“Yüksəliş” müsabiqəsi qiymətləndirici ekspertlərin qeydiyyatını aparır
“Yüksəliş” müsabiqəsi qiymətləndirici ekspertlərin qeydiyyatına start verir.
Müsabiqənin İşçi Qrupundan AZƏRTAC-a bildirilib ki, aşağıda qeyd olunan şərtlərə cavab verən şəxslər aprelin 21-dək qeydiyyatdan keçə bilərlər.
İş təcrübəsi: Minimum 3 il
Fəaliyyət sahələri: İnsan resursları, psixologiya, kouçinq, idarəetmə və s.;
Yumşaq bacarıqlar: Xüsusilə diqqətlilik, informasiyanın təhlili və qərarların verilməsi.
Namizədlərin seçimi bir neçə mərhələdən ibarət olacaq və hazırkı qeydiyyat yarımfinal mərhələsi üçün aparılır. Uğurlu namizədlərin iştirakı ilə xüsusi təlim və keys simulyasiyaları keçiriləcək.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında olan, intellektual səviyyəsi yüksək və azı iki il idarəçilik təcrübəsi olan perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.
“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat məbləğində pul mükafatı gözləyir.
Növbəti – dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2023-cü il dekabrın 25-də Sərəncam imzalanıb.