GÜNDƏM

Zülfüqarov Sobhanini İFŞA ETDİ – “Qaçaqmalçılıqdan fayda götürənlərin…” – SENSASİON DETALLAR

İranın bir sıra rəsmiləri hələ də Azərbaycana qarşı qərəzli fikirlər səsləndirməkdə davam edir. Bu xüsusda İranın Ermənistandakı səfiri Mehdi Sobhani daha çox canfəşanlıq edir.

O, Zəngəzur dəhlizi ətrafında yaranmış gərginliyi şərh edərək bildirib ki, bölgədə heç bir məsələ zor gücü ilə həll olunmamalıdır və İran bu cür yanaşmaları qətiyyətlə rədd edir.

İranlı diplomat Azərbaycanın və Türkiyənin Zəngəzur (Sünik) bölgəsindən keçən dəhliz ideyasını “təhlükəli və regionu qeyri-sabitliyə sürükləyən” təşəbbüs kimi qiymətləndirib:

“Nə Zəngəzur var, nə də belə bir dəhliz olacaq. Heç bir layihə zorla həyata keçirilə bilməz”.

İranlı diplomatın bu açıqlaması isə Bakı-Tehran münasibətlərindəki inkişaf fonunda xüsusilə diqqət çəkir. Belə ki, İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfərindən sonra iki ölkənin münasibətləri yüksələn xətlə inkişaf edir. Üstəlik, bu həftə Azərbaycan və İran hərbçilərinin Qarabağda birgə təlimləri baş tutub. Bundan əlavə, uzun müddətdən sonra İran nəhayət ki, səfirliyimizə hücum edən terrorçunu da edam edərək Azərbaycanın haqlı tələbini yerinə yetirib.

Bəs, Bakı-Tehran münasibətlərinin normallaşması fonunda İran rəsmisindən gələn bu cür açıqlamalar nəyə hesablanıb?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirir ki, İranın Ermənistandakı səfiri ənənəvi olaraq bu ölkənin qaçaqmalçılıqdan “fayda” götürən qüvvələrinin təmsilçisidir:

“Onların qaçaqmalçılıq yolu ilə əldə etdikləri müxtəlif növ mallar da məhz Ermənistan vasitəsilə ötürülür. Bu səbəbdən həmin dairələrin Zəngəzur mövzusuna münasibəti ənənəvi olaraq qalır. Ona görə də Ermənistandakı İran səfirinin bəyanatlarına çox da fikir vermək lazım deyil. Ola bilsin, Mehdi Sobhaninin Ermənistana təyin olunması da məhz bu mövzu ilə bağlıdır”.









Mənbə: Turkustan.Az