox təəssüf ki, Aİ və AŞPA da bu prosesdə müəyyən istiqaməti aparırlar. Məsələn, Aİ-nin həmin istiqamətdəki son addımları düşündürücüdür. Biz, Aİ rəsmilərinin Azərbaycanla Ermənistan arasında sülh prosesini təşkil etməyin təşəbbüskarı olmaqla yanaşı, Bakını geosiyasi təcridə məhkum etməyə xidmət edən son Brüssel görüşündə iştirakını nəzərdə tuturuq.
Brüsseldə ABŞ-ın Dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayenin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən üçlü görüş birbaşa Cənubi Qafqazda geosiyasi parçalanmaya xidmət edir. Çünki orada Azərbaycanın iştirakı olmadan xəyali regional təhlükəsizlik və əməkdaşlıqdan, Ermənistana birtərəfli yardımlardan bəhs edilir və ortaq fəaliyyət planları müzakirə edilir. Əgər bu proseslərdə Azərbaycan yoxdursa, bu, regional miqyasda ayırıcı geosiyasi xətt çəkməkdən başqa bir şey deyildir. Həmin qənaəti təsdiq edən konkret faktlar da mövcuddur.
Belə ki, Qərb ölkələri və onlara yardım edən bir sıra başqa dövlətlər Ermənistanı militarlaşdırırlar. Ona yeni silahlar verir, sərhəd boyu hərbi istehkamlar qururlar. Onlar bir tərəfdən Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyasından bəhs edirlər, digər tərəfdən isə özbaşlarına bunu həyata keçirməyə çalışırlar. Həm də həmin məqsədlər üçün təcavüzkarı silahlandırırlar. Bu, açıqca yeni geosiyasi parçalanma xətti, regionda geosiyasi təhlükəni yeni səviyyəyə qaldırmaq planıdır.
Lakin regiona geosiyasi təhlükə gətirənlər bununla kifayətlənmirlər. Onlar daha geniş miqyasda region uğrunda Rusiya və Türkiyə ilə qaydasız savaş aparırlar. Xüsusilə Rusiyanın regiondan sıxışdırılması istiqamətində fəallıq göstərilir. Moskva da cavab olaraq öz mövqeyini möhkəmlətmək üçün birtərəfli addımlar atır. Nəticədə, Cənubi Qafqaz bu iki aqressiv fəaliyyət xətti arasında həm sıxılır, həm də gərginliyə tab gətirməyib parçalanma təhlükəsi ilə üz-üzə qalır.
Türkiyə ilə əlaqədar məsələ daha mürəkkəbdir. Türkiyə üçün geosiyasi təhlükəni iki istiqamətdə reallaşdırmağa çalışırlar. Birincisi, Türkiyə Azərbaycanın strateji müttəfiqi kimi onun təhlükəsizliyinə qarantdır. Şuşa Bəyannaməsi ilə bu məqam hüquqi olaraq təsbit edilib. Deməli, regionda geosiyasi təhlükə yaradanlar üçün Türkiyənin regiondakı rolunu zəiflətmək başlıca hədəflərdən biridir. Burada əsas olaraq Ankara ilə Bakı arasında nifaq yaratmaq məqsədi hiss edilir.
İkincisi, Türkiyə Türk Dövlətləri Təşkilatının təşkilatçısı və ona strateji yön verəndir. Azərbaycanla birlikdə bu istiqamətdə ciddi addımlar atır. Bu da əsrlərdir ki, Cənubi Qafqazda at oynadanların yolunu kəsməkdir. Ön plana Azərbaycan-Türkiyə geosiyasi xəttinin çıxmasıdır. Buna görə də geosiyasi təhlükə mənbələri regionun bu tarixi yeniləşməsini qəbul etmək istəmirlər.
Yuxarıda vurğulanan geosiyasi təhlükələri ortaq məntiqi sahəyə gətirsək, ona nail olmaq üçün əsas olaraq hibrid təhdidlərdən istifadə edildiyinə əmin olarıq. Burada Fransa və ABŞ-ın aparıcılığı ilə adi hərbi-texniki addımlar qeyri-xətti olaraq digər üsullarla – informasiya təxribatları, cinayətkar qrupların gizli fəaliyyəti, kommunikasiyalarda təxribatlar, real vəziyyətin düzgün olmayan təqdimatı, qərəz və böhtanlar, “mülki missiya” adı altında sərhəd zonalarında gərginliklər yaratmaq, süni olaraq insan haqlarından bəhs etmək, Zəngəzur dəhlizi haqqında yalan informasiyalar yaymaq, erməni təşəbbüsünü layiq olmadığı müsbət aspektdə təbliğ etmək, Azərbaycanın strateji tərəfdaşları haqqında qeyri-real informasiyalar yaymaq özünü göstərir.
Hibrid təhdidlərin digər aspekti Azərbaycan cəmiyyətində çaşqınlıq yaratmaqla əlaqəlidir. Bu istiqamətdə cəmiyyətin müxtəlif kəsimlərini qarşı-qarşıya qoymağa, dini və etnik faktorlardan sui-istifadə etməyə, Azərbaycan cəmiyyətini zəif, rəqibi güclü göstərməyə və yalançı vədlər verməyə çalışılır. Həmin işdə Azərbaycan təhlükəsizlik xidməti orqanlarının ayıq-sayıqlığı çox təhdidləri neytrallaşdırır. Terror planlarının qarşısı alınır. Bir sıra ölkələrin xarici kəşfiyyat orqanları ifşa edilir. Və bu proses davam edir.
Bütün bunlar rəsmi Bakının artıq fəal surətdə xarici siyasətin beşinci istiqamətini həyata keçirdiyini göstərir. Azərbaycan yüksək fəallıqla özünü və regionu geosiyasi təhlükələrdən və hibrid təhdidlərdən qoruyur. Prezident İlham Əliyevin açıq şəkildə regionu böyük geosiyasi təhlükələrin və parçalanmaların gözlədiyindən bəhs etməsi konkret faktlardan qaynaqlanır (bax: məs., 5). Deməli, Azərbaycan rəhbərliyi vəziyyəti və onun inkişaf tendensiyasını dəqiq bilir və bu əsasda da regiona təhlükə gətirənləri xəbərdar edir.
Azərbaycan mübarizəsindən zərrə qədər də çəkilməyəcək. Çünki o, regionda yeganə qüvvədir ki, geosiyasi proseslərdə konstruktiv mövqe tutaraq real mübarizə apara bilər. Ermənistan və Gürcüstanın belə imkanları məhduddur. Üstəlik, rəsmi İrəvan destruktiv qüvvələrə qoşulub, regionu sabitlikdən çıxarmaqla məşğuldur. Bu o deməkdir ki, Azərbaycanın üzərinə tarixi məsuliyyət düşür. Xarici siyasətin beşinci prioritet istiqaməti bu aspektdə strateji əhəmiyyət daşıyır. Həmin istiqamət bütövlükdə regional təhlükəsizliyin təminatçısı kimi təsəvvür edilə bilər!
Mənbələr
Современные вызовы и угрозы международной безопасности // Сетевичок.рф, 2024.07.04 / https://setevichok-rf.ru/ sovremennye-vyzovy-i-ugrozy-mezhdunarodnoj-bezopasnosti/#:~:text=Геополитические угрозыэто20те,могутпривестимировомухаосу Островская, И. Гибридные угрозы глобальной безопасности // “Государственное управление и государственная служба”. Астана, 2021, № 1(76), с. 69 Бартош, А.А. Гибридные угрозы и особенности войны нового типа // “Независимая газета”, 2018.10.08 / https://nvo.ng.ru/realty/2018-08-10/1_1008_hybrid.html Алиев, Д.Ф. Риски в гибридной войне или принцип пяти “НЕ” // Политконсультант. 2021, том 1, № 4, с.1-11 Brüssel görüşü Cənubi Qafqazda gərginliyi yenidən artıracaq. Aprelin 3-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib// “Xalq qəzeti”, № 69 (30473), 4 aprel 2024-cü il; Qərb Cənubi Qafqazda prosesləri çox təhlükəli məcraya yönəldir. Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin millət vəkili Mövlud Çavuşoğlunu qəbul edib // “Xalq qəzeti”, № 71 (30475), 6 aprel 2024-cü il.