Zərifə Əliyeva adına İrpen Humanitar Xarici Dillər Liseyinin əməkdaşları Naxçıvana səfərə gəliblər
Ukraynada yerləşən akademik Zərifə Əliyeva adına İrpen Humanitar Xarici Dillər Liseyinin direktoru Valentina Antonenko, liseyin bir qrup şagirdi və Bakıda yerləşən akademik Zərifə Əliyeva adına Liseyin direktor müavini Aynur Hüseynova Naxçıvan Muxtar Respublikasına səfər ediblər.
“Report”un yerli bürosu xəbər verir ki, səfər çərçivəsində qonaqlar Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Sonra isə Heydər Əliyev muzeyində dahi şəxsiyyətin həyat və siyasi fəaliyyətini əks etdirən eksponantlarla tanışlıq olub.
Qonaqlar səfər çərçivəsində həmçinin Kəngərli rayonu Şahtaxtı kəndində akademik Zərifə Əliyeva adına tam orta məktəbdə də olublar. Məktəbdə alimin həyat və fəaliyyətini əks etdirən Xatirə Muzeyini ziyarət edəndən sonra siniflərlə tanış olub, tədris prosesini izləyiblər.
Məktəbin müəllim kollektivi ilə görüşdə V.Antonenko bildirib ki, rəhbərlik etdiyi məktəb 20 ilə yaxındır ki, akademik Zərifə Əliyevanın adını daşıyır. Liseydə alimin büstü qoyulub, həyat və fəaliyyətindən bəhs edən muzey yaradılıb. Hazırda liseyin yerləşdiyi küçə də Zərifə xanımın adını daşıyır.
Vurğulanıb ki, məktəbdə 2 500 şagird təhsil alır. Bir neçə ildir ki, liseydə Azərbaycan dilində də dərs keçirilməsinə başlanılıb.
V.Antonenko qeyd edib ki, İrpendə fəaliyyət göstərən lisey ölkələrimiz və xalqlarımız arasındakı dostluğun göstəricilərindəndir. Hərbi əməliyyat zamanı zərər çəkmiş bu təhsil müəssisəsi Azərbaycan Prezidentinin tapşırığı ilə SOCAR Enerjy Ukrain tərəfindən qısa zamanda bərpa olunub. İrpenli qonaq buna görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Qonaq Bakı şəhəri akademik Zərifə Əliyeva adına Liseylə də sıx əməkdaşlığın olduğunu diqqətə çatdırıb.
Görüşün sonunda Ukraynanın İrpen şəhərində yerləşən Zərifə Əliyeva adına Humanitar Xarici Dillər Liseydən bəhs edən videoçarx nümayiş etdirilib.
Qeyd edək ki, qonaqlar Heydər Əliyev adına Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi və Naxçıvan Dövlət Universitetinin nəzdində ingilis dili təmayüllü gimnaziya ilə də tanış olublar.










Mənbə: Report.Az